
Azərbaycan Respublikası Milli Məclisinin deputatı, Türk Dövlətləri Təşkilatına (TDT) üzv ölkələrin QHT Platformasının Baş katibi Azər Allahverənov Türkiyədən olan mütəxəssis, Leadership Force Academy-nin direktoru Nurettin Ağdaşanı qəbul edib.
Xalqcebhesi.az xəbər verir ki, görüş zamanı Azər Allahverənov TDT-yə üzv ölkələrin QHT Platformasının təsis olunmasında iştirak edən ictimai təsisatların süni intellekt sahəsində həyata keçirdikləri fəaliyyətlər barədə qısa məlumat verib və Azərbaycan QHT-lərinin bu istiqamətdə irəli sürdükləri təşəbbüslərə toxunub.
Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın sədrliyi ilə fəaliyyət göstərən Rəqəmsal İnkişaf Şurasının fəaliyyətinə xüsusilə toxunan Azər Allahverənov bu qurumun rəqəmsal inkişafın təşviqi və müasir texnologiyaların tətbiqi sahəsində həyata keçirilən işlərin əhəmiyyəti barədə danışıb.
Leadership Force Academy-nin direktoru Nurettin Ağdaşan qəbul üçün təşəkkürünü bildirib və süni intellekt texnologiyalarının inkişafı ilə bağlı geniş fikir mübadiləsi aparıb. O, hazırda dünyada süni intellekt və super-intellekt sahələrinə böyük həcmdə investisiyaların yatırıldığını diqqətə çatdırıb. Bildirib ki, rəhbər şəxslər süni intellektin imkanlarından maksimum dərəcədə yararlanmalı, bu texnologiyaların müxtəlif fəaliyyət sahələrində tətbiqinə xüsusi diqqət yetirməlidirlər.
Müzakirələr zamanı süni intellektin gələcəkdə cəmiyyətə, idarəetməyə və insan həyatına mümkün təsirləri, eləcə də bu sahədə yaranan imkanlar və risklər ətrafında fikir mübadiləsi aparılıb. Nurettin Ağdaşan süni intellektin sürətli inkişafının bir sıra suallar doğurduğunu, texnologiyanın gələcəkdə hansı dəyişikliklərə səbəb olacağının və ondan istifadəyə hansı yanaşmaların tətbiq edilməli olduğunun mühüm məsələlərdən biri olduğunu vurğulayıb.
Görüşdə dövlətlərin bir tərəfdən süni intellektin inkişafına və geniş tətbiqinə xüsusi əhəmiyyət verməsi, digər tərəfdən isə bu texnologiyaların yarada biləcəyi təhlükələrin nəzərə alınmasının vacibliyi qeyd olunub. Görüşdə həm də süni intellekt sahəsində fəaliyyətə hansı istiqamətlərdən başlanılmalı, mövcud imkanlardan necə səmərəli istifadə edilməli və mümkün risklərin qarşısını almaq üçün hansı təhlükəsizlik mexanizmləri yaradılmalıdır kimi məsələlər müzakirə edilib.
Tərəflər, həmçinin süni intellekt sahəsində beynəlxalq təcrübənin öyrənilməsi, vətəndaş cəmiyyəti institutlarının mövcud imkanlardan yararlanma yollarına və təhsil sahəsində müasir texnologiyaların tətbiqi perspektivlərinə toxunublar.
Cavid