“Şanxay bəyannaməsi”nin əhəmiyyəti Siyasət

“Şanxay bəyannaməsi”nin əhəmiyyəti

Elşən Həsənov: "Belə qərarlar Rusiya kimi güc nümayiş etdirən dövlət üçün yetərli deyil"
Tofiq Abbasov: "Separatçılığı dəstəkləyən tək Rusiya yox, həm də Qərbdir"

Şanxayda keçirilən Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin dördüncü Zirvə Toplantısında Bəyannamə qəbul edilib. Bəyannamədə Azərbaycan üçün önəmli müddəalar əksini tapıb. Bəyannamənin 1.3-cü bəndində deyilir: "Biz təsdiq edirik ki, heç bir dövlət digər dövlətlərin təhlükəsizliyini pozmaqla öz təhlükəsizliyini gücləndirməyəcək. BMT Nizamnaməsinə əsasən BMT Təhlükəsizlik Şurasının əsas öhdəliyinin beynəlxalq sülhün və təhlükəsizliyin qorunması olduğunu nəzərə alaraq vurğulayırıq ki, sülhün və sabitliyin qorunması üçün heç bir dövlətin, dövlətlər qrupunun və ya təşkilatın müstəsna məsuliyyəti ola bilməz". Sənədin 1.4-cü bəndində bildirilir: "BMT Nizamnaməsinə və beynəlxalq hüquqa əsasən biz bir daha bir-birimizin suverenliyinə, müstəqilliyinə, ərazi bütövlüyünə və beynəlxalq səviyyədə tanınmış sərhədlərin toxunulmazlığına hörmət etdiyimizi, BMT-nin Nizamnaməsində əks olunmuş prinsip və məqsədlərlə ziddiyyət təşkil edən, beynəlxalq münasibətlərdə istənilən dövlətin ərazi bütövlüyünə və ya siyasi müstəqilliyinə qarşı təhdid, yaxud güc tətbiq etməyəcəyimizi; münaqişələri sülh yolu ilə həll etməyi; dövlətlərin daxili işlərinə müdaxilə etməməyi; legitim hökumətlərin devrilməsini hədəf alan hərəkətləri dəstəkləməməyi; BMT Nizamnaməsinə və beynəlxalq hüquqa əsasən insanların bərabər hüquqlarına və öz müqəddəratını təyin etməsinə hörmət etməyi; irqi, cinsi, dil və dini zəmində hər hansı ayrı-seçkiliyə yol vermədən insan hüquqlarına və əsas azadlıqlarına hörmət etməyi; iqtisadi, sosial, mədəni və humanitar xarakter daşıyan beynəlxalq problemlərin həllində beynəlxalq səviyyədə əməkdaşlıq etməyi təsdiq edirik. Biz, həmçinin beynəlxalq münasibətlərdə ikitərəfli standartların tətbiqindən imtina edirik". Bəyannamənin 2.4-cü bəndində deyilir: "Biz separatizmin və zorakı ekstremizmin dövlətin suverenliyinə, birliyinə, ərazi bütövlüyünə, təhlükəsizliyinə və sabitliyinə təhlükə olduğunu vurğulayırıq. Biz digər üzv dövlətin ərazisində istənilən separatçı hərəkatları və qurumları dəstəkləməyəcəyik. Biz, həmçinin qətiyyətlə bildiririk ki, ərazilərimiz hər hansı separatçı hərəkatlar və qurumlar tərəfindən istifadə olunmayacaq. Biz separatçılarla istənilən növ münasibət və ünsiyyət yaratmayacağıq".
Bəyannamədə yer alan bu fikirlər separatizmə dəstək verən Rusiya üçün nə qədər təsiredici gücə malikdir?
Azərbaycan Sosialist Partiyasının sədri Elşən Həsənov bildirdi ki, Şanxay zirvə toplantısının yekun bəyannaməsinə Qarabağla bağlı müddəaların salınması özü-özlüyündə müsbət hal kimi qiymətləndirilə bilər: "Təkrara yol vermədən onu deyə bilərəm ki, müddəada ərazi toxunulmazlığı və beynəlxalq hüquq və normalardan çıxarışlar da öz əksini tapıb. Rusiyanın və digər ölkələrin məsələyə münasibəti gəlincə isə təəssüf hissi ilə qeyd etmək istərdim ki, bu sənədin qəbulu ilə köklü surətdə nəyinsə dəyişəcəyinə inanmağım gəlmir. Bu vaxta qədər BMT-dən bu yana digər qurumların da qəbul etdiyi sənədlər nə vaxt reaalaşıb ki? Sadəcə bu məsələnin həllinin zamana ehtiyacı var. Biz ortaya güc qoymasaq, heç bir sənəd, müzakirə və daha nə bilim nələr məsələnin həllinə yardımçı olmayacaq. Nə vaxta qədər ki, məsələyə münasibətdə ikili standartlara yer verilir, işğalçı birbaşa olaraq göstərilmir, maraqlar toqquşur, deməli hələ ki, ciddi bir şey gözləməyinə dəyməz. Rusiyanın separatizmi dəstəkləməsinə gəlincə isə onu deyə bilərəm ki, Rusiyanın istədikləri o qədər aydındır ki, bunu məncə şərh etməyinə dəyməz. Bu ölkənin şüarı - Gücün varsa, ağıl lazım deyil - reallığı üzərində qurulub. Təbii ki, bu nöqteyi nəzərdən yanaşanda hər hansı bir qurum və ya təşkilatlar tərəfindən qəbul edilmiş qərarlar Rusiya kimi güc nümayiş etdirən dövlət üçün yetərli deyil".
