“Rusiyanın planları bunun reallaşmasına imkan vermir” Gündəm

“Rusiyanın planları bunun reallaşmasına imkan vermir”

“Ukraynanın NATO üzvlüyünün qəbul edilməsinin müharibənin dayandırılmasına zəmin yaradacağını demək çətindir. Çünki burada problemin, yəni Rusiyanın Ukraynaya hücumunun təməlində məhz NATO-nun genişlənməsinə qarşı addım dayanır. Rusiya əvvəlcədən NATO-nun genişlənməsinə qarşı çıxırdı. Müharibədən öncə NATO və Amerikaya təqdim edilən təhlükəsizlik təkliflərində də məhz NATO-nun Şərqə doğru genişlənməsinin qarşısını almaq tələbi irəli sürüldü. Ona görə Rusiya əvvəldən Ukraynanın neytallığını tələb edir, istəyir. Bu baxımdan deyək ki, Ukraynanın NATO-ya qəbul edilməsinin Rusiyanı dayandıracağını düşünmək çətindir. İlk növbədə elə Rusiya buna qarşı çıxacaq”.

Bu sözləri xalqcebhesi.az-a politoloq Asif Nərimanlı bildirib.

A.Nərimanlı qeyd edib ki, Böyük Britaniyanın keçmiş baş naziri Boris Consonun təklifi, əslində, Ukraynanın Donbasdan imtina etməsinin qarşılığında bir növ verilən dəstək kimi hesab oluna bilər: “Əslində, Qərbdə belə bir fikirlərsəsləndirilir ki, Rusiya və Ukrayna Donbasdan çıxsın, hansı ki, Rusiyanın tələb etdiyi ərazilər var ki, oradan çıxsın və qarşılığında Ukraynanın təhlükəsizliyini təmin etmək üçün NATO-ya qəbul edilsin. Çünki Ukrayna əvvəldən münaqişənin həllində öz təhlükəsizliyinin təmin edilməsi tələbini irəli sürür. Bunun necə baş verəcəyi, praktikada necə olacağı hələ də məlum deyil. Kağız üzərində müəyyən bir təklif irəli sürülürsə də, bunun praktikada necə olacağı bəlli deyil”.

“Görünür, Ukraynanın NATO-ya qəbul edilməsi məsələsi də bir növ təhlükəsizliyin təmin edilməsinin istiqamətlərindən biri kimi irəli sürülür və əvəzinə Ukrayna Donbasdan imtina etməlidir. Amma Ukrayna Donbasdan imtina edəcəkmi? Bu da ən mühüm məsələlərdən biridir. Ukrayna öz ərazisindən imtina etmək istəmir. Ona görə bu təklifin, yəni Ukraynanın NATO üzvlüyünün münaqişənin həllinə səbəb olacağı ilə bağlı deyilənlərin praktikada necə icra ediləcəyi sual altındadır. Bir tərəfdən Rusiya bunu qəbul etməyəcək, çünki Rusiyanın əsas tələblərindən biri budur. Avropaya qarşı irəli sürülən tələblər mediada yayılıb. Tələblər göstərir ki, Rusiya NATO-nun genişlənməsinə qarşı çıxır və Ukraynanın neytrallıq statusu ən önəmli məsələlərdən biridir. Digər tərəfdən Ukrayna öz ərazilərindən imtina etmək niyyətində deyil. O baxımdan yanaşdıqda hazırda əsas diqqət Donbas üzərində olsa da ümumi olaraq Rusiyanın planları bunun reallaşmasına imkan vermir. Düşünürəm ki, bu cür təklif irəli sürülüb müzakirəyə açıq ola bilər, ancaq onun praktikada reallaşması imkanları zəif görünür”- deyə politoloq deyib.

Röya İsrafilova