“Rusiyanın Dağlıq Qarabağda nümayiş etdirdiyi qərəz göz qabağındadır” Siyasət

“Rusiyanın Dağlıq Qarabağda nümayiş etdirdiyi qərəz göz qabağındadır”

"Ərdoğan Rusiya ilə münasibətlərdə illuziyaya qapılır". Bunu politoloq Qabil Hüseynli Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın Soçidə rusiyalı həmkarı Vladimir Putinin Dağlıq Qarabağ münaqişəsindəki rolu barədə verdiyi açıqlamanı şərh edərkən deyib.
Xatırladaq ki, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Vladimir Putinin bu məsələdə çox ümidli olmadığını diqqətə çatdırıb. Ərdoğan deyib ki, Rusiya prezidenti məsələyə müsbət baxsa da, ümidsiz görünür.
"Cənab Putin ilə Dağlıq Qarabağ məsələsini müzakirə etdik. Rusiyanın Ermənistan üzərində də çəkisi var. 7 rayondan 5-i ilə bağlı daha əvvəl çıxan qərar (BMT-nin erməni işğalına son qoyulması ilə bağlı qərarı) var. Bu qərarlara əməl edilməsinin vacibliyi üzərində dayandıq. Putin məsələyə müsbət baxır, amma görürəm ki, çox ümidli deyil. Tərəflərin mövqeyi səbəbindən onun ümidsiz olduğunu gördüm", – deyə Türkiyə prezidenti bildirib.
Qabil Hüseynli hesab edir ki, Rusiyanın Dağlıq Qarabağda nümayiş etdirdiyi qərəz göz qabağındadır. Onun qənaətinə görə, Moskva bu münaqişənin həllində yumşaq mövqe göstərir və bu məsələni Ermənistanın xeyrinə həll etmək istəyir.
"Rusiya prezidenti öz neoimperialist siyasətini gizlətmir. Açıq şəkildə bildirir. Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın məyusluğu da bununla izah olunur. O bilməlidir ki, Rusiya kimi dünyaya meydan oxuyan ölkə ilə çox ehtiyatlı olmaq lazımdır. Rusiya hər bir imrerialist dövlət kimi təzyiq etməyi xoşlayır. Ərdoğan da düşünür ki, bir neçə məsələdə Putinlə razılaşıbsa, deməli, bütün beynəlxalq və regional məsələlərdə razılığa gəlmək mümkündür". - deyə politoloq bildirib.
Qabil Hüseynli əlavə edib ki, Türkiyənin özünün heç Rusiya ilə münasibətlərinin gələcəyini görmür. Onun fikrincə, Türkiyə-Rusiya münasibətləri hələ ki, ikincinin xeyrinə işləməkdədir.
QAFSAM-ın sədr müavini, siyasi elmlər üzrə fəlsəfə doktoru Nazim Cəfərsoy isə qeyd edib ki, Qarabağ münaqişəsinin həlli Türkiyə-Rusiya əlaqələrinin ən mühüm "turnusol" sənədlərindən biridir.
O bildirib ki, coğrafi olaraq iki ölkə arasında körpü rolunu oynayan Cənubi Qafqaz regionundakı bu məsələnin ədalətli həllinə nail olunmazsa, rus-türk işbirliyinin Avrasiyada və dünyada təhlükəsizlik, rifah cəhətdən hansısa iddia səsləndirməsi inandırıcı olmaz:
"Bu həm də Moskvanın Türkiyə və Avrasiya materikindəki türklərlə yaxşı münasibətlərin qurulmasına nə qədər əhəmiyyət verdiyinin mühüm testlərindəndir. İki ölkə arasındakı münasibətlərin bu testdən heç vaxt keçə bilməyəcəkləri ilə bağlı fikirlər də mövcuddur, ancaq bütün bunlara baxmayaraq, bu iki ölkə arasında olan əməkdaşlıqdan yüksək nəticələr gözləyənlər də az deyil. Doğrudur, tarix və hazırda baş verən proseslər bu əməkdaşlığa inanmayanları haqlı çıxarmaqdadır. Ancaq mən bu iki ölkə arasındakı münasibətlərin daha da inkişaf edəcəyini düşünənlərdənəm. Çətin görünür, amma mümkünsüz deyil".
