Aİ ilə danışıqlar müsbət ruhda davam edir Siyasət

Aİ ilə danışıqlar müsbət ruhda davam edir

13 may

"Biz Avropa İttifaqı ilə yeni ikitərəfli saziş ilə bağlı keyfiyyətəyönümlü danışıqlar vasitəsilə ikitərəfli münasibətlərdə uğur əldə etməkdə maraqlıyıq. Mən davam edən danışıqların müsbət ruhunu yüksək qiymətləndirirəm. Biz bir-birimizdən və bir-birimiz barədə çox şey öyrənirik".

Bunu Azərbaycanın Xarici İşlər naziri Elmar Məmmədyarov "Şərq Tərəfdaşlığı" Xarici İşlər nazirlərinin mayın 13-də Brüsseldə keçirilən görüşündə deyib.

O vurğulayıb ki, bu, özlüyündə çox məhsuldar işdir: "Bir neçə ilə sektoral əməkdaşlığımızın əsası kimi çıxış edəcək Tərəfdaşlıq Prioritetləri sənədinin imzalanması ilə yanaşı, biz keçən il Aİ ilə bir sıra məsələləri müzakirə etdiyimiz iki yeni sektoral format – təhlükəsizlik və nəqliyyat dialoqlarına başlamışıq və bu bizə bir-birimizi daha yaxşı anlamağa kömək edir".

Elmar Məmmədyarov qeyd edib ki, enerji sahəsində biz Cənub Qaz Dəhlizinin (CQD) həyata keçirilməsi vasitəsilə strateji tərəfdaşlıq davam edir: “Bu layihə üzrə aparılan işlərin əsas hissəsi artıq yekunlaşdırılıb.Trans-Adriatik Boru kəməri (TAP) isə inşa olunmasının ən son mərhələsindədir. Biz həmçinin Qaz Dəhlizimizin coğrafi baxımdan genişləndirilməsi üzərində düşünürük. Lakin daha çox öngörülə bilən şərait Aİ-yə Azərbaycandan olan daha böyük həcmdə təbii qazı cəlb edə bilər. Elə buna görə də Dəhlizin növbəti mərhələlərdə inkişafı üçün Aİ tərəfindən öngörülə bilən qaydaların təmin edilməsi çox vacibdir. Bu fürsətdən istifadə edərək Qaz Dəhlizinin Azərbaycan və Aİ-nin birgə uğuruna çevrilməsi məqsədilə bəzi Avropa paytaxtlarından olan həmkarlarımızı əlindən gələni əsirgəməməyə çağırmaq istərdim”, - nazir qeyd edib.

Elmar Məmmədyarov Gürcüstan, Ukrayna, Polşa, Rumıniya, Avstriya, Almaniyadan olan bəzi özəl logistika şirkətləri artıq Azərbaycanla birlikdə regional ticarət dəhlizlərində təmsil olunduqlarını bildirib.

Onun sözlərinə görə, öz coğrafiyası və strategiyasına görə Asiya ilə Avropa arasında təbii körpü olan Azərbaycan həmişə regional və trans-regional bağlılıq təşəbbüslərinin fəal iştirakçısı və onların gerçəkləşdirilməsinə töhfə verən başlıca oyunçulardan olub: “Bu səbəbdən, Azərbaycan üçün uzlaşma imkanları həm Avropa İttifaqı ilə ikitərəfli gündəlikdə, həm də ŞT çərçivəsindəki çoxtərəfli müstəvidə mühüm yer tutmaqdadır”.

Nazir vurğulayıb ki, nəqliyyat sahəsində Trans-Avropa Şəbəkəsinin indikativ xəritələrinin Azərbaycana və sonra Asiyaya qədər genişləndirilməsi regional ticarət dəhlizlərinin birlikdə təşviq edilməsi üçün möhkəm zəmin yarada bilər: “Əslində, liman və dəmir yolları administrasiyaları, habelə Gürcüstan, Ukrayna, Polşa, Rumıniya, Avstriya, Almaniyadan olan bəzi özəl logistika şirkətləri artıq Azərbaycanla birlikdə bu regional ticarət dəhlizlərində təmsil olunublar. Bu siyahı artmaqda davam edir”.

