Həmsədrlər yenə gəlirlər Siyasət

Həmsədrlər yenə gəlirlər

Prezidentlərin Paris görüşü öncəsi vasitəçilər hansı təklifləri irəli sürəcəklər?
İqor Popov: "Mövcud təcrübəyə əsasən işin yekunu olaraq bəyanat verəcəyik"

Cavid

ATƏT-in Minsk qrupunun ABŞ-dan olan həmsədri Ceyms Uorlik Minsk qrupunun digər həmsədrləri Pyer Andryö (Fransa) və İqor Popov (Rusiya) ilə birlikdə oktyabrın 14-18-də regionda səfərdə olacaq. Bu barədə ABŞ-ın Azərbaycandakı səfirliyinin mətbuat xidmətindən bildirilib. Səfər zamanı həmsədrlər Azərbaycan və Ermənistan prezidentlərinin Paris görüşünə hazırlıq məsələsini müzakirə edəcəklər.
ABŞ səfirliyinin mətbuat xidmətindən bildirilib: "Biz Azərbaycan və Ermənistan prezidentlərinin görüşünü səbirsizliklə gözləyirik".
Qeyd edək ki, budan bir müddət öncə ATƏT-in Minsk qrupunun ABŞ-dan olan həmsədri Ceyms Uorlik Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi ilə bağlı danışıqlar üçün Ermənistana gedib. Bundan başqa ABŞ Azərbaycan və Ermənistana böyük sülh sazişini təklif edib. NATO sammitində qəbul olunan sənəddə Azərbaycan və Ermənistanın da adının yer aldığı sənəddə dövlətlərin ərazi bütövlüyü ilə bağlı müddəanın əksini tapması isə maraqlı situasiya yaradıb. Hər halda, erməni tərəf sənədin bu şəkildə hazırlanmasını Serj Sərkisyanın növbəti məğlubiyyəti sayır. Qarşıda isə prezidentlərin Paris görüşü var, bu ayın sonlarına planlaşdırılıb.
Bu mənada Uorlikin Qafqaza növbəti səfərinin ardınca həmsədrlərin regiona səfərlərində sülh sazişinin detallarının da müzakirə olunacağı şübhə doğurmur.
ATƏT-in Minsk qrupunun rusiyalı həmsədri İqor Popov bildirib ki, vasitəçilər Bakı və İrəvanda görüşlər keçirməyi planlaşdırırlar. Səfərin məqsədi növbəti Azərbaycan-Ermənistan sammitinə hazırlıqdır: "Gündəlikdə olan məsələləri, sənəd layihələrini müzakirə edəcəyik. Mövcud təcrübəyə əsasən işin yekunu olaraq bəyanat verəcəyik. Həmin bəyanat ATƏT-in rəsmi saytında yerləşdiriləcək".
Həmsədr Dağlıq Qarabağla bağlı danışıqlarda durğunluq müşahidə olunmadığını da qeyd edib: "Danışıqlar həmsədrlərin vasitəçiliyi ilə xarici işlər nazirləri səviyyəsində kifayət qədər intensiv şəkildə aparılıb. Yüksək səviyyəli təmaslarda yaranmış fasilənin uzanması isə başqa məsələdir. Sonuncu sammit 2013-cü ilin noyabrında keçirilib. Ona görə də əsas odur ki, uzunmüddətli fasilədən sonra prezidentlər yenidən eyni masa arxasına oturdular, bu isə hər iki tərəfin həll olunmamış məsələlərin çözülməsinə cəhd etdiyini göstərir. Onların sayı çox olmasa da, nizamlanmada əsas rol oynayırlar. Soçidəki görüş faydalı olub. Vyana sammitindən sonra nazirlər və həmsədrlərin gördüyü iş nəzərə alınmaqla, tərəflərin mövqeləri detallı şəkildə analiz edilib, müvafiq tapşırıqlar verilib. Bu görüşün fərqli cəhəti ondan ibarət olub ki, görüş sərhəd bölgəsində və qoşunların təmas xəttində vəziyyət qəfil gərginləşən