Tehran Dağlıq Qarabağda keçirilən qondarma seçkiləri tanımır Siyasət

Tehran Dağlıq Qarabağda keçirilən qondarma seçkiləri tanımır

İranın bir sıra mətbuat orqanları Azərbaycanın işğal edilmiş Dağlıq Qarabağ regionunda ermənilərin keçirdikləri saxta seçkilərə diqqət ayırıb.
İRNA, İSNAvə digər saytlar qondarma “Dağlıq Qarabağ Respublikasında” keçirilən seçkilərin beynəlxalq təşkilatlar və dünya dövlətləri tərəfindən tanınmadığını nəzərə çatdırıblar.
Qeyd olunub ki, rəsmi Tehran da beynəlxalq hüququ, dövlətlərin ərazi bütövlüyü və suverenliyinin qorunmasını əsas tutaraq qondarma respublikada keçirilən prezident və parlament seçkilərini tanımır. İranın Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Abbas Müsəvi bu məsələyə münasibət bildirərək deyib ki, İran münaqişənin dövlət sərhədlərinin toxunulmazlığı prinsipi əsasında həll olunmasını istəyir.
Materiallarda vurğulanır ki, Sovet İttifaqının dağılması ərəfəsində mərkəzi hökumətin zəifləməsindən istifadə edən Ermənistan Azərbaycanın Dağlıq Qarabağ regionunu işğal edib. Bu gün tərəflər arasında ATƏT-in Minsk qrupu çərçivəsində sülh danışıqları aparılır. İran bu münaqişənin sülh yolu ilə, beynəlxalq hüquq normalarına əsasən və dövlətlərin ərazi bütövlüyü çərçivəsində həll olunmasına tərəfdardır.