Elmin cəmiyyətə xeyri olmalıdır Siyasət

Elmin cəmiyyətə xeyri olmalıdır

Fuad Muradov: "AMEA-nın institutları parlamentə dəvət olunsunlar"

Milli Məclisin yaz sessiyasının ilk plenar iclası keçirilib. Plenar iclasın gündəliyinə 15 məsələ daxil edilib. Millət vəkilləri gündəliklə yanaşı digər məsəslələri də müzakirə ediblər.
Deputat Fazil Mustafa deyib ki, Xocalı faciəsinin 26-cı ildönümünə az vaxt qaldığı bir zamanda AŞPA-da çıxış edən Ermənistan prezidenti Serj Sarkisyan Sumqayıt hadisələrindən danışıb: "Görünən odur ki, ermənilər 30 il əvvəl baş vermiş Sumqayıt hadisələrini xatırlatmaqla bundan bizə qarşı istifadə etməyə çalışırlar". Deputat vurğulayıb ki, əslində Sumqayıt hadisələrin erməni əsilli Eduard Qriqoryan tərəfindən törədilməsini sübut edən sənədlər var: "Bununla bağlı Respublika Prokurorluğunda zamanında ciddi araşdırma aparılıb".
Deputat əlavə edib ki, Xocalı faciəsinin ildönümünə 25 gün qalıb və indidən bütün təbliğat vasitələrini işə salmaq lazımdır: "Görünən odur ki, ermənilər Xocalı hadisəsindən bizə qarşı istifadə etmək istəyir. Fikrimcə, biz bunu nəzərə almalı və beynəlxalq mediaya çıxış imkanlarından geniş istifadə etməyliyik".
Deputat Tahir Kərimli deyib ki, bu il Azərbaycan tarixində bir çox əlamətdar hadisələrlə yadda qalacaq: "Azərbaycan Xalq Cümhuriyyətinin, soyqırımın, Bakı Dövlət Universitetinin yaradılmasının 100 illiyi tamam olur". Deputat Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi ilə bağlı kompleksin yaradılmasını təklif edib. "Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi ilə bağlı kompleksin yaradılması zəruridir. Bu muzey də, məqbərə də ola bilər. Bundan əlavə təklif edərdim ki, AXC-nin 100 illiyi ilə bağlı yubiley medalı təsis edilsin".
Millət vəkili Qənirə Paşayeva Sovet işğalı nəticəsində qardaş Türkiyəyə mühacirət etmək məcburiyyətində qalan Cümhuriyyət qurucularımızdan və fəallarından danışıb və onların xatirəsinin əbədiləşdirilməsinə çağırıb: "Cənab Prezidentimizin bu ilin "Cümhuriyyət ili" elan etməsi və Cümhuriyyətimizin 100-cü ildönümünün yüksək səviyyədə qeyd olunması ilə bağlı qərarı sadəcə ölkəmizdə yaşayan azərbaycanlılar deyil, həm də xaricdəki soydaşlarımız tərəfindən yüksək qiymətləndirilir. Müxtəlif ölkələrdə yaşayan Cümhuriyyət qurucularının ailə üzvləri, davamçıları ilə danışanda onlar da deyirlər və Cümhuriyyətimizin, parlamentimizin 100-cü ildönümü ilə bağlı tədbirlərdə iştirak etmək istəyirlər. İnanırıq ki, tədbirlərdə onların da iştirakı mütləq yüksək səviyyədə təmin olunacaq. Hər zaman getdiyimiz yerlərdə fəxrlə deyirik ki, bütün müsəlman Şərqində ilk parlamentli demokratik respublikanı – Azərbaycan Xalq Cümhuriyyətini xalqımız qurub. Xalq Cümhuriyyətinin qurucuları və bir sıra fəalları Sovet işğalı nəticəsində qardaş Türkiyəyə mühacirət edib, orada yaşayıb mübarizələrini davam etdiriblər. Orada cümhuriyyətiminzin qurulmasında böyük xidmətləri olmuş bir çox böyük şəxsiyyətlərimiz yatır.
Bu il dövlət səviyyəsində Cümhuriyyətimizin 100-cü ildönümünü qeyd edəcəyik. Cümhuriyyətimizlə bağlı cənab Prezidentin imzaladığı sənədlər var və bunlar çox vacib və önəmlidir. Cənab Prezidentimizin diqqəti, hörmətli Mehriban xanımın rəhbərliyi ilə Heydər Əliyev Fondu Fransada Əlimərdan bəy Topçubaşov və Ceyhun Hacıbəyli, Tiflisdə Həsən bəy Ağayev və Fətəli Xan Xoyski kimi Cumhuriyyət qurucularımıza yüksək səviyyədə qəbirüstü abidələ qoyulub. Çox vacibdir ki, qardaş Türkiyədə məzarı olan Cümhuriyyət qurucuları və fəallarının da qəbirüstü abidələri yüksək səviyyədə düzəldilsin, məzarın yanında və qəbirstanlığın girişində burada bütün müsəlman şərqində ilk cümhuriyyətin qurucularından olan böyük şəxsiyyətlərin məzarının olduğunu göstərən və onunla bağlı məlumatı əks etdirən lövhə olsun ki, ziyarət edənlər bunu bilsinlər".
