IV Bakı Beynəlxalq Humanitar Forumun əhəmiyyəti Siyasət

IV Bakı Beynəlxalq Humanitar Forumun əhəmiyyəti

"Öz alternativlərindən fərqli olaraq Bakı Beynəlxalq Humanitar Forumu hansısa gücün, yaxud geosiyasi qütbün diqtəsi altında keçirilmir"

IV Bakı Beynəlxalq Humanitar Forumu dünyanın nüfuzlu siyasətçilərinin, elm və incəsənət xadimlərinin verdiyi çox önəmli mesajlarla yadda qalıb. Foruma qatılan bütün iştirakçılar bu beynəlxalq tədbirin mühüm əhəmiyyətindən və onun mədəniyyətlərarası dialoqa verdiyi töhfədən söhbət açıblar.
Kimya üzrə Nobel mükafatı laureatı Rudolf Markus deyib Bakı Beynəlxalq Humanitar Forumu dünyanın müxtəlif sahəsindən olan elm adamlarını bir araya toplayan mühüm tədbirlərdən biridir: "Burada tək mövcud problemlərdən deyil, eləcə də onların həlli yolları və imkanları müzakirə olunur. Elm adamları problemli məsələlərə öz nəzər nöqtələrindən yanaşır və fikirlərini ifadə edirlər". Bakı Beynəlxalq Humanitar Forumunda üçüncü dəfə iştirak etdiyini deyən Nobel mükafatı laureatı Markus əlavə edib ki, Bakıda böyük dəyişikliklər müşahidə edib: "Eyni zamanda Bakı Beynəlxalq Hava Limanı da xeyli dəyişib. Paytaxtınızda müasirliklə yanaşı, tarixin qorunduğunu özündə əks etdirən binalara da rast gəldim".
Rusiya Prezidentinin beynəlxalq mədəni əməkdaşlıq üzrə xüsusi nümayəndəsi IV Bakı Beynəlxalq Humanitar Forumu çox əhəmiyyətli və vacib beynəlxalq toplantı kimi qiymətləndirib: "Bu forum siyasətçilərin, alimlərin, mədəniyyət xadimlərinin, nəzəriyyəçilərin, vətəndaş cəmiyyəti nümayəndələrinin görüşdükləri beynəlxalq intellektual cəmiyyətin diskussiya mərkəzidir".
"Mən bu forumun demək olar ki, ən köhnə dostu sayılıram. Artıq dördüncü dəfədir ki, qatıldığım Bakı Beynəlxalq Humanitar Forumunda mən, eyni zamanda, Rusiyanın koordinatoru kimi çıxış edirəm. İllər ötdükcə forumun əhəmiyyəti çox artır. Çoxlu sayda qonaqların gəlməsi isə ən ciddi, ən dərin və əhəmiyyətli intellektual, siyasi və mülki problemləri müzakirə etməyə ehtiyac olduğunu göstərir. Hətta qonaqlarının sayının deyil, iştirakçıların nüfuzuna görə də bu forum demək olar ki, müqayisə olunmazdır. Bütün beynəlxalq təşkilatlar da bu forumun işinə qatılır".
"Azərbaycanın müasir dünyada və regionda rolunun artmasında forumun əhəmiyyəti danılmazdır", - deyən Mixail Şvıdkoy əlavə edib ki, IV Bakı Beynəlxalq Humanitar Forumu Şərqlə Qərb arasında, müsəlman və slavyan, Avropa dünyası arasındakı vacib mədəni, siyasi, iqtisadi mərkəzlərdən birinə çevrilib: "Bu, təkcə Azərbaycanın regionda deyil, dünyada nüfuzunun artmasının əyani göstəricisidir. Eyni zamanda, Azərbaycana hörmətin bariz nümunəsidir. Forum həmçinin Azərbaycana bir sıra məsələlərin müzakirəsində, sivilizasiyalar alyansının müzakirəsi üçün müxtəlif mədəniyyətlərin cəlb edilməsində böyük üstünlüklər verir".
