Müstəqil ölkələrə münasibətdə riyakarlığa yol verilir Siyasət

Müstəqil ölkələrə münasibətdə riyakarlığa yol verilir

Qərbin ikiüzlü, ikili standartlar siyasəti yeni müstəviyə qədəm qoyub. İnsanlar əvvəllər elə bilirdilər ki, doğrudan da demokratik dəyərlər, insan hüquqlarının müdafiəsi, söz və fikir, vicdan azadlığı hamısı Qərbdədir. Ancaq biz görürük ki, bu, qətiyyən belə deyil.
Bunu Milli Məclisin deputatı Məlahət İbrahimqızı deyib. O deyib ki, insanlar artıq söz və mətbuat azadlığından başqa dövlətlərə qarşı təzyiq vasitəsi kimi istifadə edildiyini anlayırlar: "Bəzi dairələr söz və mətbuat azadlığından bir alət kimi istifadə edirlər. Məsələn, Fransada bir aydan çoxdur kütləvi iğtişaşlar baş verir. Müxtəlif insan qrupları öz fikirlərini ifadə etmək istəyirlər. Onlara qarşı hansı zorakılıqların edildiyni görürük. Ancaq Azərbaycanda heç bir hadisə baş vermədən, məsələn, hansısa jurnalistin vergini niyə ödəmədiyini soruşduqda az qala bütün dünya ayağa qalxır. Dərhal deyirlər ki, Azərbaycanda insan hüquqları pozulur, sərbəst toplaşmaq azadlığına məhdudiyyət qoyulur və sair".
M.İbrahimqızı əlavə edib ki, dünyanın aparıcı beynəlxalq təşkilatları böyük dövlətlərdə baş verən zorakılıqları görmürlər: "Bu mənada Avropada Azərbaycan kimi müstəqil, qətiyyətli siyasət yürüdən ölkələrə münasibətdə ciddi ədalətsizlik edilir, ikili standartlara yol verilir. Hətta mən deyərdim, riyakar bir siyasət aparılır. Kiçik bir hadisə baş verəndə az qalırlar onu beynəlxalq təşkilatların hesabatlarında əks etdirsinlər. Artıq Azərbaycan cəmiyyəti başa düşür ki, ölkəmiz gücləndikcə ona olan təzyiqlər də artır. Hansı ölkə müstəqil siyasət yürüdürsə, hansı ölkənin başçısı xalqının maraqlarını müdafiə edirsə, o ölkəyə qarşı ədalətsiz, çirkin kampaniyalar aparırlar".
Qeyd edək ki, dekabrın 24-də Rusiyanın məşhur "Rossiya 24" televiziyasında Prezident İlham Əliyevlə müsahibə yayımlanıb. Dövlət başçısı müsahibə zamanı bir sıra məsələlərə münasibət bildirib. O cümlədən Qərbin bəzi mətbuat orqanlarında ölkəmizlə bağlı yayılan əsassız yazılardan bəhs edib. Prezident qeyd edib ki, Azərbaycanın inamlı, davamlı, təhlükəsiz və sabit inkişafı bizə ziyan vurmaq istəyənlərə ən yaxşı cavabdır.