Deputat Rövşən Rzayev bildirib ki, ermənilər qondarma Dağlıq Qarabağ Respublikasının yaradılmasının 30 illiyini qeyd etməyə hazırlaşırlar: "Həmin tədbirə ATƏT-in Minsk qrupuna üzv dövlətin nümayəndələrini dəvət ediblər". O təklif edib ki, Milli Məclis adından ATƏT-in Minsk Qrupunun üzvü olan dövlətlərə müraciət olunsun: "Bildiyiniz kimi ATƏT-in Minsk Qrupunda 11 ölkə təmsil olunur. Müraciətdə bu kimi təxribatçı əməllərdən ək çəkilməsini tələb edək. Bir daha vurğulayaq ki, separatçı hadisələr səbəbindən Xocalı soyqrımını yaşamışıq". Deputat təklif edib ki, Milli Məclisin yaz sessiyasının qanunvericilik işləri planına "İşğal siyasəti haqqında" qanun layihəsinin hazırlanması da daxil edilsin.
"Peşə təhsili haqqında" qanun layihəsindən danışan deputat Vahid Əhmədov "bu gün Milli Məclisdə müzakirəyə çıxarılan "Peşə təhsili haqqında" qanun layihəsi olduqca vacib əhəmiyyət daşıyır",- deyə vurğulayıb. Vahid Əhmədov deyib ki, "Təhsil haqqında" qanun çərçivə qanunudur: "Biz vaxtilə "Təhsil haqqında" qanunu qəbul edəndə Azərbaycanda bir sıra islahatlara ehtiyac var idi. Bu islahatların böyük hissəsi həyata keçirildi və hazırda da davam edir. Ancaq hələlik təhsildə ciddi irəliləyişə nail olmamışıq. Aparılan islahatlar fonunda yeni peşə təhsili sisteminin qurulması vacibdir. SSRİ dövründə olan peşə təhsil sistemi keyfiyyətli idi. İndi biz məcburuq ki, bu sistemi yenidən quraq. Peşə təhsilində təcrübə vacibdir. Peşə təhlisi ilə məşğul olan müəssisənin istehsalatla əməkdaşlığı olmalıdır".
Vahid Əhmədov qeyd edib ki, qanunda dövlətin üzərinə daha çox yük qoyulub: "Məncə, bu yükün müəyyən hissəsi bələdiyyələrə və özəl sektora verilməlidir".
Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Siyavuş Novruzov deyib ki, yazırlar, müdafiə edirlər, elmlər namizədi olurlar: "Deyirlər ki, buna görə əlavə əməkhaqqı verilməlidir. O zaman əlavə pul verilməlidir ki, cəmiyyətə, dövlətə nəsə xeyri olsun. Dövlətə xeyri yoxdursa, bunun nə mənası var? Elmin cəmiyyətə xeyri olmalıdır".
Siyavuş Novruzov qeyd edib ki, peşə ixtisas təhsilinə diqqət yetirmək lazımdır: "Yeni ixtisaslı kadrların hazırlanmasına böyük ehtiyac var. SOCAR-ı çıxmaq şərtilə digər təşkilatlarda belə kadrların hazırlanması gündəmdə yoxdur. Bu, çox vacib məsələdir".
Milli Məclisin Gənclər və idman komitəsinin sədri Fuad Muradov deyib ki, bu gün təhsilin hər bir sahəsində islahatlar gedir: "Biz hazırda parlamentdə "Peşə təhsili haqqında " qanun layihəsini müzakirə edirik. Bu qanun layihəsinin geniş ictimai müzakirəsinə çox böyük ehtiyac var. Burada yeni bir ideyaların olmasına ehtiyac yoxdur".
Komitə sədri bildirib ki, artıq bir neçə ölkələr var ki, onlar elmi peşə istiqamətinə yönəldiblər: "Elmlər Akademiyası və onun institutları kompakt şəkildə peşə istiqaməti ilə bağlı olmalıdır. Bizim AMEA-nın nəzdində bir neçə böyük institutlarımız var. Əgər bu gün biz peşənin inkişafı ilə bağlı müzakirə ediriksə, elmin peşə ilə birlikdə fəaliyyətsiz olması heç bir nəticə verməyəcək. Ona görə İsa müəllimdən (İsa Həbibbəyli, AMEA-nın vitse-prezidenti, parlamentin Elm və təhsil komitəsinin sədri) xahiş edərdim ki, AMEA-nın institutları parlamentə dəvət olunsunlar. Onlar da bizə rəqəmlər göstərsinlər ki, bu illər ərzində hansı yeniliklər, ixtiralar olub ki, onlar peşə istiqamətinə inteqrasiya olunub. Əgər peşə hər hansı istiqamətdə dövlətə gəlir gətirməyəcəksə onda işləməyəcək". Fuad Muradov deyib ki, bu gün Bakı şəhərində bir neçə peşə məktəblərini çıxmaq şərtilə, əksəriyyəti regionlarda olmalıdır: "Bu gün bizə ehtiyac olan əsas peşələr məhz regionlardadır. Biz bu gün sahibkarları peşə məktəblərinin açılmasına maraqlı olmağa dəvət etməliyik. Dövlətdən asılılıq minimuma endirilməlidir. Bu nazirlikdə və digər qurumlar, orqanlar da ola bilər…".