BAXCP sədrinin müavini Elçin Mirzəbəylinin qənaətinə görə, Azərbaycan Prezidentinin təşəbbüsü ilə həyata keçirilən Bakı Beynəlxalq Humanitar Forumu qısa zaman ərzində dünyanın ən nüfuzlu institutlarının diqqətini özünə cəlb etməyi bacarıb.
O bildirib ki, belə tədbirlər, adətən, strateji xarakter daşıyır və uzaq hədəflərə hesablanır: "Belə tədbirlərin nəticəsi adətən qısa müddət ərzində nəzərə çarpmır. Amma Bakı Beynəlxalq Humanitar Forumunu istisna hal kimi qiymətləndirmək olar. Forum ildən-ilə daha da populyarlaşır.
Buna səbəb olan əsas amillərdən biri bu gün dünyada humanitar problemlərin artması və bu problemlərin qarşısının alınması məqsədilə yaradılmış beynəlxalq humanitar platformaların və mexanizmlərin çağdaş çağırışlara və təhdidlərə cavab vermək gücündə olmamasıdır. Məhz bu səbəbdən Bakı Humanitar Forumu humanitar problemlərin müzakirəsi və onların həlli yollarının axtarılması, fərqli mədəniyyətlər arasında ortaq təmas nöqtələrinin tapılması baxımından əlverişli bir platformadır.
Öz alternativlərindən fərqli olaraq Bakı Beynəlxalq Humanitar Forumu hansısa gücün, yaxud geosiyasi qütbün diqtəsi altında keçirilmir və bu da forum iştirakçılarına dialoq üçün daha əlverişli imkanlar yaradır".
Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin direktoru, politoloq Mübariz Əhmədoğlu deyib ki, Forumun ən böyük əhəmiyyəti ondan ibarətdir ki, artıq Bakı Humanitar Forumu ənənə halını alıb: "Yəni beynəlxalq aləmin foruma olan diqqətin və bu forumun özünü təsdiqələməsi onun vacib göstəricisidir". Onun sözlərinə görə, forumun faəliyyəti adından da bəllidir: "Bildiyiniz kimi, forumu Davos Forumu ilə müqayisə edirlər. Davos Forumu dünyanın iqtisadi problemlərinin həll olunmasında hansı rolu oynayırsa, dünyanın humanitar problemlərinin həllində də Bakı Humanitar Forumu həmin rolu oynayır. Bu forumda da çox məzmunlu çıxışlar oldu". Mübariz Əhmədoğlu bildirib ki, Azərbaycan prezidenti öz çıxışında humanitar forumun qarşısında duran məsələlərdən danışıb: "Prezident qeyd etdi ki, beynəlxalq aləmdə humanitar sahədə vəziyyət gərginləşdiyindən, forumun əsas məqsədlərindən biri dünyada baş verən neqativ proseslərin sürətini azaltmaqdır. Bundan başqa, əlavə də çox maraqlı çıxışlar oldu. Baltikyani ölkələrin prezidentləri çox maraqlı, ideyalar verdilər. Təbii ki, Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi ilə bağlı fikirlər səsləndirildi. Yəni mən elə başa düşürəm ki, forumun iştirakçıları, xüsusilə eks-prezidentlər Dağlıq Qarabağ məsələsinə daha çox qayğı ilə yanaşdılar. Düşünürəm ki, bu forumu təşkil etməklə Azərbaycan bəşəriyyət qarşısında çox böyük xidmət göstərib. Bu forumda davam elədikcə, Azərbaycanın faydası bir daha dünyaya aşkarlanacaq. İndi hamı görür ki, imkanlı Azərbaycan özünün maliyyə, intellektual, siyasi resursunu dünyanın problemlərinin həllinə xərcləyir. Bax bu forumların ən mühüm yekunlarından biri budur".

Əli