zaman keçirilib. Düşünürəm ki, görüşdə münaqişənin dinc vasitələrlə, danışıqlar yolu ilə həllinə sadiqliyin yüksək səviyyədə bəyan olunması sonradan vəziyyətin sabitləşməsinə böyük təsir göstərib. Həmsədrlik üzrə amerikalı həmkarımın mənə verdiyi məlumata görə, Uelsdə danışıqlar prosesinin effektivliyinin artırılmasından söhbət gedirdi. Prezidentlərə güc tətbiqindən vaz keçmək çağırışı ünvanlanmışdı. Bununla razılaşmamaq çətindir, çünki bu cür yanaşma dəfələrlə müxtəlif səviyyələrdə həmsədr ölkələrin birgə bəyanatlarında əks olunub. Düşünürəm ki, Parisdəki sammit də həmsədr ölkələrin "üçlüyün" yüksək səviyyədə razılaşdırdığı prinsiplərin praktiki müstəviyə keçməsinə və dayanıqlı nizamlanmanın əldə olunmasına yönəlik birgə səylərin kontekstində keçə bilər. Dediyim kimi, sammitin keçirilməsi ilə bağlı məsələləri biz gələn həftə növbəti məsləhətləşmə zamanı müzakirə edəcəyik. Proqnoz verməyəcəyəm, lakin hesab edirəm ki, Parisdə gözlənilən görüş Soçidə bərpa olunan və Uelsdə davam etdirilən işə vacib əlavə olacaq".
Popov bildirib ki, münaqişənin nizamlanması ilə tərəflər məşğuldur, həmsədrlər isə vasitəçilik edirlər: "Bizim "üçlüyə" gəldikdə isə sammitdən sonra, yəni noyabrda Vyanada Minsk qrupunun digər üzvləri ilə görüşməyi planlaşdırırıq, bir daha regiona səfər etmək niyyətimiz var. Düşünürəm ki, Qarabağ probleminə bir daha dekabrda Bazeldə, ATƏT Xarici İşlər Nazirləri Şurasının toplantısında toxunulacaq. Danışıqların təməlinə gəldikdə isə, bu təməl məlumdur və 2009-2013-cü illərdə həmsədr ölkələrin prezidentlərinin bəyanatlarında əks olunub. Xatırladım ki, söhbət BMT Nizamnaməsi və Helsinki Yekun Aktının əsas prinsiplərindən, xüsusən də güc tətbiq etməmək, ərazi bütövlüyü, bərabərlik və xalqların öz müqəddəratını təyin etməsi prinsiplərindən, habelə Dağlıq Qarabağın yekun statusunun müəyyənləşdirilməsi, onun müvəqqəti statusu, ərazilərin qaytarılması, qaçqınlar məsələsi, Dağlıq Qarabağla Ermənistan arasında dəhliz, sülhməramlı əməliyyat kimi məsələlərlə bağlı müddəalardan gedir. Bütövlükdə bu təməli inkar etməməklə, tərəflər onun tərkib elementlərinin həyata keçirilməsi ardıcıllığına fərqli yanaşırlar. Hazırda bu təməlin dəyişdirilməsi, yaxud hansısa yeni elementlərin tətbiqindən söhbət getmir. Düşünürəm ki, əsas odur tərəflərə bilavasitə Sülh sazişinin hazırlanmasına keçməyə imkan verəcək balanslaşdırılmış həll variantının tapılmasında kömək edilsin".
Fransanın Azərbaycandakı səfiri Paskal Mönye isə hesab edir ki, Azərbaycan və Ermənistan prezidentlərinin Paris görüşü faydalı ola və davamlı sülhün bağlanmasına gətirib çıxara bilər: "Bizim prezidentimiz (Fransua Olland - red.) Azərbaycan və Ermənistan prezidentlərini Parisə dəvət edib. Bu görüş faydalı ola bilər, çünki biz ATƏT-in Minsk qrupunun həmsədriyik və bizim rolumuz tərəflər arasında davamlı sülhə nail olmaqdır".
