“Səfərbərlik Xidmətinin yaradılması bütövlükdə hərbi xidmətə çağırış sisteminə yenilik gətirib” Siyasət

“Səfərbərlik Xidmətinin yaradılması bütövlükdə hərbi xidmətə çağırış sisteminə yenilik gətirib”

Elçin Mirzəbəyli: "6 illik fəaliyyət kifayət qədər uğurlu nəticələrlə yadda qalıb"

Emin Həsənli: "Xidmətin 6 illik fəaliyyəti hər cəhətdən təqdirəlayiqdir"

Rəşad Süleymanov: "Bir sıra nailiyyətlər əldə olunub"

Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin (SHXÇDX) yaranmasının altıncı ildönümüdür. Xatırladaq ki, sözügedən sahədə idarəetmə strukturunun təkmilləşdirilməsi, onun müasir tələblərə uyğun qurulması məqsədilə, Prezident İlham Əliyevin 13 fevral 2012-ci il tarixli fərmanına əsasən, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti yaradılıb.
SHXÇDX Azərbaycanda fəaliyyətilə fərqlənən bir dövlət qurumudur.
Sözügedən dövlət qurumu barədə danışan "Xalq Cəbhəsi" qəzetinin baş redaktoru Elçin Mirzəbəyli bildirdi ki, SHXÇDX-nin yaradılması bütövlükdə hərbi xidmətə çağırış sisteminə yenilik gətirib. Onun sözlərinə görə, bu qurumun yaradılması bundan öncə mövcud olan bir sıra neqativ halların aradan qaldırılmasında mühüm rol oynadı: "Hazırda çağırış prosesin şəffaflığı ölkə vətəndaşları tərəfindən də müsbət qiymətləndirilir".
E.Mirzəbəyli diqqətə çatdırdı ki, bu sahədə aparılan islahatlar özünü doğruldur və effektiv nəticələr verir: "Xidmətin bütün güc strukturları ilə qarşılıqlı əməkdaşlığında da bu tendensiya nəzərə çarpır. Ona görə də, düşünürəm ki, bu 6 illik fəaliyyət kifayət qədər uğurlu nəticələrlə yadda qalıb".
Çağdaş cəmiyyətdə media ilə əlaqələrin önəminə toxunan E.Mirzəbəylinin fikrincə, sözügedən qurumun Mətbuat xidməti bu baxımdan üzərinə düşən vəzifələri bacarıqla və lazımi məsuliyyətlə yerinə yetirir.
Dövlət Xidmətinin gənclərdə vətənpərvərlik ruhunun yüksəldilməsi, onların hərbi xidmətə hazırlığı ilə bağlı həyata keçirdiyi tədbirləri yüksək qiymətləndirən baş redaktor bildirib ki, səfərbərlik xidmətinin bu istiqamətdə atdığı addımlar da öz müsbət nəticələrini verməkdədir.
Qeyd edək ki, qurumla yaxından əməkdaşlıq edən təşkilatlardan biri də Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə İctimai Birliyidir. Birliyin sədri, hərbi ekspert Emin Həsənli Xidmətin 6 illik fəaliyyətinin hər cəhətdən təqdirəlayiq olduğunu, bu qurumla uğurlu əməkdaşlıq zəmini yaratdıqlarını bildirdi. O vurğuladı ki, dövlət xidməti öz fəaliyyətini müasir dövrün yüksək tələblərinə uyğun qurub: "Yarandığı 6 il ərzində Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti xeyli işlər görüb, səfərbərlik işini yüksək səviyyədə təşkil edib, ehtiyatda olan zabit, gizir, əsgər və digər müddətdən artıq hərbi qulluqçuları qeydiyyata götürüb".
Hərbi ekspert bildidrdi ki, qurumun fəaliyyəti nəticəsində artıq əsgərlik yaşı çatan gənclər həm internet, həm də SMS vasitəsilə öncədən hansı hərbi hissədə qulluq edəcəyini asanlıqla öyrənə bilirlər: "Xidmət şəhər və rayon idarələrində tez-tez şəhid ailələri ilə görüşlər keçirilir, ictimai təşkilatlarla iş yüksək səviyyədə qurulub, mətbuatla əlaqələr genişləndirilib. Xidmətin rəhbərliyi mətbuat nümayəndələri ilə səmərəli görüşlər keçirir".
