“Ermənistanın Avrasiya İqtisadi Birliyində üzvlüyü dondurula bilər” Siyasət

“Ermənistanın Avrasiya İqtisadi Birliyində üzvlüyü dondurula bilər”

Mübariz Əhmədoğlu: "Sərkisyanın ikibaşlı oyunları nəzərdən yayınmayıb"


"Qazaxıstan prezidenti Nursultan Nazarbayev 10 gün ərzində Ermənistan prezidenti Armen Sərkisyanla iki dəfə Ermənistanın daxilindəki vəziyyəti müzakirə edib. Aprelin 26-dakı telefon danışıqlarının təşəbbüskarı Ermənistan prezidenti, mayın 5-dəki danışıqların təşəbbüskarı isə Nazarbayevdir". Bunu Siyasi İnnovasiyalar və Texnologiyalar Mərkəzinin (SİTM) sədri, politoloq Mübariz Əhmədoğlu deyib. O bildirib ki, Nazarbayev mayın 5-də Armen Sərkisyana zəng etməzdən öncə Avrasiya İqtisadi Birliyinin mayın 14-də Soçidə nəzərdə tutulmuş sammitinə hazırlıq məsələlərini Rusiya prezidenti Vladimir Putinlə telefonla müzakirə edib: "Nazarbayev üçün mayın 14-də Avrasiya İqtisadi Birliyinin sammiti görünür müəyyən əhəmiyyətə malikdir və bəlkə də müəyyən dəyişikliklərə məruz qalmalıdır. Rusiyanın Ermənistana münasibəti Avrasiya İqtisadi Birliyini, eləcə də ümumilikdə MDB-yə üzv dövlətlərini qorxudan məsələdir. Ermənistanın işğalçılıq mahiyyəti Avrasiya İqtisadi Birliyinin iclaslarında bir neçə dəfə müzakirə olunub. Nazarbayevlə yanaşı, Belarus prezidenti A. Lukaşenko da Dağlıq Qarabağın tənzimlənməsi məsələsini qaldırıb. Ermənistan Avrasiya İqtisadi Birliyinə üzv olarkən N. Nazarbayev və A. Lukaşenkonun təşəbbüsü ilə bu qurum Ermənistana təsdiq etdirdi ki, Dağlıq Qarabağı heç vaxt tərkib hissəsi elan etməyəcək".
Politoloq qeyd edib ki, hamı Ermənistandakı xaosun səbəbinin Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməməsi olduğunu başa düşür: "Bu motivasiya AİB ağsaqqallarını vəziyyətə real yanaşmağa vadar edən motivasiyalardan biridir:
I. Ermənistanın AİB-ə üzvlüyü ilə bu qurumun daxili gərginlikləri artdı.
II. Eks-prezident Serj Sərkisyanın bu quruma münasibəti qeyri-ciddi idi. O, RF və Qazaxıstanla sərfəli və etibarlı kommunikasiyalar barədə heç bir ideya ortalığa qoymadı. Bunlar Azərbaycanla münasibətlərini normallaşmasını tələb edirdi.
III. Eks-prezident Serj Sərkisyan AİB üzvlüyünə yalnız piar-resurs kimi yanaşırdı; Ermənistan 180 milyonluq AİB bazarı ilə, İran, Aİ, və s. arasında körpü ola bilər.
IV. Ermənistanın yeni baş naziri Nikol Paşinyan həm də "Çıxış" blokunun yaradıcısı və rəhbəri olub. Bir qrup Amerikapərəst erməni siyasətçisinin təsis etdiyi "Çıxış" adlı blokunun məqsədi Ermənistanı Avrasiya İqtisadi Birliyindən çıxarmaq idi. "Çıxış" sözünün mənası da budur. Məhz S. Sərkisyanın dəstəyi ilə "Çıxış" bloku parlamentə düşdü. Bununla Sərkisyan özünün AİB-ə münasibətinin qeyri-ciddi, ikibaşlı olmasını bir daha nümayiş etdirdi. S. Sərkisyanın belə ikibaşlı oyunları görünür, AİB üzv dövlətlərin nəzərindən yayınmayıb.
V. Nazarbayevin təşəbbüskarlığı ilə AİB üzvləri öz yaratdıqları qurumun nüfuzunu güclü saxlamaq istəyirlər".
M. Əhmədoğlu əlavə edib ki, Ermənistanın Avrasiya İqtisadi Birliyində üzvlüyü dondurula bilər: "Yalnız Ermənistanın daxilindəki proseslər tam konstitusiya istiqaməti ilə gedərək sabitləşdikdən sonra Ermənistan Avrasiya İqtisadi Birliyinin üzvlüyünə qayıda bilər".