16:27
462
“Fransada tələbələrin sosial tələblərlə keçirdiyi etiraz aksiyaları polis müdaxiləsinin sərtliyi və aksiyaların siyasi müstəviyə keçməsi ilə diqqət çəkir. Baş verənlər ölkədə insan hüquqlarının qorunması və hakimiyyətin demokratik dəyərlərə münasibəti ilə bağlı müzakirələri yenidən gündəmə gətirib”.
Bunu politoloq Zeynal Əmrəliyev Xalqcəbhəsi.az-a açıqlamasında söyləyib.
Onun sözlərinə görə, Fransada bu cür etiraz aksiyaları tez-tez baş versə də, əsas diqqət çəkən məqam polisin nümayişçilərə sərt müdaxiləsidir:
“Fransada etiraz aksiyalarının əsas səbəbi tələbə hüquqları ilə bağlıdır. Tələbələr təhsil haqqının və xərclərinin azaldılmasını tələb edirdilər. Ümumilikdə, Fransada bu cür aksiyalar tez-tez olur. Əsas məsələ burada Fransa polisinin aksiyalara çox sərt müdaxilə etməsidir. Makron görünür ki, aksiyaları var gücü ilə dağıtmaq istəyir.
Burada əsasən sosial tələblər irəli sürülür ki, bu da 2027-ci ildə keçiriləcək növbəti prezident seçkilərində solçuların mövqeyinin güclənməsinə gətirib çıxara bilər. Artıq solçuların əsas lideri hesab olunan Jean-Luc Mélenchon aksiyalara dəstək verdiyini bəyan edib. Ümumilikdə, solçu təbəqədən gələn çıxışları gördükdə anlayırıq ki, aksiyaların siyasiləşməsi məsələsi gündəmdədir”.
Politoloq qeyd edib ki, polisin kobud müdaxiləsi və sərt tədbirləri Fransada vəziyyətin heç də ürəkaçan olmadığını göstərir: “Bu hadisələr Fransanın beynəlxalq müstəvidə formalaşdırmağa çalışdığı insan hüquqları müdafiəçisi imici ilə bağlı suallar yaradır. Bu, əlbəttə ki, polisin kobud müdaxiləsi, sərt tədbirlər görməsi ümumilikdə Fransada vəziyyətin heç də ürəkaçan olmadığını konkret şəkildə göstərir. Bu onu göstərir ki, özünü dünyada insan hüquqlarının müdafiəçisi elan etmiş dövlət heç də bu dəyərlərə riayət etmir. Yəni sözü ilə əməli arasında çox böyük fərq var. Bu da istər-istəməz Fransanın imicinə mənfi təsir göstərəcək hadisədir”.
Z.Əmrəliyev hesab edir ki, Fransada baş verən etiraz dalğası qarşıdakı prezident seçkiləri ərəfəsində siyasi qüvvələrin mövqelərinə təsir göstərə bilər: “Aksiyalar solçu qüvvələrin siyasi fəallığının və ictimai dəstəyinin artmasına zəmin yaradır. Fransadakı baş verən bu etiraz dalğası düşünürəm ki, növbəti prezident seçkilərinin də taleyinə təsir göstərə bilər. Artıq bu proses solçuların mövqeyinin kəskin şəkildə güclənməsinə gətirib çıxarıb”.
Günel Elxan