“ABŞ-ın fikrincə, Rusiya dünyada qeyri-stabilliyin mərkəzidir” Siyasət

“ABŞ-ın fikrincə, Rusiya dünyada qeyri-stabilliyin mərkəzidir”

"Sanksiyalar Rusiya ilə ABŞ arasındakı münasibətlərin getdikcə gərginləşməkdə davam etdiyini göstərir. ABŞ-ın fikrincə, Rusiya dünyada qeyri-stabilliyin mərkəzidir və imperialist təfəkkür tərzinin və hərəkətlərin daşıyıcısı kimi dünyada bəlli bir düzənin formalaşmasına mənfi təsir göstərir". Bunu politoloq Qabil Hüseynli bildirib. Onun sözlərinə görə, yeni sanksiyaların qorxulu tərəfi həmin şirkətlərdən hərbi məhsullar alan ölkələrin də sanksiyaların təsir altına düşməsi ilə bağlıdır:"Nəzərə alaq ki, Azərbaycan Rusiyadan ən çox silah alan ölkələrdən biridir. İndiyə kimi Azərbaycan Rusiyadan 5 milyard dollarlıq silah alıb və onların 10 faizə qədərinin göndərilməsi hələ başa çatmayıb. Bundan əlavə, Rusiyadan yeni silahların da alınması gündəmdədir. Amma bu "mütləq alınacaq" demək deyil. Yəni Rusiyadan silah alınması ilə bağlı Azərbaycan dövlətinin qarşısında öhdəlik yoxdur. Çünki Azərbaycan son vaxtlar daha müasir silahlar almaq üçün İsraillə, Pakistanla, hətta bəzi Avropa ölkələri ilə (Serbiya, Belarus) əlaqələrini genişləndirir. Nəzərə alaq ki, Rusiya silahlarının qiyməti çox bahadır və Rusiya həmin silahların istehsalının Azərbaycanda təşkil edilməsinə qətiyyən maraq göstərmir, amma Belarus, Serbiya, Pakistan, Türkiyə isə Azərbaycana silah satmaqla yanaşı, həmin silahların istehsalının Azərbaycanda da həyata keçirilməsinə razılıq verib. Bu sahədə əvvəlcə Türkiyə və Belarusiya ilə əlaqələr sürətlə inkişaf edir. Türkiyə Azərbaycanda hərbi sənaye kompleksini formalaşdırmaqda yaxından iştirak edir. Gələcəkdə Azərbaycan zirehli texnika sahəsində istehsalı tamamilə öz əlinə almaq istəyir. Təsadüfi deyil ki, Azərbaycanda artıq Cənubi Afrika ölkəsinin də köməyi ilə zirehli transportyorların istehsalı həyata keçirilir. Belə olan təqdirdə düşünürəm ki, Azərbaycanın Rusiyadan silah almasına ehtiyac da qalmayacaq".
Politoloq qeyd edib ki, ABŞ-ın Rusiyaya qarşı elan edəcəyi sanksiyaların Rusiya ilə silah ticarəti edən ölkələrə də şamil olması müşahidə olunarsa, Azərbaycan əlbəttə ki, Rusiyadan silah almağa son qoyacaq:"Onsuz da Azərbaycan lazım olan silahları artıq Rusiyadan alıb. Bundan sonra silah sahəsində Rusiya ilə əməkdaşlığı o qədər də faydalı saymaq olmaz. Çünki Azərbaycan özünə yeni partnyorlar tapıb. Həmin partnyorlarla Azərbaycan həm silah ticarəti etmək, həm də silah istehsalını Azərbaycanda təşkil etmək iqtidarındadır. Bu nöqteyi-nəzərdən deyə bilərik ki, dünya silah bazarı çox böyükdür və Azərbaycan bu silah bazarına tədricən daxil olmaqdadır. Məsələn, yaxın vaxtlarda Avropa Birliyi ilə tərəfdaşlıq sazişini imzalayacağıq. Avropa Birliyi də artıq Azərbaycana silah sata biləcəyi ilə bağlı işarələr də verib. Azərbaycanın silah almaq, bu sahədə manevr etmək imkanları çox genişdir və bu siyahıda Rusiya heç də birinci yerdə dayanmır. Azərbaycan özü üçün ən əlverişli olan variant hazırlayıb həyata keçirəcək".