“Ölkəmiz Ermənistan üzərində tam üstünlük əldə edəcək” Siyasət

“Ölkəmiz Ermənistan üzərində tam üstünlük əldə edəcək”

Məhəmməd Əsədullazadə: "Qərb ölkələri Birləşmiş Ştatların göstərişi olmadan Azərbaycana silah sata bilməzdilər"
"NATO üzvü olan dövlətlərin, xüsusilə Qərbin 25 ildir Qarabağ konfliktindən dolayı Azərbaycana silah embarqosunu yardıq". Bu fikirləri Cənubi Qafqazda Süıh və Təhlükəsizlik İnstitutunun rəhbəri, politoloq Məhəmməd Əsədullazadə səsləndirib. Onun sözlərinə görə, bu, Cənubi Qafqaz regionunda cərəyan edən geosiyasi proseslərə bağlı olsa da, dünyada silah ticarətinin inkişaf etməsi və bazar uğrunda mübarizənin nəticəsi kimi qiymətləndirmək olar: "Qərbin silah sanksiyalarına rəğmən ölkəmizə silah satması, yeni hərbi-texniki müqavilələr bağlaması, ölkəmizin regionda təsirinin artmasına gətirəcək. Artıq Qərb ölkələri erməni lobbisinin səylərinə baxmayaraq, Qarabağ münaqişəsinə görə, öz ticari gəlirindən Azərbaycan kimi müştərini əldən vermək istəmirlər. Bu gün dünya miqyasında Azərbaycan öz silah arsenalını genişləndirmək, yeni alıcılar əldə etmək üçün ön yerlərdən birini tutur. Bu, Qərb ölkələrinin, xüsusilə Çexiya, Fransa kimi əsas silah ixracatçısı ölkələrin nəzərindən yayınmadı. Bu ölkələr silah satışı həyata keçirməklə, paralel ölkəmizin siyasi şərtlərilə də hesablaşacaqlar. İtaliya, Çexiya ölkəmizə hərbi texnikalar satıb, ardınca Fransa da artıq ölkəmizə zenit raket kompleksləri satmağı plana salıb. Qeyd edim ki, sırada Böyük Britaniya da var. İngiltərə ilə hərbi-texniki əməkdaşlıq üzrə danışıqlar keçirilib. Həmçinin Birləşmiş Ştatlarla da hərbi əməkdaşlıq danışıqları baş tutub. Birləşmiş Ştatlar özü Azərbaycana silah satmağı təklif edib. Hətta bir neçə hərbi təyinaylı helikopterlər Pentaqondan alınıb".
Politoloq deyib ki, Qərb ölkələri Birləşmiş Ştatların göstərişi olmadan Azərbaycana siıah sata bilməzdilər. Bununla demək olar ki, ölkəmiz Qərbin silah embarqosunu yarmaqla, Ermənistan üzərində tam üstünlüyü əldə edəcək. Silah satan ölkələr öz mənfəətləri naminə Azərbaycanın maraqlarını da müdafiə edəcəklər. Bundan əlavə, ölkəmiz təkcə Rusiyadan deyil, NATO ölkələri ilə hərbi -texniki əməkdaşlıq etməklə, Kremldən silah aslılığına son qoyacaq. Qeyd edim ki, Azərbaycanın maliyyə imkanları, bu ölkələrdən silah almağa kifayət qədər genişdir. Qafqaz regionunda Azərbaycanın silahlanması, gələcək perspektivdə nüdafiə qabiliyyətinin yüksəlməsinə gətirəcək. Amma, Qərb çalışacaq ki, Ermənistanla müharibə alovlanmasın, maksimum bu ölkəyə işğal olunmuş əraziləri boşaltmaq üçün təzyiq edəcək".
Məhəmməd Əsədullazadə deyib ki, hazırda Birləşmiş Ştatlar başda olmaqla, Qərb ölkələri Ermənistanın yeni rəhbərliyindən bunu tələb edir: "Nikol Paşinyan Qərbin adamıdı, onların sözündən çıxacaqsa, Ermənistan Rusiyanın forpostu olacaq. Məhz Qərb silahları Azərbaycana satılmaqla Ermənistanın masa arxasına keçməsinə, münaqişədə kompromisə gəlməsinə səbəb olacaq. Ermənistan nə qədər çalışsa da Qərbdən maliyyə cəhətdən silah almağa imkanı olmayacaq. Qərb silah satmaqla bir növ Rusiyanın regionda mövqeyini zəiflədəcək. Qərbin, xüsusi ilə Birləşmiş Ştatların əsas pioritetlərindən biri Cənubi Qafazdı. Regionumuzda baş verənlər həlledici mərhələyə qədəm qoyacaq. Azərbaycanın öz ərazilərini işğaldan azad etmək üçün unikal şərait yaranacaq. Qərb də bu işdə bizi dəstəkləyəcək".