

ABŞ Rusiya-Ukrayna savaşının yaxın vaxtlarda bitəcəyi barədə ümidli deyil. Birləşmiş Ştatların vitse-prezidenti Cey Di Vensin son açıqlamaları bunu deməyə əsas verir. O bildirib ki, ruslar və ukraynalılar razılaşma səviyyəsinə çatmayıblar.
Vens qeyd edib ki, son nəticədə bu saziş qaçılmazdır:
“ABŞ prezidentinin güclü diplomatiyası insanlara cəsarət toplamağa nə qədər kömək etsə də, son nəticədə Rusiya və Ukrayna razılaşmaya hazır olmalıdır. Hazırda gördüyümüz bütün işlərimizə baxmayaraq, ruslar və ukraynalılar sadəcə olaraq razılaşa biləcəkləri səviyyəyə çatmayıblar”.
Vitse-prezident gözləntilərdə əsaslı uyğunsuzluq olduğunu etiraf edib:
“Ruslar hesab edir ki, döyüş meydanında daha yaxşı hərəkət edirlər. Bu, razılığın əldə olunmasını çətinləşdirib”.
Bütün bunlar onu deməyə əsas verir ki, Tramp Amerikası sülhə nail ola bilmir?
ƏHD Partiyasının baş katibi, politoloq Niyaməddin Orduxanlı Musavat.com-a deyib ki, Amerikanın indiki siyasəti Ukraynanı Rusiyanın xeyrinə məcbur edib, müharibəni bitirməkdir:
“Tramp hakimiyyətə gələn kimi bəyan etmişdi ki, Rusiya-Ukrayna müharibəsini tezliklə sona çatdıracaq. Bununla bağlı həm Ukrayna prezidenti Volodimir Zelenski, həm də Rusiya lideri Vladimir Putinlə görüşlər keçirdi.
Bu müharibənin sonunda Ukrayna məcbur ediləcək, Rusiyanın xeyrinə güzəştlər ediləcək. Putin yalnız bundan sonra müharibəni dayandıra bilər. Trampın özü də dəfələrlə bəyan edib ki, Ukrayna güzəştə getməlidir və onun başqa yolu yoxdur. ABŞ və Qərb sonda Ukraynanı güzəştə məcbur edəcəkdilərsə, o zaman 3 il davam edən müharibə kimə lazım idi? Yüz minlərlə gənc, günahsız insan, mülki şəxslər niyə həyatlarını itirdilər? Ukrayna demək olar ki, məhv olub.
Zelenskinin Amerikanın əlində alət kimi istifadə olunması səbəbindən Ukrayna ən azından onilliklər geri salındı. Müharibə bitəndən sonra Ukraynanın bərpası üçün milyardlarla dollar vəsait lazım olacaq ki, bərpa və quruculuq işləri qurulsun. Kim bu vəsaiti Ukraynaya verəcək?
Ukraynanın inadla NATO-ya üzv olmaq istəyi və digər səbəblərdən baş verən müharibədə qalib tərəf Rusiya da deyil. Rusiya 3 il ərzində milyardlarla dollar vəsait itirib və bu, hər gün davam edir. Sanksiyalara məruz qalıb və daha böyük itkiləri var.
Bu müharibənin qalibi ABŞ-dır. Eyni kökənli xalqları uzun illər bir-birinə düşmən etdi. ABŞ-ın vitse-prezidenti Cey Di Vensin açıqlaması da birbaşa Ukraynanın razılaşmaya hazır olmağa çağırışdır. Bunun nə zaman baş verəcəyi isə hələ görünmür”.