“Bütün bunlar ərazi bütövlüyümüzün təmininə aparır” Siyasət

“Bütün bunlar ərazi bütövlüyümüzün təmininə aparır”

Bakıda keçirilən "ADEX-2018" Beynəlxalq Müdafiə sərgisinin ölkəmiz üçün böyük əhəmiyyəti var. Azərbaycanın artıq 3-cü dəfədir mühüm sərgiyə ev sahibliyi etməsi, ölkəmizin mühüm hərbi potensiala malik olduğunu göstərir". Bu fikirləri deputat Elman Məmmədov deyib.
90-cı illərin əvvəllərini xatırladan deputat bildirib ki, o dövrdə Azərbaycanın istənilə silaha mərmisi belə yox idi və ölkəmiz bunu əldə etmək üçün müxtəlif dövlətlərə müraciət etmək məcburiyyətində idi: "Bunun üçün küllü miqdarda pul xərclənirdi. Bu gün Azərbaycan dünyada mövcud olan 200-dən çox dövlətlərin içərisində Müdafiə Sənayesi Nazirliyi olan azsaylı ölkələrdən biridir. Bu, Azərbaycan Prezidentinin həyata keçirdiyi çox uğurlu siyasətin nəticəsidir".
E. Məmmədov söyləyib ki, bu gün Azərbaycan ordusunu özünün istehsal etdiyi yüksək səviyyəli silah-sursatla təmin edir: "Düzdür, Azərbaycan başqa dövlətlərdən də daha müasir, güclü silahlar alır. Lakin ordumuza lazım olan hərbi geyimi, silah-sursatı, əsgərlərimizə lazım olan bütün avadanlıqları özümüz istehsal edirik. Bu da ölkəmizin, ordumuzun gücündən xəbər verir".
Deputat qeyd edib ki, Azərbaycanda fərqli olaraq Ermənistan əsgərinə lazım olan əşyaların hamısını xaricdən alır və çox zaman da ala bilmir: " Bu da ordumuzun düşmən ordusu üzərində çox böyük gücə malik olduğunu göstərir".
ADEX sərgilərinin ölkə iqtisadiyyatı üçün mühüm əhəmiyyət kəsb etdiyini dilə gətirən E. Məmmədov vurğulayıb ki, sərgi zamanı Azərbaycan silah-sursat satmaqla gəlir əldə edir: "Ümumiyyətlə, Azərbaycanın silah istehsal etməsi, bizi düşmənimizdən fərqləndirən əsas üstünlüklərdən biridir. Bu cür sərgilərin keçirilməsi düşmənlərimizin narahatlığına səbəb olur. Çünki, onlar anlayır ki, sərgidə nümayiş olunan güclü silahlar nə vaxtsa onlara tuşlana bilər. Bütün bunlar Azərbaycanın yekun qələbəyə, yəni işğal altında olan torpaqlarımızın azad olunmasına və ərazi bütövlüyümüzün təmininə aparır".