“Ölkəmizin orbitə buraxdığı 2 peyk artıq kommersiya baxımından da özünü doğruldub” Siyasət

“Ölkəmizin orbitə buraxdığı 2 peyk artıq kommersiya baxımından da özünü doğruldub”

İlham Quliyev: "Azərbaycanın peykləri artıq ölkəyə gəlir gətirməyə başlayıblar"

Yunus Oğuz: "Peykin digər əhəmiyyətli xüsusiyyəti onun informasiya təhlükəsizliyi baxımından çox böyük əhəmiyyətə malik olmasıdır"

Azərbaycanın üçüncü peyki olan "Azerspace-2" telekommunikasiya peyki orbitə buraxılıb. "Azərkosmos" ASC-dən verilən məlumata görə, "Azerspace-2" peykinin orbitdə yanacaq ömrü minimum 20 il təşkil edəcək.
"Azerspace-2" peyki Avropa, Mərkəzi və Cənub-Qərbi Asiya, Yaxın Şərq və Tropik Afrika ölkələrini əhatə edəcək. Peyk regionda dövlət və özəl qurumlara şəbəkə xidmətləri sahəsində artmaqda olan tələbləri qarşılamaq üçün yüksək texniki imkanlar, əlverişli əhatə zonası və keyfiyyətli xidmət təklif edəcək.
"Azerspace-2" peyki hələ orbitə buraxılmamış artıq onun tutumlarının 46 faizi dünyanın peyk xidmətləri üzrə aparıcı şirkəti olan "İntelsat" şirkətinə satılıb. Bu müqavilə üzrə ödənişlər layihə dəyəri və maliyyələşmə xərclərinin 60 faizinin geri qaytarılmasını təmin edəcək.
Hazırda peykin qalan tutumlarının satışı ilə əlaqədar digər ölkələrlə aktiv biznes danışıqları aparılır. Ümumilikdə, dəyəri 190 milyon ABŞ dolları olan "Azerspace-2" peykinin ölkə iqtisadiyyatına 400 milyon ABŞ dolları gəlir gətirəcəyi proqnozlaşdırılır.
Qeyd edək ki, Cənubi Qafqazda ilk və yeganə peyk operatoru olan "Azərkosmos" telekommunikasiya və coğrafi kəşfiyyat sahələri üçün yüksək keyfiyyətli peyk xidmətləri təqdim edir. "Azərkosmos"un xidmətlərinin alıcıları əsasən xarici ölkələrdəki qurumlar olduğundan onun fəaliyyəti ixraca istiqamətlənib. Belə ki, şirkətin idarəçiliyində olan "Azerspace-1" peykinin gəlirlərinin 80 faizi, "Azersky" peykinin gəlirlərinin 98 faizi xarici bazarlarda formalaşır.
"Azərkosmos"un hazırda dünyanın 25-ə yaxın ölkəsində 100-dən çox özəl və dövlət şirkətlərinin daxil olduğu sabit müştəri bazası mövcuddur. Bu gün Reuters, MTV, National Geographic kimi media nəhəngləri peyk xidmətləri üzrə biznes tərəfdaş olaraq bizi seçir.
Dəyəri 233 milyon ABŞ dolları olan və beş ildir ki, fəaliyyət göstərən "Azerspace-1" peykinin resurslarının 80 faizi kommersiya yönümlü istifadədədir. Bu günədək peykin tutumlarının istismarından 80 milyon ABŞ dolları həcmində gəlir əldə edilib. Peykin qalan ömrü ərzində ölkə iqtisadiyyatına daha 220 milyon ABŞ dolları gəlir gətirəcəyi proqnozlaşdırılır.
Başlıca tətbiq sahəsi Azərbaycanın müdafiə və təhlükəsizliyinə xidmət etmək olan Azersky peykinin də kommersiya potensialı vardır. Azersky peykinin xidmətlərindən nəinki Azərbaycanda, eləcə də Fransa, Moldova, Latviya, Estoniya, Tacikistan, Özbəkistan və s. ölkələrdə aktiv istifadə olunur. Dəyəri 157 milyon Avro olan "Azersky" peykindən bugünədək 24 milyon ABŞ dolları həcmində gəlir əldə edilib.
"Kaspi" qəzetinin baş redaktoru İlham Quliyev deyib ki, artıq Azərbaycanın 3 peyki olan "Azerspace 2"nin orbitə buraxılması çox sevindirici haldır: "Bunu dövlətimizin növbəti uğuru kimi qiymətləndirə bilərik".
Azərbaycanın artıq kosmik dövlətə çevrildiyini deyən baş redaktor söyləyib ki, hər bir ölkə bu imkanlara malik deyil: "Orbitdə peyk saxlamaq yalnız güclü dövlətlərə xas olan xüsusiyyətdir. Azərbaycanın da artıq güclü dövlət sırasına qatıldığını nəzərə yetirdikdə, ölkəmizin orbitə peyk buraxması onun iqtisadi gücünün növbəti göstəricisidir".
