“Rusiyanın Türkiyə kimi müttəfiqə ehtiyacı var” Siyasət

“Rusiyanın Türkiyə kimi müttəfiqə ehtiyacı var”

Əziz Əlibəyli: “Moskva-Ankara münasibətlərinin qırılma nöqtəsinə qədər gərginləşəcəyinə inanmıram”

Türkiyə ilə Rusiya arasında İdlib gərginliyi davam edir. Eskpertlər gərginliyin səbəbi və iki ölkə arasındakı münasibətlərə necə təsir edəcəyi ilə bağlı müxtəlif açıqlamalar verirlər.
Türkiyənin Azərbaycandakı səfirliyindən “Xalq Cəbhəsi”nə verilən məlumatda bildirilir ki, Türkiyə Müdafiə Nazirliyi Suriya Prezidenti Bəşər Əsəd ordusuna yenidən zərbə vurulduğunu açıqlayıb. Müdafiə Nazirliyinin məlumatında İdlib bölgəsində 63 Əsəd döyüşçüsünün məhv edildiyi bildirilir: “13 hərbçimizi şəhid edən Bəşər Əsəd rejiminə yenidən böyük zərbə vuruldu. İdlib bölgəsində müxtəlif mənbələrdən alınan son məlumatlara görə, 63 rejim ünsürü zərərsizləşdirilib”.
Təbii ki, yaranan situasiyadan Rusiya-Türkiyə yaxınlaşmasına qarşı olan qüvvələr yararlanmaq istəyirlər. Bu istiqamətdə ABŞ xüsusi fəallıq göstərir.
ABŞ Dövlət Departamentinin Suriya üzrə xüsusi nümayəndəsi Ceyms Cefri deyib ki, ABŞ, Rusiya, Türkiyə və İsrail Suriyada ehtiyatlı davranırlar, buna görə də onların iştirakı ilə genişmiqyaslı hərbi münaqişə istisna olunur: “Hazırda ABŞ, İsrail, Türkiyə və Rusiya kimi bölgədə böyük oyunçuların iştirakı ilə genişmiqyaslı hərbi əməliyyatların başlamasını istisna edirik, çünki bu ölkələr çox ehtiyatla davranırlar”. Onun sözlərinə görə, bu ölkələr Suriya ilə bağlı fikir ayrılıqlarını diplomatik yollarla aradan qaldırmağa çalışırlar.
Uzun illər ərzində ilk dəfə olaraq Suriya ordusu (Bəşər Əsəd ordusu) ölkənin şimalına əks-hücum zamanı əhəmiyyətli M-5 Dəməşq-Hələb avtomobil yolunu tam nəzarət altına almağa müvəffəq olub, lakin İdlib əyalətində yerləşən türk müşahidə postları həmin ərazilərin yaxınlığında yerləşir.
Rusiyanın Ankaradakı səfiri Aleksey Erxov diqqətə çatdırıb ki, yanvar ayının son iki həftəsində mindən çox raket hücumu qeydə alınıb: “Səbir tükənib və Suriya ordusu öz torpaqlarının hər qarışını geri almaq qərarını verib”.
Açıqlamasında Türkiyəni üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməməkdə ittiham edən, türk əsgərlərinin Suriyada öldürülməsi faktının isə üzərindən sükutla keçən səfir Bəşər Əsədin İdlibi geri almaq niyyətinə dəstəyini ifadə edib. Səfir əlavə edib ki, Suriya ordusu öz torpaqlarını geri almaq istəyir: “Suriya ordusu öz torpaqları və xalqı üçün vuruşur. Bir qrup saqqallı əcnəbilərin diktə etdiyi şərtlərə görə deyil, ataları kimi yaşama haqları üçün savaşırlar. Bu səbəbdən də qanunsuz silahlı qurupların əlində olan kəndi və strateji əhəmiyyətli M5 şosesini xilas ediblər. Artıq kimsə hücuma məruz qalan Suriya ordusunu geri qaytara bilməz”.