Hakim Yeni Azərbaycan Partiyası Şanxay Bəyannaməsilə bağlı mövqeyini açıqlayıb. YAP İcra katibinin müavini, Milli Məclisin deputatı Mübariz Qurbanlı deyib ki, Şanxayda keçirilən Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin dördüncü Zirvə Toplantısında qəbul edilmiş Bəyannamədə Azərbaycanın maraqlarına tam cavab verən, önəmli müddəaların əksini tapması Azərbaycanın növbəti diplomatik uğurudur.
O bildirib ki, Bəyannamədə dövlətlərin ərazi bütövlüyünün toxunulmazlığı vurğulanır və ölkələrin suverenliyinə, müstəqilliyinə, ərazi bütövlüyünə və beynəlxalq səviyyədə tanınmış sərhədlərin toxunulmazlığına hörmət olunduğu təsdiqlənir: "Eyni zamanda, Bəyannamədə separatizmin və zorakı ekstremizmin dövlətlərin suverenliyinə, birliyinə, ərazi bütövlüyünə və təhlükəsizliyinə ciddi təhdid olduğu vurğulanır. Həmin sənədin 3.5-ci bəndi isə bilavasitə Ermənistan-Azərbaycan münaqişəsi ilə əlaqədardır. Bildirilir ki, Ermənistan və Azərbaycan arasındakı münaqişənin həll olunmaması, beynəlxalq və regional təhlükəsizliyə təhlükə mənbəyi olmaqda davam etməsi narahatlıq doğurur. Sammit iştirakçıları bu münaqişənin beynəlxalq hüququn prinsip və normaları və bu çərçivədə qəbul olunmuş qərar və sənədlər əsasında sülh yolu ilə həll olunmasını dəstəklədiklərini bildiriblər".
Bu gün Azərbaycanın Cənubi Qafqaz bölgəsinin ən aparıcı ölkəsi olduğunu deyən M.Qurbanlının sözlərinə görə, əldə edilən nailiyyətlər müəyyən olunmuş strateji xəttin uğurla həyata keçirilməsinin nəticəsidir: "Azərbaycanın xarici siyasətinin hədəflərinin mahiyyətində ölkəmizin maraqlarını təmin etmək dayanır. Xarici siyasətimizin başlıca istiqamətlərindən biri də Ermənistanın Azərbaycana qarşı təcavüzünün daha geniş miqyasda ifşasına, işğalçı dövlət kimi Ermənistanın əleyhinə beynəlxalq təşkilatlarda daha çox sənədlərin qəbul edilməsinə nail olmaqdır. Bu gün Azərbaycanın xarici siyasəti coğrafi baxımdan daha geniş əraziləri əhatə etməkdədir. Bu mənada dövlətimizin Asiya ölkələri ilə fəal əməkdaşlığı müsbət nəticələr verir. Bütün bunlar diplomatik cəbhədə üstün mövqe qazanmaq baxımından əhəmiyyətlidir".
