Hikmət Hacıyev ilin yekunlarına dair keçirilən mətbuat konfransı keçirib Siyasət

Hikmət Hacıyev  ilin yekunlarına dair keçirilən mətbuat konfransı keçirib

"Dilqəm Əsgərovla Şahbaz Quliyevin məsələsi Rusiya, Minsk qrupu həmsədrləri və BQXK ilə müzakirə edilib"

"2017-ci ildə Azərbaycanda müstəqil, çoxistiqamətli, tarazlaşdırılmış xarici siyasət kursu davam edib".
Bunu Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev 2017-ci ilin yekunlarına dair keçirilən mətbuat konfransında deyib. O bildirib ki, bu il Azərbaycanın xarici siyasətində milli maraqların qorunması, Ermənistan tərəfindən törədilən işğal və təcavüzün aradan qaldırılması, ərazi bütövlük və suverenliyinin təmin olunması, ölkənin beynəlxalq nüfuzunun təbliğ edilməsi, sülhün təbliği davam etirilib.
"Bu il də torpaqlarımızın Ermənistan tərəfindən işğalı ölkənin təhlükəsizliyi üçün ən ciddi təhdid olaraq davam edib. Ermənistan işğalı davam etdirmək və status-kvonu saxlamaq siyasətini davam etdirib. Beləliklə, işğala son qoyulmayıb".
"Azərbaycan tərəfi ailələrinin məzarların ziyarət etmək üçünKəlbəcərə gedən və girov götürülən Dilqəm Əsgərovla Şahbaz Quliyevin azad olunması məsələsini Rusiya, Minsk qrupu həmsədrləri və BQXK ilə müzakirə edib"- Hikmət Hacıyev bildirib ki, bundan başqa, itkin düşmüş 4 min nəfərədək Azərbaycan vətəndaşının taleyinin müəyyənləşdirilməsi istiqamətində də müzakirələr aparılıb: "Azərbaycan Dağlıq Qarabağın azərbaycanlı və erməni icması arasında təmasları yaxından dəstəkləyib"
O deyib ki, 2018-ci il aprelin 3-6-da Bakıda Qoşulmama Hərəkatı Xarici İşlər Nazirlərinin toplantısı keçiriləcək. Onun sözlərinə görə, Azərbaycan 2019-2022-ci ildə Qoşulmama Hərəkatına ev sahibliyi edəcək. Bu hərəkatda 120-dən artıq dövlət iştirak edir.
Qoşulmamaq Hərəkatının sammiti isə 2019-cu ildə Azərbaycanda keçiriləcək.
"2017-ci ilin ikinci yarısındaDağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində danışıqlar prosesində canlanma olub"-deyən Hikmət Hacıyev bildirib ki, Azərbaycanla Minsk qrupunun atdığı addımlar nəticəsində Ermənistanın danışıqlar masasına qayıtması mümkün olub.
"Lakin təəssüf ki, işğal başa çatmayıb. Həmsədrlər BMTTəhlükəsizlik Şurasının qətnamələri, Helsinki yekun aktı əsasında üzərlərinə düşən vəzifələri yerində yetirsinlər. İlk növbədə işğala son qoyulmalı, qaçqın və məcburi köçkünlər geri qayıtmalıdırlar", – deyə XİN sözçüsü əlavə edib.
"ATƏT sədrinin şəxsi nümayəndəsinin ofisinin genişləndirilmısi məsələsi bu il ərzində müzakirə olunub. Belə bir fikirlər var və həmsədrlərin son bəyanatında da bu məqam əksini tapıb"-deyən XİN rəsmisi qeyd edib ki, Azərbaycan bu təkliflərə müsbət baxır.
"Amma bu kimi say artırılması prosesi münaqişənin həlli üçün nəzərdə tutulan substantiv və intensiv danışıqlarla paralel getməlidir", - deyə o bildirib.
Onun sözlərinə görə, Azərbaycan XİN-in arzuolunmaz şəxslər siyahısında 600-dək insanın adı var:"Ötən il 10-a yaxın şəxs adının çıxarılması ilə bağlı müraciət edib. Müraciətlərin əksəriyyəti təmin olunub".
"Biz Səudiyyə Ərəbistanına raket hücumlarını qınayırıq"-deyən Hikmət Hacıyev bildirib ki, bu kimi neqativ hallar regionda vəziyyətin gərginləşməsinə səbəb ola bilər: "Regionda sülhün və sabitliyin təmin olunması üçün siyasi diplomatik səylərin artırılmasına çağırırıq".