
Rusiya Prezidenti Vladimir Putinin Ukrayna müharibəsinin həlli yollarını müzakirə etmək məqsədilə ABŞ Prezidenti Donald Tramp və Çin Sədri Si Cinpinlə üçtərəfli sammitin keçirilməsi təklifini irəli sürdüyü bildirilir.
Mövzu ilə bağlı xalqcebhesi.az-a fikirlərini bölüşən politoloq Yusif Bağırzadə bildirib ki, Putinin təklifinin mühüm siyasi tərəfi ondan ibarətdir ki, Ukrayna müharibəsinin həlli məsələsi təkcə Moskva ilə Kiyev arasındakı münasibətlər çərçivəsindən çıxarılaraq dünyanın üç böyük gücünün dialoqu səviyyəsinə qaldırılır: “Kreml artıq mümkün görüşlə bağlı müzakirələrin aparıldığını təsdiqləyib, lakin sammitin gündəliyi və keçirilməsi barədə yekun qərar yoxdur. ABŞ tərəfi də Trampın iştirakına hələ razılıq verməyib. Moskva üçün belə görüş müharibənin dayandırılması ilə bağlı öz şərtlərini beynəlxalq səviyyədə müzakirəyə çıxarmaq, Vaşinqtonla dialoqu genişləndirmək və Çinin siyasi təsirindən istifadə etmək imkanı yarada bilər. Tramp üçün isə bu format müharibənin həllinə dair diplomatik təşəbbüs nümayiş etdirmək və ABŞ-nin böyük güclər arasında vasitəçilik rolunu gücləndirmək vasitəsi ola bilər. Çin rəhbərliyi baxımından görüş Pekinin qlobal böhranların həllində iştirakını artırmaq və beynəlxalq diplomatiyada nüfuzunu möhkəmləndirmək fürsətidir. Lakin sammitin real nəticə verməsi üçün ən böyük maneə Ukraynanın özünün danışıqlarda iştirak etməməsi ehtimalıdır. Müharibənin taleyinə dair qərarların Kiyevin iştirakı olmadan müzakirə edilməsi həm Ukrayna rəhbərliyinin, həm də Avropa dövlətlərinin narahatlığını haqlı olaraq artırır”.
Y.Bağırzadənin sözlərinə görə, digər əsas problem tərəflərin müharibənin yekun şərtlərinə dair mövqelərinin fərqli olmasıdır: “Ərazi məsələləri, Ukraynanın gələcək təhlükəsizlik təminatları, Rusiyaya qarşı sanksiyalar və atəşkəs rejiminə nəzarət mexanizmləri razılaşdırılmadan keçirilən yüksək səviyyəli görüş daha çox siyasi mesaj xarakteri daşıya bilər. Onu da nəzərə almaq lazımdır ki, Çin Rusiya ilə mühüm iqtisadi tərəfdaş olsa da, Pekinin Moskvanın bütün tələblərini dəstəkləyəcəyinə də zəmanət yoxdur. Çin üçün Avropa ilə iqtisadi əlaqələrin qorunması və münaqişənin qlobal ticarətə mənfi təsirlərinin azaldılması da əhəmiyyətlidir. Bununla yanaşı, belə bir görüşün əhəmiyyətini kiçiltmək də düzgün olmaz. Əgər liderlər ümumi siyasi çərçivə üzrə razılığa gəlsələr, bu, sonrakı mərhələdə Ukrayna, Rusiya və Avropa nümayəndələrinin iştirakı ilə daha geniş danışıqlara yol aça bilər”.
“İndiki halda isə Putin–Tramp–Si Cinpin sammitindən dərhal və hərtərəfli sülh sazişi gözləmək üçün hələ heç bir əsas yoxdur. Görüş baş tutarsa, onun ilkin nəticəsi tərəflərin mövqelərini yaxınlaşdırmaq və danışıqlar üçün siyasi zəmin yaratmaq ola bilər. Müharibənin həqiqi həlli isə Ukraynanın birbaşa iştirakı, təhlükəsizlik təminatları və tərəflərin konkret öhdəlikləri ilə mümkün olacaq. Buna görə də sammitin uğuru onun keçirilməsindən çox, əldə ediləcək razılaşmaların müharibənin dayandırılmasına nə dərəcədə xidmət edəcəyi ilə ölçülməlidir” – deyə politoloq əlavə edib.
Röya İsrafilova