Səfirin sözlərinə görə, F.Olland may ayında tərəflər arasında atəşkəs rejimi haqqında müqavilənin bağlanmasının 20 illiyi ərəfəsində danışıqlar prosesini sürətləndirmək üçün Bakı və İrəvana səfər edib.
"Mən bilirəm ki, həmsədr ölkələr, o cümlədən Fransa gələcək danışıqların gündəliyi və yeni ideyaların axtarışı üzərində gərgin iş aparır", - deyə o qeyd edib. Səfir xatırladıb ki, Fransa hər iki münaqişə tərəfinə bir sıra təkliflər təqdim edib və hazırda bu təkliflər nəzərdən keçirilir: "Biz amerikalı və rusiyalı həmkarlarımızla birlikdə münaqişənin nizamlanması üçün əlimizdən gələni edəcəyik".
Politoloq Elxan Şahinoğlu Minsk qrupu həmsədrlərinin bölgəyə səfərindən və aparacağı danışıqlardan real nəticə gözləmədiyini bildirib: "20 ildir bu səfərlərdə dəyişən bir şey yoxdur, gəlirlər, nəsə təklif edirlər, çıxıb gedirlər, sülh sazişi isə imzalanmır ki, imzalanmır. Çünki bu Minsk qrupundakı diplomatların həll edəcəyi problem deyil. Problemin həllini onların təmsil etdikləri dövlətlərin iradəsi sürətləndirə bilər ki, onlar da ermənilərin, erməni lobbisinin xətrinə dəymək istəmirlər. Vaşinqton, Paris və ya Moskva Ermənistanı Dağlıq Qarabağ ətrafındakı torpaqları boşaltmağa məcbur etsə, vəziyyət kökündən dəyişər, həm sülh sazişi imzalanar və bölgədə müharibə riski azalar, eləcə də Dağlıq Qarabağda yaşayan ermənilər təhlükəsizlik qarantiyası alarlar, eyni zamanda qaçqınlarımız doğma yurdlarına qayıdarlar. Bu ssenari hamının xeyrinədir, sadəcə, Rusiyadakı və Ermənistandakı "müharibə partiyaları" müqavimət göstərirlər və kimsə bu partiyanın müqavimətini qırmaq istəmir".
Ona görə də E.Şahinoğlu hesab edir ki, həmsədrlərin səfərləri turistik mahiyyət daşıyır: "İstisna etmirəm ki, həmsədrlər budəfəki səfərlərində münaqişənin həllində hansısa maraqlı detalı müzakirəyə çıxarsınlar. Problem ondadır ki, belə detalların sayı çoxdur və hər birinin müzakirəsi daha neçə ilimizi apara bilər. Minsk qrupu həmsədrləri budəfəki səfərində prezidentlərin Paris görüşünün müzakirə predmeti ətrafında da Bakı və İrəvanda fikir mübadiləsi aparacaqlar. Əlbəttə, Rusiyanın illərdir təkbaşına vasitəçiliyinə Paris görüşü ilə son qoyulacaq, böyük ehtimalla gələcək görüşlərdən biri ABŞ ərazisində keçiriləcək. Önəmli olan bu görüşlərdə real irəliləyişə nail olmaqdır. Yox əgər bu görüşlərin mahiyyəti sadəcə Rusiyaya "biz də varıq" deməkdirsə, onda bizim üçün Vaşinqton və Parisin Moskvadan heç bir fərqi qalmayacaq. Amerikalı həmsədr Uorlikin böyük sülh sazişi təklifi də yeni deyil. Buna "yol xəritəsi" də demək olar. Adını nə qoyursunuzsa qoyun, bütün münaqişələr mərhələli şəkildə həll olunur. Ona görə də inanmıram ki, İrəvan Moskvanın istəyinin əleyhinə çıxaraq Vaşinqtonun təklif edəcəyi böyük sülh sazişinə yaşıl işıq yandırsın. Elə bizim özümüzün də Vaşinqtonun təklif etdiyi böyük sülh sazişinin detallarını diqqətlə öyrənməyə ehtiyacımız var, elə olmasın ki, Ki-Uestdə olduğu kimi, amerikalı diplomatlar bizə yenə qeyri-münasib həll planı təqdim etsinlər".