Anti-milli Şuranın bir ili Siyasət

Anti-milli Şuranın bir ili

Qüdrət Həsənquliyev: "Putinin səfərindən sonra Milli Şura sabun köpüyü kimi partladı, ölkənin siyasi səhnəsindən demək olar ki, getdi"
Fazil Mustafa: "Tələsik yaradılmış bir qurumun heç bir effekti olmadı"

Milli Şuranın yaradılmasından bir il ötür. Rusiyanın layihəsi olan bu amorf qurum Azərbaycan ictimai-siyasi həyatına ciddi təsir göstərə bilməsə də, təmsil etdiyi düşərgəyə əlavə problemlər gətirməkdən başqa heç nəyə yaramadı.
Bəs Azərbaycan siyasətçiləri Milli Şuranın fəaliyyətini necə qiymətləndirir?
BAXCP sədri, Milli Məclisin deputatı Qüdrət Həsənquliyev APA-ya deyib ki, Milli Şura yarandığı gündən anti-milli mahiyyət daşıyırdı: "Çünki bu, Rüstəm İbrahimbəyovun ideyası ətrafında yaranmış bir qurum idi və qurumdakıların da böyük əksəriyyəti ora toplaşmışdılar ki, Rusiya Rüstəm İbrahimbəyova dəstək verəcək. Onlar düşünürdülər ki, Rusiya Rüstəm İbrahimbəyovu hakimiyyətə gətirəcək və onlar da Rusiyanın əli ilə Azərbaycanda hakimiyyətə yiyələnəcəklər. Əslində bu, Rusiyanın Milli Şurası idi və ona görə də o, Rüstəm İbrahimbəyovla birlikdə iflasa uğradı. Bütün məsələlər açıqlandı və Vladimir Putinin Azərbaycana səfərindən sonra Milli Şura necə hay-küylə yaranmışdısa, o cür də sabun köpüyü kimi partladı, ölkənin siyasi səhnəsindən demək olar ki, getdi. Rusiya tərəfindən istifadə olunub atılandan sonra qurumda toplaşanlar özlərini yenidən Qərbyönümlü göstərməyə başladılar, amma bu da heç bir effekt vermədi. Ona görə ki, artıq Qərbdəkilər də gördülər ki, bu adamlar hakimiyyət naminə İranla, Rusiya ilə, hətta şeytanla da əməkdaşlığa hazırdırlar. Bu baxımdan, məncə, Milli Şura kənardan Azərbaycanın içinə atılmış bir bakteriya kimi artıq ölüb".
Böyük Quruluş Partiyasının başqanı, millət vəkili Fazil Mustafa açıqlamasında bildirib ki, hazırkı Milli Şura AXC dövründəki Milli Şuraya bir parodiyadır və bunu heç cür müsbət qiymətləndirmək olmaz: "Ona görə də mən Milli Şuranı Azərbaycanın ictimai-siyasi həyatında faydalı hadisə kimi qiymətləndirmirəm. Tələsik yaradılmış bir qurumun heç bir effekti olmadı və əslində Milli Şura cəmiyyətin müxalifətlə bağlı ümidlərini də puça çıxartdı. Yəni demokratik qüvvələr birləşmək imkanına sahib deyillər, birləşəndə də effektli siyasi kurs götürə bilmirlər. Bu baxımdan, məncə, Milli Şura Azərbaycanın yaxın tarixində müsbət bir təzahür kimi qalmayacaq".
YAP icra katibinin müavini, Milli Məclisin deputatı Mübariz Qurbanlı isə Milli Şuranı hay-küylə yaradanların istədiklərinə nail ola bilmədiyini bildirib. Onun sözlərinə görə, Milli Şura Azərbaycanın ictimai-siyasi həyatında faktiki mövcud olmayan, kağız üzərində fəaliyyət göstərən perspektivsiz bir qurum kimi qalmaqdadır: "Müxalifəti bir çətir altında toplamaq onlara müyəssər olmadı. Eyni zamanda Milli Şura deyilən qurum prezident seçkilərində öz namizədini irəli sürdü və məğlubiyyətə düçar oldu. Bu qurumu yaradıcıları çox böyük pafoslu nitqlər söyləyirdilər, ancaq həyat göstərdi ki, onların iddiaları heç də fəaliyyətləri ilə üst-üstə düşmədi. Bizim əvvəlki proqnozlarımız da özünü doğrultdu. Çünki bu qurumun ətrafında birləşənlər əslində bir neçə partiyanın funksionerləridir və onlar da sonradan burdan ayrılırlar. Bir daha qeyd etmək istəyirəm ki, Azərbaycanda müxalifətin radikal qanadının perspektivi yoxdur və ola da bilməz. Çünki cəmiyyət radikalizmi inkar edir".
