“Pakistan Ermənistanı dövlət kimi tanımır” Siyasət

“Pakistan Ermənistanı dövlət kimi tanımır”

Said Xan Mohmand: “Bu, aydın bir mövqedir”

Kəşmir Həmrəylik günü münasibətilə Pakistanın Azərbaycandakı səfirliyində tədbir keçirilib. Tədbirdə çıxış edən Pakistanın ölkəmizdəki fövqəlaqə və səlahiyyətli nümayəndəsi Said Xan Mohmand Kəşmirdə baş verən faciəli hadisələrdən danışıb.
Said Xan Mohmand Pakistan İslam Respublikasının Prezidenti Dr.Arif Alvinin və Pakistan İslam Respublikasının Baş Nazirinin Kəşmir Həmrəylik günü ilə əladar müraciətlərini oxuyub. Müraciətdə bildirilib ki, 5 avqust tarixində Hindistan özünü vətəndaşlıq və ədalət yalanlarından azad edərək Kəşmir xalqını şəxsiyyətlərindən məhrum etməyə çalışıb.
"5 avqust 2019-cu il tarixli qanunsuz və birtərəfli hərəkəti ilə Hindistan birbaşa Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının qətnamələrinə zidd çıxıb və Kəşmir xalqına qarşı daha da qəddarlaşmağa çalışıb və həmin Qətnamələr vasitəsilə beynəlxalq ictimaiyyət tərəfindən vəd edildiyi kimi öz müqəddəratını təyin etmək qanuni hüquqlarından məhrum edilməsi üçün əlavə tədbirlər görüb. Lakin dünya Hindistanın xain davranışını rədd edib və indi onun xəyal demokratiyası beynəlxalq ictimaiyyətin gözü qarşısındadır. Bu gün 6 aydır qeyri-insani mühasirəyə və rabitə blokadasına məruz qalan Kəşmirli qardaş və bacılarımıza sarsılmaz dəstəyimizi bir daha təsdiqləmək üçün Kəşmirin Həmrəylik Gününü qeyd edirik.
Səfir qeyd edib ki, Hindistanın işğalçı qoşunları 8 milyon kəşmirlini öz torpaqlarında əsirə çevirib: "Pakistan hərbi mühasirənin və rabitə blokadasının ləğv edilməsini, habelə Hindistanın qanunsuz hərəkətlərinin durdurulmasını tələb edir. Qeyri-qanuni tutulan və həbs edilənlər sərbəst buraxılmalıdırlar. Hindistanın işğalı altında olan Jammu və Kəşmir xalqı ilə sarsılmaz həmrəyliyimizi bildiririk və Pakistanın daim onlarla birlikdə olacağına əmin edirik. Pakistan Kəşmir xalqına Birləşmiş Millətlər Nizamnaməsinə və BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinə uyğun olaraq öz müqəddəratını təyin etmək üçün qanuni hüquqlarını həyata keçirənə qədər tam mənəvi, siyasi və diplomatik dəstəyini davam etdirəcəkdir".
Said Xan Mohmand qeyd edib ki, bu gün Azərbaycanın da əraziləri işğal altındadır, bir milyona yaxın qaçqını var: "Dağlıq Qarabağ və Kəşmir məsələsi oxşar məsələlərdir. Qarabağ qanunsuz olaraq işğal olunub. BMT Təhlükəsizlik Şurası Kəşmirlə bağlı 11, Dağlıq Qarabağla bağlı 4 qətnamə qəbul edib. Lakin təəssüf ki, qətnamələrin heç biri hazırda yerinə yetirilməyib".
Said Xan Mohmand deyib ki? Azərbaycan Prezidenti ilə Pakistanın Baş naziri Davosda keçirdikləri görüş zamanı iki əsas məsələni müzakirə ediblər. O bildirib ki, bunlar Dağlıq Qarabağ və Kəşmir məsələsidir. Prezident İlham Əliyev Baş nazirə Qarabağ münaqişəsi barədə ətraflı məlumat verib. Eyni zamanda Kəşmirlə bağlı müzakirələr aparılıb və Bakının bu məsələdəki dəstəyinə görə təşəkkürünü bildirib.
Səfir deyib ki, iki ölkənin liderləri müxtəlif platformalarda görüşməsi Azərbaycan və Pakistan münasibətlərində mühüm rol oynayır.
"Azərbaycanla Pakistan arasında əlaqələr yüksək səviyyədədir", - deyən səfir bildirib ki, Pakistan hər zaman Azərbaycan xalqının yanındadır: "Pakistan Qarabağ məsələsində Azərbaycana dəstəyini verir. Bu aydın bir mövqedir. Pakistan Ermənistanı dövlət kimi tanımır".