Əli


"Mətbuat Şurasının hüquqi statusuna yenidən baxılması zəruridir"

Əflatun Amaşov: "Bununla medianı daha yaxşı balanslaşdırmaq mümkün olar"

"Bu gün reketçiliklə məşğul olan media vasitələri az deyil. Onlar bu yolla əldə edib, kimlərdənsə dəstək alırlar. Onların məqsədi məmurlara, iş adamlarına böhtan atmaq, bunun müqabilində də pul qazanmaqdan ibarətdir". Bunu Milli Məclisin iclasında çıxış edən deputat, Mətbuat Şurasının sədri Əflatun Amaşov deyib. O bildirib ki, Mətbuat Şurasının hüquqi statusuna yenidən baxılması zəruridir. "Bununla medianı daha yaxşı balanslaşdırmaq mümkün olar. Bundan əlavə, medianın adından sui-istifadə halları da azalar. Medianın özü də bunda maraqlıdır. Bunun həlli Mətbuat Şurasının fəaliyyətində təkmilləşdirmə işindən keçir. Mətbuat Şurası ilə bağlı qanun layihəsi qəbul oluna bilər. Azərbaycan Nəşriyyatının binası Mədəniyyət və Turizm Nazirliyinin reyestrində mədəniyyət abidəsi kimi qeydiyyatdadır. 1995-ci ildə bu bina "Bank Standart"ın baş ofisi kimi fəaliyyət göstərir. Təklif edərdim ki bu bina keçmiş sahiblərinə qaytarılsın. Orada Mətbuat Muzeyi yaradılsın".