“Müstəqilliyimizin bərpası həyatımın ən vacib hadisəsidir” Siyasət

“Müstəqilliyimizin bərpası həyatımın ən vacib hadisəsidir”

Hüseynağa Qəniyev:"Məqsədim və arzum Azərbaycanın azadlığının əbədi olduğunu, bütövlüyünü görməkdir"

Bu gün 1991-ci il oktyabrın 18-də o vaxtkı Ali Sovetdə "Azərbaycan Respublikasının Dövlət Müstəqilliyi haqqında" Konstitusiya Aktının qəbulunun 23-cü ildönümüdür. Məhz həmin gün 1920-ci ilin aprelində bolşevik işğalı nəticəsində itirdiyimiz müstəqilliyin bərpası uğrunda heç vaxt səngiməyən, ötən əsrin 80-ci illərində özünün son mərhələsinə daxil olan Milli-Azadlıq Hərəkatının şərəfli akkordu vuruldu. Artıq 23 ildir, dünya birliyində öz yerini tutmağa çalışan, müstəqillik dönəmində çoxsaylı problemlərlə qarşılaşan, ərazi bütövlüyü pozulmuş Azərbaycan itirdiklərini geri qaytarmaq üçün yeni mücadilələr verir. 23 il əvvəlki prosesləri Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası (BAXCP) İdarə Heyətinin üzvü, Müstəqillik Aktına səs vermiş keçmiş millət vəkili Hüseynağa Qəniyev partiyanın mətbuat xidmətinə verdiyi müsahibədə belə xatırladır.
- İnsan taleyi elədir ki, bəzən istər-istəməz hansısa hadisələrdə, proseslərdə özünəməxsus iştirakı olur. Mən də geridə buraxdığım həyatıma nəzər salanda ən dəyərli hadisə kimi sözsüz ki, Azərbaycanın dövlət müstəqilliyinin bərpasında, bu faktın rəsmiləşdirilməsində iştirakımı xüsusi qeyd edirəm. Mənim üçün çox əlamətdar haldır ki, Azərbaycanın üçrəngli bayrağının, Cümhuriyyət dövründə təsdiqlənmiş dövlət gerbinin yenidən təsdiqlənməsində iştirakım olub. Hər zaman çalışmışam ki, bu xalqın layiqli bir oğlu olaraq, o proseslərdə fəal surətdə öz sözümü deyim. Ümumiyyətlə, müstəqillik məsələsi hər zaman şimallı-cənublu Azərbaycan xalqının tarixi arzusu olub və bu yöndə ardıcıl mübarizə aparılıb. Bu mücadilə ötən əsrin əvvəllərində Səttarxan hərəkatı ilə yenidən vüsət aldı, Məhəmməd Əmin Rəsulzadənin rəhbərliyi ilə Azərbaycan Xalq Cümhuriyyəti quruldu, iyirminci illərdə güneydə Şeyx Məhəmməd Xiyabani hərəkatı ilə genişləndi, qırxıncı illərin ortalarında Pişəvərinin rəhbərliyi altında Güney Azərbaycanda Milli Hökumət formalaşdırıldı. Çox təəssüf ki, tarixin çox ziddiyyətli dövrlərində baş vermiş bu hərəkat nəticəsində Şimalda və Cənubda yaradılmış milli hökumətlərin ömrü uzun sürmədi. Bununla belə, müstəqillik arzusunu bir an da olsun, sönməyə qoymayan xalqımız sovet dövründə də mübarizəsini davam etdirdi. Həticədə səksəninci illərin sonlarında Əbülfəz Elçibəyin rəhbərlik etdiyi Milli Azadlıq Hərəkatı Azərbaycanın dövlət müstəqilliyinin bərpası ilə yekunlaşdı. Bu şərəfli missiyanın aparıcısı, hərəkətverici qüvvəsi Azərbaycan Xalq Cəbhəsi və xalq idisə, hüquqi təminatçısı respublikanın sonuncu Ali Məclisi və ilk Milli Məclisi oldu. 100 illik mübarizədən sonra Azərbaycanın dövlət müstəqilliyinə səs vermək qisməti hər hansı bir mükafat, fəxri ad, rütbə, dərəcə deyildi, hər xalqın tarixi taleyində bir dəfə baş verən misilsiz, təkrarlanmaz şərəf işi idi. O gün, 18 oktyabr 1991-ci il Azərbaycanın dövlət müstəqilliyinin əbədiliyini, dönməzliyini, sarsılmazlığını təsdiq edən tarixi və şanlı gün idi. Hesab edirəm ki, həyatda o günə səs verməkdən böyük şərəf və səadət yoxdur, ola da bilməz. Mən bunu öz həyatımda, taleyimdə ən mühüm hadisə kimi qiymətləndirirəm və o proseslərin iştirakçısı olmağımla fəxr edirəm.