Səfir qeyd edib ki, bəziləri üçün Dəməşqdə hökumət legitimliyi itmiş ola bilər, amma bəziləri üçün isə bu əksinədir: “Belə düşünənlərin də sayı az deyil. BMT üzvlərinin böyük bir qismi bu hökuməti legitim sayır. Dəməşqi hər fürsətdə tənqid edən, amma əlaqələrini qoruyan və fərqli məsələlərdə əməkdaşlıq edənlər də var. “Müharibə iqtisadiyyatı” çox hiyləgər və maraqlıdır.
İkincisi, Dəməşq və Rusiyanın pozduğu iddia edilən 2018-ci ilin 17 sentyabr razılaşması nədir? Bu, ikili razılaşmadır və anlaşma çərçivəsində tərəflər üzərlərinə açıq və net öhdəliklər götürüb. Məsələn, Rusiya İdlibdə gərginliyi azaltmaq zonasında Türk müşahidə nöqtələrinin olmasını və bölgədə hərbi status-kvonun saxlanılmasını qəbul edib. Türkiyədə İdlibdə yaradılan 15-20 kilometrlik silahsız bölgədə radikal terrorçu qrupları, tankları, raketləri, artilleriya daxil olmaqla bütün ağır silahları oradan çıxardılması öhdəliyini götürüb. M4 və M5 quru yolunun açılması məsələsində də razılaşma əldə edildi. Nə oldu, terrorçular çıxarıldımı? Yollar açıldımı? Əgər, öhdəliklərinizi yerinə yetirə bilmirsinizsə, digər tərəflərdən öz öhdəliklərini yerinə yetirməyi tələb etmək haqqınız varmı? Razılaşma tərəflərinin öhdəlikləri “dialektik birlik” içində olmalıdır, əks təqdirdə bərabər tərəfdaşlıq haqqında danışmaq çətindir. Silahlı dəstələr tərksilah edilməyib və radikallarla liberallar bir-birindən ayrılmayıb. Nə fərq edər? Çox şey... Çünki terrorçular, onları kimsənin silahsızlaşdırmadığını və ayırmadığını görəndə ürəkləndilər və ötən ilin yazından etibarən Suriya hökumət ordusuna və Hmeymindəki rus hava bazasına hücumlar getdikcə artdı. 2019-cu ilin dekabr, 2020-ci ilin yanvarı dövründə Suriya ordusu mövqelərinə və ona yaxın kəndlərə hücumlar daha təsirli oldu. Ötən ilin dekabr ayında terrorçular tank, piyada avtomobillər, toplarla 1400-dən çox hücum həyata keçirib. Yanvarın ortalarında Türkiyə ilə birlikdə İdlibdə daha bir dəfə də atəşkəs elan etməyə çalışdıq. Nə oldu? Yanvarın sonuncu 2 həftəsində mindən çox hücum oldu, yüzlərlə suriyalı əsgər və mülki insan öldü, yaralandı. Dronlar vasitəsilə Hmeymimə hücumlar davam etdi. Burada da səbr tükəndi və Suriya orusu torpaqlarının hər bir qarışını almağa qərar verdi. Xüsusilə, qeyd edirəm Suriya ordusu öz torpaqları, öz xalqı üçün savaşır. Bir dəstə saqqallı əcnəbilərin şərtlərinə görə deyil, ataları kimi yaşama haqları üçün savaşırlar. Bu səbəbədən də qanunsuz silahlı dəstələrin əlindən onlarla kəndi və strateji əhəmiyyətli M5 quru yolunu xilas etdilər. Artıq kimsə hücuma məriz qalan Suriya ordusunu geri çöndərə bilməz”.
