“Həmsədrlər işğalçı ölkəyə təzyiq göstərməlidirlər” Siyasət

“Həmsədrlər işğalçı ölkəyə təzyiq göstərməlidirlər”

Fikrət Sadıqov: "Amma nədənsə bu məqamda zəiflik nümayiş etdirirlər"


"ATƏT-in Minsk qrupunun həmsədrlərinin regiona son səfərindən münaqişənin həlli istiqamətində qeyri adi heç nə gözləmirik. Sadəcə bu səfər həm XİN başçılarının, həm də Azərbaycan Prezidenti ilə Ermənistanın baş naziri arasında keçirilən qeyri-rəsmi görüşündən sonra baş tutduğu üçün burada bir sıra məqamlar var". Bu fikirləri politoloq Fikrət Sadıqov deyib. O bildirib ki, həmsədrlərin son səfərində əsas məqsəd son məlumatları, vəziyyətləri öyrənmək idi: "Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində aparılan son danışıqlardan sonra həmsədrlər sanki kənarda qalmışdılar. Bu baxımdan onlar regiona səfərə gələrək bir sıra məlumatlar toplamaq, vəziyyəti və tərəflərin danışıqlara hazırlığını öyrənmək istəyirdilər ".
Politoloq söyləyib ki, ATƏT-in Minsk qrupunun hazırda məqsədi dövlət başçılarını bir masa arxasına əyləşdirmək, danışıqlar prosesinin qırılmasına yol verməməkdir: "Onlar da bu görüşlərdə müşahidəçi qismində iştirak etmək niyyətindədirlər. Halbuki əslində onlar işğalçı ölkəyə təzyiq göstərməlidirlər. Amma nədənsə bu məqamda həmsədrlər zəiflik nümayiş etdirir, sanki məsələdən yayınırlar".
F.Sadıqov qeyd edib ki, həmsədrlərin regiona son səfəri zamanı müsbət məqam onların Dağlıq Qarabağa getməməsi və separatçı rejimlə görüşməmələridir ki, bu da Ermənistan cəmiyyətində müəyyən rezonansa səbəb olub: "Ermənistan bunu hansısa iqlim səbəbləri ilə izah etsə, də əlbəttə ki, bu çox gülüncdür. Çünki, buna səbəb iqlim deyildir, siyasi məsələlər öz təsirini göstərmişdi. Həmsədrlər bu addımları ilə separatçıların danışıqlarda iştirak etməmələrinə, onların buna heç bir hüquq və mandatlarının olmadıqlarına işarə etdilər. Bu addımı diplomatik sahədə müsbət addım kimi qiymətləndirməliyik".
Politoloq hesab edir ki, yaxın müddətdə həm XİN başçıları, həm də Ölkə başçıları səviyyəsində görüşün baş tutması gözləniləndir: "Çünki, Minsk qrupunun əsas vəzifəsi və fəaliyyəti də bundan ibarətdir. Hesab edirəm ki, görüş baş tutacaq. Amma əsas məsələ onun nəticələridir. Azərbaycan üçün əsas görüş deyil, nəticədir. Artıq 25 ildir ki, nəticəsizliyi görürük. Bu baxımdan nəticə yenə də olmayacaqsa, o zaman həmsədrlərin fəaliyyətinin sıfır səviyyəsində olduğu bir daha sübut olunacaq. Onlar anlamalıdır ki, bu proses əbədi ola bilməz. Azərbaycan güzəştə gedib danışıqlarda iştirak edirsə, bu o demək deyil ki, bu əbədi olacaq".