Birlik sədri əlavə etdi ki, gənclərin hərbi xidmətə hazırlıq işi yüksək səviyyədə hazırlanır: "Bu məqsədlə snayper, desant, atıcı, sürücü, rabitəçi kursları təşkil olunaraq gənclərin hərbi xidmətə hazırlığı təşkil olunur. Bundan başqa 10-11-ci sinif şagirdləri ilə geniş iş aparılır, ayrıca bir fənn olaraq hərbi hazırlıq dərsləri keçirilir, hərbi müəllimlərlə iş aparılır. Son dövrlər ehtiyatda olan zabitlər məktəblərə işə götürülür. Xüsusən, döyüş bölgələrində xidmət keçmiş ehtiyatda olan zabitlərə, müharibə veteranlarına üstünlük verilir. Çünki onlar peşəkar olmaqla, gənc nəslin yüksək səviyyədə hazırlıq işinə daha çox fayda verirlər".
Hərbi ekspert qurumun gənclərdə vətənpərvərlik ruhunun yüksəldilməsi məqsədilə bir sıra tədbirlər keçirdiyini dedi: "Respublikanın bütün rayon və şəhərlərində "Vətənin müdafiəsinə hazıram" adlı silsilə tədbirlər həyata keçirilir. Bu tədbirlərdə müharibə veteranları və əlilləri, şəhid ailələri, orta məktəb müəllimləri, əlaçı şagirdlər mükafatlandırılır, vətənpərvərlik ruhunda çıxışlar edilir. Əsas məqsəd orta məktəb şagirdlərinin hərbi xidmətə hazırlığını təşkil etmək, onlarda vətənpərvərlik hissini daha da artırmaqdır. Eyni zamanda, bu məqsədlə, orta məktəb şagirdləri tez-tez hərbi hissə və akademiyalara aparılıb praktiki olaraq hərbi xidmət ilə tanış edilir, zabitlik peşəsinə istiqamətləndirilirlər".
Hərbi ekspert Rəşad Süleymanovun sözlərinə görə, SHXÇDX-nin yaradılmasında məqsəd Azərbaycanda səfərbərlik və hərbi xidmətə çağırış proseslərini təkmilləşdirmək, bu sahədə fəaliyyətləri nizamlamaq olub. Onun fikrincə, artıq 6 il ərzində Xidmət tərəfindən bir sıra addımlar atılıb, səfərbərlik işinin təşkili, hərbi xidmətə çağrış və hərbi vətənpərvərlik tədbirlərinin təşkili sahəsində bir sıra nailiyyətlər əldə olunub: "Əldə olunan nailiyyətləri sıralasaq deyə bilərəm ki, birinci nailiyyət hərbi komissarlıqlar dönəmində hərbi xidmətə çağrış sahəsində mövcud olan problemlərin və neqativ halların aradan qaldırılmasıdır. Xüsusilə də korrupsiya ilə mübarizə sahəsində Xidmətdə xeyli işlər görülüb". Onun sözlərinə görə, SHXÇDX-nin yaranmasından sonra bu qurum tərəfindən həyata keçirilmiş yeniliklərdən biri də hərbi toplanışların bərpa edilməsi oldu: "Müharibə şəraitində yaşayan bir ölkə olaraq bu gün Azərbaycanda hərbi vəzifəlilərin toplanışlara çağırılması olduqca vacibdir. Hansı ki, artıq 2014-cü ildən bu proses başlanıb və davam edir. Onu da deyim ki, uzun müddət Azərbaycanda hərbi toplanışlar keçirilmədiyindən ilk vaxtlar vətəndaşlar toplanışlara çağırılanda təşvişə düşür, narahatlıq yaranırdı. Tədricən bu proses də aradan qaldırıldı. Vacib dəyişikliklərdən biri də səfərbərlik ehtiyatlarının uçotunun qurulmasıdır. SHXÇDX tərəfindən bu işlər həyata keçirilir, eyni zamanda respublika üzrə səfərbərlik zamanı istifadə oluna biləcək nəqliyyat vasitələrinin uçotu aparılıb. SHXÇDX tərəfindən vətəndaşlara göstərilən xidmətlərin elektronlaşdırılması məmur-vətəndaş təmasını azaldıb. Proseslərin interaktivləşməsi və onlayn müstəvidə həyata keçirilməsi neqativ halların aradan qaldırılmasında mühüm rola malikdir. Ən mühüm yeniliklərdən biri də çağırışla bağlı elektron məlumatlandırma sistemlərinin yaradılması, çağrışçıların müddətli hərbi xidmətlərəni hansı hərbi hissədə keçmələri ilə bağlı məlumatların internet sayt üzərindən və ya qısa mesaj vasitəsi ilə öyrənə bilmələridir".

Əli