Qazanan Hacılı, itirən müsavatçılardı... Siyasət

Qazanan Hacılı, itirən müsavatçılardı...

Nəhayət, dörd il gecikməklə Müsavat Partiyasının qurultayı keçirildi. Gecikmənin səbəbini eks başqan İsa Qəmbər və digərləri qurultay nümayəndələrinin sayının 800-dən, üstəgəl qonaqların da sayının 200-dən çox olmasıyla yozdular. Şəxsən mən bir qədər inanmışdım da... Ancaq 27 sentyabrda, yəni qurultayın keçirildiyi tarixdə hər şey gün kimi aydın oldu-başqan seçimi zamanı səs verənlərin sayı 450-dən artıq deyil. Bəlkə də elə buna görədir ki, Mərkəzi Nəzərət Təftiş Komissiyasının keçmiş üzvü Əlövsət Talışxanlı mətbuata açıqlamasında hələlik üstörtülü etirazını bildirib: "Mən seçkinin nəticələrini tanımıram və hesab edirəm ki, o ləğv olunmalıdır. Çünki əvvəldən nizamnamə tələblərinə əməl edilməyib. Rayon təşkilatlarında keçirilən konfranslardan, yığıncaqlardan tutmuş, birtərəfli qaydada, qanun pozuntuları baş verib. Ona görə də, biz indi həmin pozuntuları cəmləşdirib fikrimizi bildirəcəyik".
Əlövsət Talışxanlı yeni başqanın legitimliyini tanımadığını da vurğulayıb və başqan olaraq Qubad İbadoğlunu qəbul etdiyini deyib: "Biri var, seçki siyasətini nizamnaməyə uyğun formalaşdırasan, biri də var ki, nizamnaməni öz siyasətinə uyğunlaşdırasan. Bunlar qanunu öz xeyirlərinə uyğun tərtib etdilər. Buna görə mən və tərəfdarlarım onu başqan kimi tanımırıq".
Əlövsət Talışxanlı səbəb kimi seçkiyə qədər baş verən qanun pozuntularını göstərib: "Qaldı partiyadan gedib-getməmək məsələsinə, bu barədə yekun qərarımı 2-3 günə açıqlayacam. Amma indi meydanı tək qoymaq istəmirik. MNTK-nın üzvü kimi, mən 92-ci ildə bu səlahiyyətə malik idim. Elə buna görə də, partiya daxilində məni yaxşı tanıyırlar. Təsəvvür edin, mən Məclisə keçmirəm, amma hansısa tanınmamış sima keçir".
Keçmiş MNTK üzvünün vəd verdiyi kimi gözləyək, nizamnamə pozuntusunu öyrənəcəyik...
...Qurultay öncəsi "Baş üstündə əl" başlıqlı yazımda bəzi məqamlara toxunmuşdum. Həmin yazıda bildirmişdim":...yüksək status məsələsi başqanın arzusu və bəlkə də şərtidir. Necə ki, bu gün AMİP-də, ALP-də, ACP-də bu praktika tətbiq olunub. Yəni Etibar Məmmədov, Lalə Şövkət və Rəsul Quliyev yaratdıqları partiyaların liderləri seçiliblər. Ancaq gəlin etiraf edək ki, hər üç partiyada həmin praktika heç bir effekt verməyib. Əksinə, həmin partiyalar bu gün yox olmaq təhlükəsilə üz-üzədirlər. Çünki partiya rəhbərliyinə gətirilən şəxslər-Əvəz Temirxan intisna olmaqla- başlarında "əl" olmasını istəməyiblər. Bəlkə də elə bunun nəticəsidir ki, AMİP-də Etibar Məmmədovdan sonra üç sədr dəyişdi və sonuncu olan Yusif Bağırzadənin bu postda nə qədər duruş gətirəcəyi hələ sual altındadır. Güman ki, parlament seçkilərindən sonra Yusif Bağırzadə siyasi yoluna yenidən nəzər salacaq. ACP isə Sülhəddin Əkbərdən sonra sədrsiz qalıb. Məlum "əl"i qəbul edən biri hələlik tapılmayıb.
İndisə keçirəm Müsavat Partiyasındakı duruma. Qubad İbadoğlu, Arif Hacılı, Tural Abbaslı və Səxavət Əlisoy Müsavat başqanlığı uğrunda mübarizə aparırlar. Sentyabrın 27-nə kimi namizədlərin sayında azalma da ola bilər. Yəni hansısa biri o birinin xeyrinə namizədliyini geri götürər. Hazırda isə durum belədir-başqanlıq uğrunda dörd namizəd.
Siyasi müşahidəçilərin, eləcə də medianın apardığı təhlillərdən gəlinən nəticə budur ki, başqanlıq uğrunda mübarizə Qubad İbadoğlu və Arif Hacılı arasında olacaq. Çünki digər iki namizədin siyasi arenada, eləcə də ictimaiyyət arasında nüfuzu başqan ola biləcək səviyyədə deyil.
Arif Hacılını tanıyanlar deyirlər ki, çılğındır, emosionaldır, siyasi proseslərdə radikallığa üstünlük verəndir, ona vaxtilə olunan haqsızlığı və xəyanəti hələm-hələm unudan deyil və ən əsası xarizması yoxdur.
Qubad İbadoğlunu tanıyanlar isə bildirirlər ki, səbrlidir, hər kəsi dinləmək və nəticə çıxarmaq bacarığı var, radikallığı qəbul etmir.
İsa Qəmbərə partiyada yüksək statusun verilməsi məsələsinə gəlincə, hər iki namizədin bu şərti qəbul edəcəkləri sual doğurur. Çünki başlarında "əl"i qəbul etmək, Müsavatın AMİP, ACP, ALP-nin durumunu yaşaması deməkdir..."
Bir jurnalist kimi proqnozlarım əsasən düz çıxdı. Ancaq bir məsələdən başqa - Arif Hacılı İsa Qəmbərin əlini başının üstündə qəbul edərək başqan kürsüsünə sahibləndi. Həm də seçkidən sonra verdiyi ilk müsahibədə özünün zəif siyasətçi olduğunu göstərdi. Bəs hər zaman demokratik dəyərlərdən danışan İsa Qəmbər nədən dünyada anoloqu olmayan bir işə razılıq verib? 2018-ci ildə keçiriləcək prezident seçkilərində Müsavatın namizədi olaraq marafona qatılacağını nəzərdə tuturam.
Sonda gəlinən nəticə budur - qurultay şousundan İsa Qəmbər qazandı - prezident seçkilərində namizəd olmağı. Elə Arif Hacılı da qazandı - çoxdan həsrətini çəkdiyi başqanlıq postunu. Uduzansa müsavatçılar oldu. Səbəbini hər kəs bilir. Bilməyənlər bilənlərdən öyrənsin....