“Təhlükə mənbələri dəyişməyib” Siyasət

“Təhlükə mənbələri dəyişməyib”

1918-ci il sentyabrın 15-də Qafqaz İslam Ordusunun Bakını daşnak-bolşevik əsarətindən azad etməsi qədər Azərbaycan paytaxtında həmin hadisənin yüz illiyinin qeyd edilməsi də Türkiyə-Azərbaycan qardaşlığı tarixində önəmli hadisədir.
Bunu Trend-ə açıqlamasında "Bakı Xəbər" qəzetinin baş redaktoru, siyasi ekspert Aydın Quliyev deyib.
Aydın Quliyev bildirib ki, yüz il əvvəlki hadisənin sonrakı proseslərdə Azərbaycanın taleyi üçün nə qədər əhəmiyyətli nəticələri olmuşdusa, təntənəli yüzillik tədbirləri də ümumtürk inteqrasiyası üçün bir o qədər təsirli rol oynayan nəticələrə malikdir: "Bakıda Azərbaycan və Türkiyənin seçmə ordu qruplarının möhtəşəm paradı ən müxtəlif mütərəqqi nəticələr çıxarmağa əsas verən hadisədir. Əvvəla, bu hadisə göstərdi ki, Azərbaycanla Türkiyənin iqtisadi-siyasi əməkdaşlığı regionda ümumi inkişaf və rifahın həlledici təminatıdırsa, iki ölkənin hərbi əməkdaşlığı regional sülh və təhlükəsizlik üçün əvəzolunmaz tandem rolu oynayır. İkincisi, bu hadisənin ən böyük mesajlarından biri ölkələrimizin ordu quruculuğunda misilsiz intibah mərhələsi yaşadığını göstərə bilməsidir. Üçüncüsü, bütün dünya gördü ki, Azərbaycan və Türkiyə orduları regionun ən qüdrətli hərbi təsisatları olmaqla istənilən vaxt, hətta müharibə vəziyyətlərində öz imkanlarını asanlıqla birləşdirməyə imkan verəcək qədər çevik struktura və hərəkət planlarına malikdir. Dördüncüsü, təntənəli hərbi paradın Azərbaycana təcavüz siyasətindən hələ əl çəkməyən Ermənistanın yeni hərbi avantürist oyunları ilə eyni vaxtda keçirilməsi düşünənlərə cavab mesajı kimi də dəyərlidir. Beşincisi, Prezident İlham Əliyevlə Rəcəb Tayyib Ərdoğanın şəxsi münasibətlərinin bütün sahələrdə, o cümlədən hərbi sahədə böyük nəticələr doğura bilmək potensialı nümayiş etdirildi. Nəhayət, Qarabağ uğrunda ən dramatik senarilərin isə düşəcəyi təqdirdə, Azərbaycanın böyük dostu olan Turkiyəni neytrallaşdıra biləcəklərinə ümid bəsləyən bəzi məlum qüvvələr yanıldıqlarına dair tutarlı faktla qarşılaşdılar".
Ekspert vurğulayıb ki, Azərbaycan və Türkiyə prezidentləri tariximizdə qürur və dərin təhlil mənbəyi olan səhifə yazdılar:
"Liderlər yüz il əvvəl Azərbaycan və Türkiyə ordusunun birgə uğurlu, indiki dillə desək, antiterror əməliyyatı apardıqlarını yaddaşlarda təzələdilər. Dövr dəyişsə də, təhlükə mənbələri dəyişməyib. Fikrimcə, Prezident İlham Əliyevlə Ərdoğan möhtəşəm paradla iki qardaş ölkənin birgə antiterror əməliyyatlarına gedən yolları xeyli qısalda bildilər".