Səfir əlavə edib ki, Soçidə Türkiyənin varlığı mövzusunda anlaşılanda bu hərbi nöqtələrin müqavilədə göstərilən atəşkəsi və anlaşmanın yerinə yetirməsi qeyd edilib: “Ancaq razılaşma yerinə gətirilmədi, toqquşmalar davam edir. Və belə bir sual ortaya çıxır: bu nöqtələrdə nə üçün müşahidə aparılır? Bu strukturların funksiyası nədir? Hərbi dildə bunun adı “möhkəmləndirilən mövqelərdir. Yerli KİV türklər möhkəmlənən mövqelərdən Suriya ordusuna artilleriya atəşinin açıldığını qeyd edir. Bu nöqtələr əslində cəbhənin arxasında qalıb və orada nə edirlər?”.
“Türkiyə İdlibdəki radikal və liberal silahlı dəstələri bir-birindən ayırma mərhələsinə başlada bilsə, nə olar” sualına gəldikdə səfir Erxov deyib ki, bu istiqamətdə müəyyən işlərin görülməsi yaxşı olardı: “Ancaq bu asan deyil. Mütəxəssislərin dediyinə görə, bu gün orada vuruşan savaşçılar mülayim ola bilər, ancaq sabah bir terrorçu qrupun liderinə biət etdiyini də açıqlaya bilər, üstəlik 100 dolların qarşılığında. Sabah aldığı bu pulun qarşılığında Liviyaya gedər. Sözsüz ki, belə insanı oxşarlarından ayırmaq çox çətindir”.
Almaniyanın xarici işlər naziri Hayko Maas deyib ki, Suriyadakı Bəşər Əsəd rejimi qəddarlıqla müdafiəsiz insanları hədəf alır. Nazir hazırda İdlibdə gərginliyin dramatik şəkildə artdığını, fəlakət həddinə çatdığını bildirərək, rejim ordusundan hücumları dayandırmasını tələb edib. Maas gərginliyin azaldılması üçün Rusiya və Türkiyə arasında əldə olunmuş anlaşmaların işə yaramadığını bildirib. O, Əsəd rejiminin Rusiyanın dəstəyindən sui-istifadə etiyini də vurğulayıb.
Onu da əlavə edək ki, Rusiya Xarici İşlər naziri Sergey Lavrovla Türkiyə Xarici İşlər naziri Mövlud Çavuşoğlu arasında görüş planlaşdırılır. “Röyter” agentliyi bildirir ki, Suriyaya görə gərginləşən Moskva-Ankara münasibətləri çərçivəsində nazirlər Münhendə bir araya gələcək.
Politoloq Əziz Əlibəyli “Xalq Cəbhəsi”nə bildirdi ki, İdlib müxalifətin və anti-Əsəd qüvvələrinin son qalasıdır. Onun sözlərinə görə, İdlib rejim qüvvələri, İran və Rusiya tərəfindən ələ keçirilərsə, məsələ Əsədin lehinə həll olar: “Digər bir məsələ, İdlib həmçinin Türkiyənin dəstəklədiyi Azad Suriya Ordusu və türk əsgərləri üçün ən böyük qaladır. Üçüncü məsələ, İdlibdə 5 milyon mülki əhali yaşayır. Onların buranı tərk etməsi Türkiyəyə əlavə 5 milyon qaçqının gəlməsi deməkdir. Sonuncu olaraq isə Soçi müqaviləsi ilə bağlı olan nüansdır. Müqaviləyə əsasən, Rusiya və Türkiyə arasında razılıq əldə olundu ki, həmin bölgələr Türkiyənin nəzarətinə keçməli, lakin terrorçular Rusiya və Əsəd qüvvələrindən uzaqlaşdırılmalıdır. İndi Rusiya və Suriya əsas gətirir ki, Türkiyə həmin bölgəyə nəzarət edə bilmir, rus qoşunları zərər çəkir. Ona görə də, bu yerlərdən Türkiyəni uzaqlaşdırmağa çalışırlar”.
