“Ölkədə 5 milyon nəfərin iş qabiliyyəti var” Siyasət

“Ölkədə 5 milyon nəfərin iş qabiliyyəti var”

"Azərbaycanda iş qabiliyyəti olan əhalinin sayı təxminən 5 milyon nəfər təşkil edir, bunun da təxminən 4,7 milyon nəfəri hazırda məşğul əhalidir. Onların təxminən 1,5 milyon nəfəri muzdla işləyir, 1,7 milyon nəfəri isə kənd təsərrüfatı sahəsində fəaliyyət göstərir. Yerdə qalan əhali isə əmək fəaliyyəti ilə qeyri-rəsmi formada məşğuldur".
Azərbaycan Respublikasının Baş nazirinin müavini, Yeni Azərbaycan Partiyasının Sədr müavini - icra katibi Əli Əhmədov deyib.
Əli Əhmədov bildirib ki, rəsmi məşğul olan, vaxtlı-vaxtında vergisini ödəyən, Dövlət Sosial Müdafiə Fonduna ödənişləri həyata keçirən təxminən 1,5 milyon əhalinin 800 mindən çox hissəsi dövlət sektorunda, qalanları isə qeyri-dövlət sektorunda çalışır: "Qeyri-rəsmi əmək fəaliyyəti ilə məşğul olanların böyük bir hissəsi isə vergidən yayınır, Dövlət Sosial Müdafiə Fonduna ödənişlərini etmir. Bu da gələcəkdə onların layiqli pensiya almaq hüquqlarına ciddi əngəl törədir. Həmçinin "qara mühasibatlıq" deyilən bir anlayışın da mövcudluğuna şərait yaranır. Digər tərəfdən, qeyri-rəsmi məşğulluq işçilərin sosial hüquqlarının pozulmasına yol açır və bu halların aradan qaldırılması üçün prioritetlər müəyyənləşdirilib. Qeyri-rəsmi məşğulluğun aradan qaldırılması istiqamətində mühüm tədbirlər həyata keçirilir, həmçinin bununla bağlı müvafiq layihələr hazırlanıb, sahibkarlarla görüşlər təşkil edilib və onlar arasında əmək münasibətlərinin tənzimlənməsinə dair maarifləndirmə işləri aparılıb".
Baş nazirin müavini deyib ki, qeyri-rəsmi məşğulluğun aradan qaldırılması ilə bağlı qarşıda üç prioritet məsələ dayanır: "Bunlardan birincisi əhalinin məşğulluğunu təmin etmək, ikincisi onların hüquqlarının müdafiəsi, üçüncü prioritet məsələ isə qeyri-rəsmi məşğulluqdan rəsmi məşğulluğa keçid etməkdir. "Azərbaycan Respublikasında əmək münasibətlərinin tənzimlənməsinin təkmilləşdirilməsi ilə bağlı rəylər əsasında yenilənmiş Tədbirlər Planı" layihəsinin təsdiqlənməsi ilə qanunvericiliyin təkmilləşdirilməsi, hüquqi bazanın yaradılması məsələləri ortaya çıxır. Əgər qanunverici aktlarda boşluqlar varsa, bunlar aradan qaldırılmalıdır. İşəgötürən şəxslər məhz bu boşluqlardan istifadə edərək qeyri-məşğulluq yaradırlar. Bunun qarşısını almaq üçün inzibati və cərimə mexanizmləri mövcuddur".
Əli Əhmədov qeyd edib ki, hazırda ticarət və xidmət sahələrində qeyri-rəsmi məşğulluğa daha çox rast gəlinir: "Bu da əhalinin sosial hüquqlarının qorunmasını çətinləşdirir, vergidən yayınma hallarına yol açır, əmək münasibətlərinin tənzimlənməsinə maneçilik törədir. Cari ilin 11 ayı ərzində əmək müqaviləsi imzalamış işçilərin sayı 49.194 nəfər artıb. Bunun 17.264 nəfəri ticarət, 11.390 nəfəri tikinti, 7.758 nəfəri isə emal sənayesinə aiddir. Eyni zamanda yüksək dinamika müşahidə olunur, belə ki, əmək münasibətlərini rəsmiləşdirənlərin sayı oktyabr ayında 10.738, noyabr ayında isə 14.585 nəfər artıb. Göründüyü kimi, diqqətə layiq nəticə əldə olunub, lakin qarşıda duran vəzifələr daha böyükdür".