Azərbaycanın əldə etdiyi uğurlarının konkret nəticələrə söykəndiyini deyən baş redaktor söyləyib ki, ölkəmizin orbitə buraxdığı 2 peyk artıq kommersiya baxımından da özünü doğruldub: "Azərbaycanın peykləri onlara qoyulan vəsaitin artıqlamasını çıxararaq, artıq ölkəyə gəlir gətirməyə başlayıblar. Eyni zamanda üçüncü peykimizin imkanlarının 50 faizə qədər orbitə buraxılmamışdan əvvəl satılıb. Bu baxımdan deyə bilərik ki, orbitə buraxılan peyklər kommersiya baxımından Azərbaycana gəlir gətirmək əzmindədir".
İ.Quliyev qeyd edib ki, orbitə buraxılan peyklərin informasiya təhlükəsizliyi baxımından da böyük əhəmiyyət kəsb etməsi böyük dövlətlərin marağındadır: "Bilirsiniz ki, müasir dövrdə informasiya təhlükəsizliyi çox ciddi faktora çevrilib. Dövlətlər özlərinin milli təhlükəsizliyini qorumaq üçün ilk növbədə informasiya təhlükəsizliyinin təmininə üstünlük verirlər. Bu baxımdan Azərbaycan telekommunikasiya sahəsində xarici tərəfdaşlardan asılılığını tam aradan qaldırıb".
Baş redaktor əlavə edib ki, peyklər müşahidələrin aparılması baxımından da ölkəyə üstünlük verir: "Bildiyiniz kimi peyklər dünyanın istənilən nöqtəsində baş verən hadisələri müntəzəm izləməyə imkan yaradır. Azərbaycanın müharibə şəraitində olan bir ölkə olduğunu nəzərə alsaq, bu baxımdan orbitdə peykimizin olması bizə əlavə üstünlüklər verir. Ümumilikdə götürsək, Azərbaycanın növbəti peykinin orbitə buraxılması təqdirdirə layiq addımdır. Hesab edirəm ki, yaxın gələcəkdə "Azərkosmos"un imkanları daha da genişlənməli, ölkəyə valyuta gətirən biznes şəbəkəsinə çevrilməlidir. Biz imkanlarımızdan mümkün qədər daha çox faydalanmalıyıq".
"Olaylar" qəzetinin baş redaktoru Yunis Oğuz diqqətə çatdırıb ki, "Azerspace 2" peykinin orbitə çıxarılmasının bir azərbaycanlı üçün mənəvi tərəfi qürur və fəxrdir: "Dünyada orbitə peyk buraxan dövlətlərdən birinin Azərbaycan olması çox vacib məqamdır". Orbitə buraxılan peyklərin Azərbaycan iqtisadiyyatı üçün mühüm əhəmiyyət kəsb etdiyini deyən baş redaktor bildirib ki, "Azerspace 2" də digər peyklər kimi ölkəmizə əlavə gəlir gətirəcək".
Baş redaktorun sözlərinə görə, peykin digər əhəmiyyətli xüsusiyyəti onun informasiya təhlükəsizliyi baxımından çox böyük əhəmiyyətə malik olmasıdır: "Hər kəsə məlumdur ki, başqa dövlətlər bizim peykimiz vasitəsilə televiziya yayımlarını həyata keçirilər. Lakin burada bizim üçün ən vacib məqam özümüzün şəxsi informasiya təhlükəsizliyinin olmasıdır. Beləliklə, ölkəmiz telekommunikasiya sahəsində xarici tərəfdaşlardan asılılığı tam şəkildə aradan qaldırmış olur".
Y.Oğuz bildirib ki, Azərbaycanın orbitə buraxdığı peyklərlə dünyanın istənilən nöqtəsində baş verən hadisələri müntəzəm şəkildə izləmək mümkündür: "Siz bilirsiniz ki, artıq Azərbaycanın peykləri ilə ölkəmizin istənilən yerinin baş planını çəkmək mümkündür. Artıq Azərbaycan kosmosla çalışır".
Baş redaktor qeyd edib ki, gələcəkdə Azərbaycanın kosmik gəmisinin olacağı təəccüb doğurmur: "Azərbaycan dünyanın kosmik klubunun üzvünə çevrilib və dünyanın kosmik sənayesində öz mövqelərini möhkəmləndirməklə yanaşı həm də, genişləndirir. Bütün bunlar kosmik gəminin nə vaxtsa kosmosa buraxılması deməkdir. Bundan öncə də dövlətlər ilk olaraq peyklərini orbitə buraxıb daha sonra kosmik gəmiyə sahib olublar".

Əli