Elmar Məmmədyarov qeyd edib ki, Avropada bir çoxları bu strateji ticarət sahəsində Azərbaycanla əməkdaşlıqda maraqlıdırlar: “Azərbaycan təqdim etdiyi fürsətləri və infrastrukturu qonşularla, eləcə də Asiya və Avropa ölkələri ilə bölüşür. Burada Şərq-Qərb, Şimal-Cənub və müəyyən sinergiya effekti də mümkündür, xüsusilə əgər biz Aİ-nin bəzi Asiya ölkələri ilə müxtəlif əməkdaşlıq strategiyalarını nəzərə alsaq. Açıq dənizə çıxışı olmayan ölkə olaraq, Azərbaycan öz quru sərhədlərindən kənara çıxıb geniş bölgə ərazisində daha böyük ticarət dinamikasının yaradılmasına çalışır. Beləliklə, yalnız bəzi misalları çəkərək deyə bilərəm ki, biz Niderland, Belçika, İtaliya, Rumınıyadan olan limanlarla etibarlı tərəfdaşlıq qurduq”.

Məmmədyarov deyib ki, Aİ-nin və Azərbaycanın qonşuluğunda bəzi məsələlər hələ də, təkmilləşdirilməlidir: “Bir sıra regional perspektivlər, o cümlədən bağlılıq, ticarət layihələri və bəzi digər təşəbbüslər həll olunmamış münaqişələrin girovu olaraq qalmaqdadır: “Ermənistan tərəfindən davam etdirilən Azərbaycan ərazilərinin işğalı bütün bölgəmizin daha yüksək əməkdaşlıq səviyyəsinə keçməsinə maneələr törədir. Bizə bölgənin tam potensialını açdırmalıyıq. Əgər biz birlikdə Şərq Tərəfdaşlığı vasitəsilə irəliləyiriksə, onda Aİ-nin qonşuluq siyasətinin məqsədlərinə nail olmaq üçün münaqişələrin nizamlanması və işğalın aradan qaldırılması məsələləri öz həllini tapmalıdır. Avropa Parlamenti tərəfindən 2013-cü ilin oktyabrında qəbul edilmiş qətnamədə bəyan edildiyi kimi, Aİ-nin bir tərəfdaşı digər tərəfdaşının ərazisini işğal edə bilməz. Beləliklə, burada təkcə BMT Təhlükəsizlik Şurası, BMT Nizamnaməsi və ya ATƏT sənədləri deyil – Aİ-nin qanunverici qurumu hər şeyi öz adı ilə adlandırmışdır. İnanırıq ki, Şərq Tərəfdaşlığının gələcəyi və uğuru məhz bölgədə təhlükəsizlik və sabitliyin qorunmasından asılıdır”.

Nazir bildirib ki, Aİ də daxil olmaqla bu proqramda iştirak edən bütün tərəflər ərazi bütövlüyü və beynəlxalq səviyyədə tanınmış sərhədlərin toxunulmazlığı prinsiplərini tam şəkildə dəstəkləməli və onlara əməl etməlidir: “Bu mövqeyə bütün səviyyələrdə və bütün formatlarda qəbul olunan bütün sənədlərdə riayət olunmalı və məhz belə yanaşma əsas meyar kimi götürülməlidir. Sonda qeyd etmək istərdim ki, Ermənistanın demokratik inkişafı bu ölkəni Azərbaycanla substantiv danışıqlar aparmağa sövq edəcək və bu da öz növbəsində zorla etnik təmizləməyə məruz qalmış azərbaycanlıların öz doğma yurd-yuvalarına qayıtmasına gətirəcək”.