“Kamal Kılıçdaroğlunun hesabları tutmaya da bilər” Siyasət

“Kamal Kılıçdaroğlunun hesabları tutmaya da bilər”

Elxan Şahinoğlu: "Muharrem İnce səs toplasa bu, onun gələcəkdə CHP liderliyinə iddiasını ortaya qoya bilər"


"Cümhuriyyət Xalq Partiyasının lideri Kamal Kılıçdaroğlu prezident seçkisində özünün namizədliyini irəli sürmək əvəzinə partiyann bir başqa tanınmış fiquru Muharrem İncenin namizədliyini irəli sürdü". Bunu politoloq Elxan Şahinoğlu deyib. Onun sözlərinə görə, bunun iki səbəbi var: "Birincisi, Kamal Kılıçdaroğlu seçkidə indiki prezident Rəcəb Təyyub Ərdoğanla yarışsaydı ona uduzacaqdı, bu halda partiya liderliyindən istefa vermək məcburiyyətində qalacaqdı. Ona görə də Kamal Kılıçdaroğluna partiya daxilində qurbanlıq quzu lazım idi.
İkincisi, Kamal Kılıçdaroğlu Muharrem İnceni irəli sürməklə onun simasında partiyadakı əsas rəqibindən qurtulmağı da düşünür. Çünki Kamal Kılıçdaroğlu bilir ki, İnce Ərdoğanın xeyli gerisində qalacaq və bundan sonra partiya liderliyindən əl çəkəcək.
Ancaq Kamal Kılıçdaroğlunun hesabları tutmaya da bilər. Muharrem İnce Ərdoğana məğlub olsa belə kifayət qədər səs toplasa bu, onun gələcəkdə CHP liderliyinə iddiasını ortaya qoya bilər. Vaxtilə elə Kamal Kılıçdaroğlu da eyni yolla partiyasının başına gəlmişdi. O İstanbulda bələdiyyə seçkilərində AKP-nin namizədinə az fərqlə məğlub olmuşdu, buna baxmayaraq qazanılan səslər bir müddət sonra ona Dəniz Baykalı əvəz etməyə şərait yaratmışdı. Fikrimcə, Muharrem İnce Kamal Kılıçdaroğludan daha güclü siyasətçidir, inandırıcılıq qabiliyyəti güclüdür".
Siyasi şərhçi Rusif Məmmədov isə deyib ki, Türkiyənin ana müxalifət partiyası – Cümhuriyyət Xalq Partiyasının iyunun 24-də bu ölkədə keçiriləcək növbədənkənar prezident seçkilərində namizədi Məhərrəm İncə Yalovada keçirdiyi mitinqdə belə bir ifadə işlətdi: "Cənab Ərdoğan, Səlahəddin Dəmirdaşı azad et, kişi kimi yarışaq". Bu açıqlamanı arxasında verilən mesajlar və onların təhlilinə zərurət duyulur. O qeyd edib ki, bu açıqlamanın arxasında müəyyən mənada Cümhuriyyət Xalq Partiyasının sədri Kamal Kılıçdaroğlunun dayandığını düşünə bilərik: "Çünki Kamal Kılıçdaroğlunun əsas məqsədi seçkidə özünün Rəcəb Tayyib Ərdoğana məğlub olacağını bildiyi üçün Məhərrəm İncəni "qurban" kimi irəli vermək idi. Bununla da Kamal Kılıçdaroğlu partiyada əsas rəqibi olan Məhərrəm İncə təhdidindən azad ola bilər. Əsas məqsəd isə odur ki, Kamal Kılıçdaroğlu yenidən CHP lideri olaraq qalsın".
R.Məmmədov qeyd edib ki, K.Kılıçdaroğlu digər tərəfdən bundan əvvəl özü də bu səhvə yol vermişdi. Belə ki, o, açıqlamasında "biz PYD və YPG-ni terror qruplaşması kimi qəbul etmirik" demişdi: "Bu səbəbdən CHP lideri partiya daxilində və xaricində diqqəti digər nöqtəyə fokuslamağa çalışa, bununla da partiyada dayağını möhkəmlədə bilər. Məsələyə fərqli sferadan baxası olsaq, deyə bilərəm ki, ağıllı, eyni zamanda güclü siyasətçilərdən hesab edilən Məhərrəm İncə başa düşürdü ki, Ərdoğan terrora dəstək verən bir siyasi lideri azad etməyəcək. Xüsusilə də bu addımı indiki vəziyyətdə ata bilməz. Bu mənada o, seçki ərəfəsində belə bir riskə getdi. Yəni, kürd əhalinin də rəğbətini qazandı. Belə deyək, dolayı yolla HDP-ni ittifaqa cəlb etdi. Bu da sonda Məhərrəm İncənin səsini birə beş artıra bilər".