Rusiya -Türkiyə münasibətlərinə gəlincə politoloq deyib ki, bunu bir neçə istiqamət üzrə qiymətləndirmək lazımdır: “Ən vacib yanaşma budur ki, bu münasibətlərin toqquşması Suriyadan başlamayıb. Türkiyə-Rusiya maraqları Ukraynada, Qafqazda, Balkanlarda, məsələn Serbiya və Kosovada, Kiprdə, Aralıq dənizi bölgəsində, Liviyada toqquşur. Üst-üstə düşmür, konkret olaraq toqquşur. Amma son üç ildə maraqların toqquşması məhz Suriya ilə bağlı olub. Öncə Suriyadan başlayaq. Bu artıq diplomatik toqquşma mərkəzindən aktiv toqquşma mərkəzinə çevrilib. 2015-ci ilin oktyabrında yaşanan hadisəni xatırlayaq. Rusiya təyyarəsinin vurulmasından sonra münasibətlər yeni sferaya keçdi. Rusiya təyyarəsinin türklər tərəfindən vuruldu, amma sonra münasibətlər mülayimləşdi və iqtisadi münasibətlər yenidən yüksəlməyə başladı. Söhbət həm Suriyada əməkdaşlıqldan, həm də iqtisadi əməkdaşlıqdan gedirdi. 2016-2018-ci illər ərzində Suriya ərazisindəTürkiyə- Suriya münasibətlərində fasilə yarandı, tərəflər, xüsusən Rusiya bir- birlərini qıcıqlandırmamağa çalışdı.
İdlibdə əməliyyatlarda fasilə yarandı. Bu günlərdə İrandan Əsədə “İdlibi vur” əmri gələndə bu bölgə yenidən bir neçə münasibətlərinin qarşılaşma nöqtəsinə çevrildi”.
Ekspert diqqətə çatdırıb ki, İdlibdə yaşanan br neçə vacib məqamı qeyd etməliyik: “Türkiyənin “Fərat qalxanı” əməliyyatı başa çatmadı. Ankara YPG-nin Türkiyə sərhədlərində parçalanmasını, uzaqladırılmasını istəyirdi. Ruslar isə türk ordusunun qarşısına sədd çəkdilər. Bunun adını güvənli ərazi qoydular.Soçi sazişi bağlandı. Türkiyənin burda uduzduğu məqam oydu ki, türklər Suriyada hərbi hava qüvvələrindən yaralana bilməyəcəkdi. Bu Rusiyanın türklərə “hədiyyəsi” oldu. Afrin əməliyyatından sonra Resul -Aynla Tel-Abayn arasındakı ərazi türklərin nəzarətinə keçdi. “Pınar əməliyyatı” əslində uğurla gedirdi. Lakin Putinlə Ərdoğanın 6 saatlıq danışması burdada öz rolunu oynadı.İşlər yarımçıq qaldı. Üstəlik qıcıqlandırıcı məqam budur ki,Rusiya YPG-nin ofisini Moskvada açdı və ofis hələ də qalmaqdadır. İndi məsələ nə yerdədir?
İdlibdə 5 milyon əhali yaşayır və onların həyatına zəmanəti Türkiyə verir ,onların təhlükə altında olması idliblilərin Türkiyəyə kütləvi köçü demək olacaq. Rusiya-Türkiyə münasibətlərinin qırılm nöqtəsinə qədər gərginləşəcəyinə inanmıram. Rusiyanın Türkiyə kimi müttədfiqə ehtiyacı var, onun ABŞ cəbhəsində yer almasını gözə almaya bilməz. Eyni zamanda S-400- lərin satışını dayandırmaq istəməz.Türkiyənin bu silahları alması onu həm Rusiya ilə sıx bağlayır, həm də digər ölkələri bu silahları almağa həvəsləndirir.Üstəlik Rusiya tərəfindən baxılarsa, bu saziş NATO-Türkiyə münasibətlərində soyuqluq yaradır...”.

Əli