Poitoloq Şahin Cəfərli isə bildirib ki, Moskva Türkiyənin Afrinə hərbi müdaxiləsinə isti baxmır.
Politoloq bildirib ki, Türkiyə Suriya məsələsi ilə bağlı Rusiya və İranla Astana formatı çərçivəsində əməkdaşlıq edir və artıq bir sıra real addımlar atılıb:
"Məsələn, Suriyada 4 deeskalasiya zonasının yaradılması qərara alınıb. Həmin zonalardan üçünə Rusiya, birinə - İdlibə isə 3 ölkə birlikdə nəzarət etməlidir. Bu razılaşma çərçivəsində Türkiyə İdlib ərazisinə məhdud sayda hərbi kontingent yeridib. Lakin İdlib şəhəri hazırda Təhrir əş-Şam başda olmaqla, müxtəlif terrorçu qrupların nəzarətindədir və şəhərin azad olunması məsələsi qeyri-müəyyən qalıb. İdlibin necə, hansı qüvvələrlə və kimlər tərəfindən azad ediləcəyi yəqin ki, prezidentlərin üçtərəfli görüşündə əsas müzakirə mövzularından biri olacaq. Digər tərəfdən, Türkiyə İdlibə qonşu olan Afrində kürd PYD-YPG qruplaşmasının mövcudluğundan ciddi narahatdır. Prezident Ərdoğan dəfələrlə Afrinə müdaxilə edə biləcəklərini bəyan edib. Lakin Afrində rus əsgərləri də var və Moskva Türkiyənin oraya hərbi müdaxiləsinə isti baxmır. Ərdoğan üçtərəfli görüşdə bu məsələni qaldıra bilər".
Politoloqun fikrincə, bu görüşdə ən vacib məsələ Suriyanın siyasi gələcəyi ilə bağlı olacaq:
"Məlumdur ki, Rusiya Suriya üçün konstitusiya layihəsi hazırlayıb. Həmin layihədə ölkənin faktiki olaraq muxtar bölgələrə ayrılması əksini tapıb və bu çərçivədə kürdlərə də status verilməsindən söhbət gedir. Əsəd rejimi də kürdlərə muxtariyyət verilməsini müzakirə etməyə hazır olduğunu açıqlayıb. Bu da Türkiyəni ciddi şəkildə narahat edən məqamlardan biridir. Üçtərəfli görüşdə bu məsələ gündəmə gələ bilər".
Ş.Cəfərli bu arada önəmli bir məqama da toxunub: "Suriya problemi Astana formatı çərçivəsində deyil, Cenevrə formatı çərçivəsində, yəni ABŞ-ın iştirakı ilə həll ediləcək. Bu məqam Putin və Trampın Vyetnamda açıqlanan birgə bəyanatında xüsusi vurğulanıb. Moskva bu addımı ilə hazırda iş birliyində olduğu Türkiyə və İranı narazı salıb. Təsadüfi deyil ki, Ərdoğan Soçiyə gedərkən hava limanında verdiyi açıqlamada Rusiya və ABŞ-ı Suriyadan öz hərbi qüvvələrini çıxarmağa çağırmışdı. Düzdür, Soçidə keçirilən mətbuat konfransında cənab Ərdoğan diplomatik dildən istifadə edərək, Putin və Trampın bəyanatını dəstəklədiyini bildirdi, lakin onun Cenevrə formatının ön plana çıxarılmasından məmnun olmadığı ortadadır. Üçtərəfli görüşdə yəqin ki, bu məsələ Türkiyə və İran tərəfindən gündəmə gətiriləcək".
Qeyd edək ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan noyabrın 22-si Rusiyaya səfər edəcək.
İran dövlət başçısı Həsən Ruhaninin də Moskvaya gedəcəyi gözlənilir.