16:20
574
Bu həftə Avropada (İtaliyada KNDS və Bolqarıstanda EMCO) yanan və partlayan zavodlar Ukraynaya silah və hərbi sursat tədarükü ilə bağlıdır.
Xalqcebhesi.az xəbər verir ki, bu barədə "Politika stranı" məlumat verir.
EMCO sovet standartlarına uyğun sursatlar (122 mm və 152 mm-lik artilleriya mərmiləri, "Grad" YARS üçün raketlər, 60, 82, 120 mm-lik minaatan mərmiləri, qumbaraatanlar üçün atəşlər) istehsal edir, həmçinin yüngül zirehli texnikanın təmiri və modernləşdirilməsi ilə məşğul olur.
Fransa-Almaniya birgə müdafiə konsorsiumu olan KNDS-in İtaliya bölməsi Avropa ordularının ehtiyacları və Ukraynaya tədarük üçün mərmilər (o cümlədən 155 mm-lik NATO standartı) buraxır, Ukrayna Silahlı Qüvvələrinə yüzlərlə əsas döyüş texnikası — CAESAR, PzH 2000 özüyerən artilleriya qurğuları, Leopard 1/2 tankları, Gepard özüyerən zenit qurğuları, AMX-10 RC zirehli maşınları tədarük edir. Holdinq həmçinin Kiyevdə Qərb texnikasına birbaşa Ukraynada texniki xidmət göstərilməsi, təmiri və sursat istehsalının lokallaşdırılması ilə məşğul olan "KNDS Ukraine" törəmə şirkətini açıb.
Xatırladaq ki, avqustun 13-də Roma yaxınlığındakı Kolleferro şəhərində yerləşən "KNDS Ammo Italy" zavodunda yanğından sonra güclü partlayış baş verib, avqustun 10-da isə Bolqarıstanın Belitsa kəndindəki EMCO silah zavodunda bir neçə partlayış olub.
Eyni dövrdə Rotterdam limanındakı sənaye obyektində də partlayış baş verib və "Gunvor Energy" terminalı zərər çəkib. İlkin məlumatlara görə, hadisə təmir işləri zamanı neft məhsulları çəninin yaxınlığında baş verib. Bir nəfərin həlak olduğu və bir neçə nəfərin yaralandığı bildirilir.
Hadisələr seriyası təhlükəsizlik tələblərinin pozulması və təsadüfi alışmadan tutmuş təxribat versiyasına qədər ehtimal olunan səbəblərin müzakirəsinə yol açıb. Hadisələrin bir-biri ilə bağlı olduğuna və ya təxribat xarakteri daşıdığına dair hələlik rəsmi təsdiq yoxdur.
Məryəm Quliyeva