Keçmiş məhkum Azərbaycan-İran sərhədini pozarkən saxlanılıb Siyasət

Keçmiş məhkum Azərbaycan-İran sərhədini pozarkən saxlanılıb

Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının “Göytəpə” sərhəd dəstəsinin Biləsuvar rayonunun Yuxarı Ağalı kəndi yaxınlığındakı sərhəd zastavasının xidməti ərazisində sərhəd naryadı tərəfindən 1 nəfər naməlum şəxsin Azərbaycandan İran İslam Respublikası istiqamətində dövlət sərhədini pozması müşahidə olunub və sərhəd naryadı tərəfindən “Dayan” əmri verilərək sərhəd pozucusu saxlanılıb.
DSX-dən verilən məlumata görə, ilkin araşdırma zamanı saxlanılan şəxsin Cəlilabad rayon sakini, 1973-cü il təvəllüdlü İbrahimov Zahid Eldar oğlu olduğu məlum olub.
Araşdırma zamanı Zahid İbrahimovun 2018-ci ildə oğurluğa görə məhkum olunması və 2019-cu ilin iyun ayında vaxtından əvvəl şərti azadlığa buraxılması müəyyən edilib.
Bundan başqa, Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının “Xudat” sərhəd dəstəsinin Qusar rayonunun Samur qəsəbəsi ərazisində yerləşən sərhəd zastavasının xidməti sahəsində Azərbaycandan Rusiya Federasıyası istiqamətində dövlət sərhədinin pozulması aşkar olunub, sərhəd zastavası “Silaha” komandası üzrə qaldırılıb, xidməti ərazi tam qapadılıb. Görülən tədbirlər nəticəsində Qusar rayonunun Samur çay yatağında Əlcəzair Respublikasının vətəndaşı, 1987-ci il təvəllüdlü Lahlah Djamal sərhəd pozucusu qismində saxlanılıb.
Hər iki fakt üzrə zəruri əməliyyat-istintaq tədbirləri həyata keçirilir.