Siyasi şərhçi Tofiq Abbasov isə dedi ki, Şanxay toplantısında prezident İlham Əliyevin çıxışı konkret xarakter daşıyıb beynəlxalq gözləntilərin məcrasına uyğun idi: "Səsləndirdiyi imperativlərlə Azərbaycan lideri auditoriyanı inandıra bildi ki, təmsil etdiyi ölkə mövcud şəraitdə konstruktiv yanaşma ortaya qoymaqla beynəlxalq mühitin sağlam olması üçün tutarlı işlər görür. Qısa kontekstlə Qarabağ probleminin mahiyyətini iştirakçılara çatdıran prezident İlham Əliyev həm də vacib mesaj verdi ki, Azərbaycan özünün problemi çərçivəsində beynəlxalq birliyin etinasız münasibəti ilə barışmayacaq. Onun fikirləri daha çox dünyanın sağlam qüvvələrinə ünvanlanmışdı. Bu da ondan xəbər verir ki, rəsmi Bakı prosesləri diqqətlə izləyərək nə etmək istədiyini də özünəməxsus formada birlik nümayəndələrinə çatdırır... Yekun bəyannamədə əks olunmuş ideya və yanaşmalar, demək olar Azərbaycanın məramlarına uyğundur. Yəni, təhlükəsizlik problemlərinin həllində, yeni və daha etibarlı situasiyanın formalaşmasında Azərbaycan yaxından iştirak edəcək və özünün də problemlərinin həlli üçün zəmin yaradacaq. İlham Əliyev öz çıxışında nahaq qeyd etmədi ki, "Azərbaycan həm də Asiya dövlətlərinin enerji təhlükəsizliyinin təminatında yaxından iştirak edir". Bu o deməkdir ki, Azərbaycanın dünya çapında rolu artıq ölkə ciddi qəbul olunur və onun istək və sorğuları da müvafiq tərzdə qəbul edilir... O ki qaldı ikili standartlar, rəsmi Bakı bunlarla bağlı öz münasibətini daim və hər yerdə açıqlayır. Bu kontekstdə yanlışlığa varıb qəti demək olmaz ki, separatçılığı dəstəkləyən tək Rusiyadır. Bu təhlükəli cərəyanı qidalandıran həm də Qərbdir ki, onun erməni separatçıların ödədiyi dəstək artıq şübhə doğurmur. Odur ki, Azərbaycan bir mühüm dövlət olmaqla artıq yerləşdiyi bölgədə yeni nizamın yaradılması üçün kifayət qədər imkanlıdır və istər Rusiya, istər Amerika və ya Fransa bunu qulaq ardına vura bilməzlər... Prezident İlham Əliyevin Şanxay toplantısında iştirakı son dərəcə vacib olmaqla yanaşı həm də göstərdi ki, rəsmi Bakı qlobal konyunkturanın vacib subyektinə çevrilib və ən yaxın zamanda ölkə qarşısına qoyduğu bütün mühüm problemlərin həlli ilə bağlı təminatlı vəziyyət yarada biləcək...".
Politoloq Elman Nəsirli bəzi siyasi şərhçilərin Azərbaycanın Şanxay Sammitinə qatılmasını Ukrayna məsələsindəki mövqeyinə görə, Rusiyanın könlünü almağa hesablanmış addım kimi qiymətləndirmələrinə münasibətini bildirərkən "Azərbaycan dövlətinin Rusiyanın könlünü alması üçün elə bir ehtiyacı yoxdur. Çünki Azərbaycan çoxvektorlu, balanslı siyasət həyata keçirir və kiminsə maraqlarını deyil, öz milli maraqlarını reallaşdırır", -deyə bildirib. Politoloqun fikrincə, bu kimi yanlış fikirləri irəli sürənlər bilməlidirlər ki, Azərbaycan yürütdüyü uğurlu xarici siyasəti nəticəsində bütün ölkələrlə normal əməkdaşlıq edir: "Məsələyə bu kontekstdə yanaşdıqda unutmaq olmaz ki, Azərbaycanın Ukrayna ilə yüksək əməkdaşlığı olduğu kimi, Rusiya ilə də analoji əməkdaşlığı mövcuddur. Ona görə də ölkəmizin Şanxay Sammitindəki iştirakı zamanı atdığı addımlarını heç bir başqa mənalarla əsaslandırmağa ehtiyac yoxdur. Burada söhbət ondan gedir ki, Azərbnaycan reallıqlar çərçivəsində öz maraqlarını müdafiə edir və indiki məqamda belə bir addımın atılması, bəyannamədə Azərbaycanın da iştirakı məntiqi nəticədir, eləcə də burada heç bir fərqli mövqe yoxdur". Elman Nəsirli ölkəmizin Qoşulmama Hərəkatına üzv olduğunu da xatırladaraq bildirib ki, Azərbaycan hər zaman öz loyallığını saxlayıb, bundan sonra da saxlayacaq: "Biz onu da bilirik ki, Azərbaycan 2011-ci ildən Qoşulmama Hərəkatının üzvüdür və bizim ölkə ərazimizdə heç bir digər ölkələrin hərbi bazası yoxdur. Ona görə də digər dövlətlərlə əlahiddə, müstəsna əlaqələr qurulur. Azərbaycan hərərəfli şəkildə digər dövlətlərə əməkdaşlıq etməyə hazır olan ölkə kimi öz loyallığını qoruyub-saxlayır. Bu baxımdan, Şanxay Bəyannaməsində də bu faktor öz əksini kifayət qədər tapıb. Məhz bunun nəticəsidir ki, ölkəmiz bu dəfə də proseslərdə öz qəti mövqeyini ortaya qoyub".

Əli