Politoloq Zəfər Quliyev Milli Şuranın bir illik fəaliyyətini iki mərhələdə təhlil edib. O qeyd edib ki, qurumun prezident seçkilərinə qədərki fəaliyyəti bəzi nöqsan və ziddiyyətlərə baxmayaraq, uğurlu olsa da, seçkilərdən sonra, yəni ikinci mərhələ müsbət qiymətləndirilə bilməz: "Ona görə ki, bu mərhələdə Milli Şuranın daxilində böhranlı bir vəziyyət yarandı. Qurumun yaranmasında fəal iştirak edən bir sıra partiya və tanınmış şəxslər Milli Şuranı tərk etməyə məcbur oldular. İndiki Milli Şura ilə bir il əvvəlki Milli Şuranı müqayisə etdikdə, görürük ki, burada yerlə-göy arasında bir fərq var. Ümumi olaraq bu formatın yaranmasını müsbət qiymətləndirsəm də, indiki Milli Şura ümidlərə və gözləntilərə cavab vermir".
Müsavat Partiyası başqanının müavini Gülağa Aslanlı bildirib ki, Milli Şura seçkiyə hesablanmış bir qurum kimi seçki ərəfəsində bir sıra nailiyyətlər qazanıb: "Bu baxımdan qurumun seçki ərəfəsindəki fəaliyyətini uğurlu hesab etmək olar. Lakin seçkidən sonrakı dövrü şərh edə bilməyəcəyəm. Çünki Milli Şura məhz seçkiyə hesablanmış bir qurum idi və seçkidən sonra artıq biz orda təmsil olunmuruq".
ADP sədri Sərdar Cəlaloğlu isə qurumu müxalifətin intriqa mərkəzi kimi qiymətləndirib: "Milli Şuranı, sadəcə, bir neçə şəxsin bir araya gələrək, müəyyən bir intriqa ilə məşğul olması kimi dəyərləndirirəm. Çünki Milli Şuranın siyasi səhnəyə gəlməsi, ölkənin siyasi həyatında iştirak etməsi Azərbaycan müxalifətindən illərlə davam edən intriqaları bir az da qabartdı və parçalanmalara gətirib çıxartdı. Buna görə də mən Milli Şuranın yaranmasını irəliyə doğru bir addım kimi yox, geriyə doğru atılmış bir addım kimi qiymətləndirirəm. Milli Şuranın müxalifətə vurduğu ən böyük zərbə həm də ondan ibarət idi ki, qurumun yaranmasına qədər əgər müxalifət birmənalı şəkildə Qərbyönümlü idisə, qurumun yaranmasından sonra onun bu mövqeyinə müəyyən kölgə düşdü. Yəni "lazım olsa, Rusiyanın da dəstəyi ilə hakimiyyətə gəlmək olar" kimi bir məntiqə yol verildi. Bununla Milli Şura Azərbaycan müxalifətinə çox ciddi siyasi zərbə vurdu".
VHP Ali Məclisinin sədri, Milli Şuranın üzvü Rafiq Manaflı qeyd edib ki, qurumdakı istefalara, seçkilərdən sonrakı vəziyyətə baxmayaraq, Milli Şuranın bir illik fəaliyyətini uğurlu hesab etmək olar: "Eyni zamanda prezident seçkilərində qələbə əldə olunmasa da, qurum çox ciddi zərbələr alsa da, bu gün Milli Şura əvvəlki gücünü bərpa etməyə çalışır. İctimai-siyasi həyatda öz yerini kifayət qədər tuta bilib. Bu baxımdan mən Milli Şuranı normal fəaliyyət göstərən siyasi qurum kimi qiymətləndirirəm".
Milli Şuranın fəxri sədri Rüstəm İbrahimbəyov və sədri Cəmil Həsənli isə bu barədə danışmaqdan imtina ediblər. C.Həsənli qeyd edib ki, Milli Şuranın bir illik fəaliyyəti barədə qurum bəyanatla çıxış edəcək.