“Problemin beynəlxalq hüquq normaları əsasında həllinin tərəfdarıyıq” Siyasət

“Problemin beynəlxalq hüquq normaları əsasında həllinin tərəfdarıyıq”

Aydın Mirzəzadə: "İsrailin özündə də bu məsələnin uzun müddət müzakirə mövzusu olması gözləniləndir"


"Qüds məsələsinin necə yekunlaşacağını demək bir qədər çətindir. ABŞ-ın Qüdsü İsrailin paytaxtı kimi tanıması və səfirliyini ora köçürməklə bağlı qərarı qəliz məsələni bir qədər də çətinləşdirib".
Bu fikirləri millət vəkili Aydın Mirzəzadə bildirib. O qeyd edib ki, Qüds çox millətli şəhərdir, tarixən orada ərəblər və yəhudilər yaşayıb. Bu ənənə hazırda da davam edir.
Deputat əlavə edib ki, hər iki dövlət, yəni İsrail və Fələstin Qüdsü özünün əsas şəhəri hesab edir: "Dünya bu məsələnin beynəlxalq hüquq normalarına uyğun həllinin tərəfdarıdır. Qüdsü birmənalı şəkildə nə İsrail, nə də Fələstinin şəhəri hesab etmək olmaz. Azərbaycan bu məsələdə mövqeyi ondan ibarətdir ki, Şərqi Qüds Fələstinin paytaxtıdır".
O qeyd edib ki, Azərbaycan Qüdsün bütövlükdə bir dövlətin paytaxtı elan edilməsini qəbul etmir. A. Mirzəzadə deyib ki, İƏT-in bu məsələ ilə bağlı yaxın günlərdə konfransı keçiriləcək: "Rusiya və Türkiyə prezidentlərinin də Qüdsə dair müzakirələri olacaq. Avropa İttifaqı bu məsələdə ehtiyatlı olmağı məsləhət görüb. Çox istərdik ki, hər iki tərəfi qane edən qərar qəbul edilsin".
Deputat hesab edir ki, İsraillə münasibətləri normal olan dövlətlərin bu dövlətlə əlaqəsi yenə də yaxşı olacaq: "Çünki münasibətlər tək Qüds məsələsi üzərində qurulmayıb və bu çox şaxəli bir məsələdir. Azərbaycanın İsraillə sırf dostluq münasibətləri var və bir çox məsələlərdə eyni mövqedən çıxış edib. Fikrimcə, bu məsələdə Fələstinin də mövqeyi nəzərə alınmalıdır. Şərqi Qüdsdə ərəblərin yaşaması faktı nəzərə alınmaqla problemin beynəlxalq hüquq normaları əsasında həllinin tərəfdarıyıq. İsrailin özündə də bu məsələnin uzun müddət müzakirə mövzusu olması gözləniləndir".