- Amma razılaşaq ki, o dövrdə Azərbaycanın müstəqilliyinin bərpa olunması məsələsinə yanaşmada ciddi fərqlər və tərəddüdlər vardı. Bu mənada, o vaxtkı prosesləri, fikir ayrılıqlarını necə xatırlayırsınız?
- Əvvəla, bir məsələ qəti şəkildə qoyulmalıdır ki, heç kəs bu qədər əziyyətlər hesabına qazanımış müstəqilliyimizin üstünə kölgə sala bilməz. 1991-ci il oktyabrın 18-i Azərbaycanın dövlət müstəqilliyi günüdür və Azərbaycan xalqı son bir əsr ərzində bunun uğrunda böyük mücadilə verib. Bəzən o zamankı Milli Məclisin tərkibi və fəaliyyəti haqda düzgün olmayan fikirlər səsləndirilir. Amma unudulur ki, 1990-cı il seçkiləri çox gərgin siyasi mübarizə şəraitində keçirildi. Birincisi, seçki dairələrinin sayı 450-dən 350-yə endirildi. İkincisi, "bir dairə", "bir namizəd" prinsipinə son qoyuldu. 350 deputat mandatı üçün alternativ əsaslarla 1500 nəfərə yaxın qeydə alınmış namizəd mübarizəyə qatıldı. Üçüncüsü, 1990-cı ilin iyulunda start alan seçki marafonu son dərəcə gərgin mübarizə şəraiti ilə qarşılaşdı, nəticədə birinci turda yerlərin təxminən yarısı müəyyən olundu. Seçkilərin baş tutmadığı dairələrdə ikinci tur oktyabrın 14-də, üçüncü tur dekabrın 16-da keçdi. Azərbaycan parlamentinin tarixində ilk dəfə idi ki, seçkilər alternativ əsaslarla keçirilir, kvorum üçüncü turdan sonra yaranır, parlamentdə bloklar və fraksiyalar fəaliyyət göstərirdi. Bir sözlə, Kommunist Partiyasının seçkiləri tam inhisara almaq praktikası baş tutmadı. 1991-ci ilin yanvar ayında bəzi hazırlıq işləri aparıldı və fevralın ilk günlərində yeni tərkibli parlamentin birinci iclası keçirildi. Həmin iclasda baxılmış birinci məsələ Azərbaycan Sovet Sosialist Respublikası adından "Sovet Sosialist" sözlərinin çıxarılması ilə bağlı oldu. Bununla da Azərbaycanın adına sovet dönəmində onilliklər boyu əlavə edilmiş o ifadələr götürüldü. Bundan sonra isə sovet dövrünün rəmzi olan oraq-çəkicli bayraq üçrəngli bayrağımızla, gerbimiz isə Cümhuriyyət gerbi ilə əvəzləndi.
- Amma əsas hadisələr həmin il yayın sonlarında baş verdi: "QKÇP"-dən sonra yeni şərait yarandı və SSRİ-nin süqutu qaçılmaz oldu. Bu baxımdan, 1991-ci ilin avqustundan başlayan və oktyabrın 18-də "Azərbaycan Respublikasının Müstəqilliyi haqqında" Konstitusiya Aktının qəbulu ilə nəticələnmiş parlament müzakirələrini yəqin ki, unutmayıbsınız...
- Yuxarıda da qeyd etdiyim kimi, 1990-cı ildə seçilmiş Milli Məclis 1920-ci ildən sonra formalaşmış yeganə parlamentimiz olub ki, orada müxtəlif fraksiyalar vardı. O fraksiyalar arasında da ciddi, gərgin mübarizə gedirdi. Həmin Milli Məclisdə hər hansı bir məsələni asanlıqla səsverməyə çıxarıb, qəbul etdirmək mümkün deyildi. Parlamentdə çıxışlar üçün qurulmuş dörd mikrafondan biri Azərbaycan Xalq Cəbhəsindən seçilən deputatların nəzarətində idi. Əminliklə deyə bilərəm ki, dördüncü mikrafon milli azadlıq mübarizəsinin səsi idi. Ona görə də, mən həmin Milli Məclisi Azərbaycan tarixinin ən yaddaqalan və tarixi əhəmiyyətli qərarların qəbul olunduğu ali qanunvericilik orqanı hesab edirəm. Çox istərdim ki, həmin dövrdə parlament müzakirələrinə aid bütün videolentlər, sənədlər olduğu kimi saxlanılıb, qorunsun. Yeri düşdükcə, o lentlər nümayiş olunsun, cəmiyyət, xüsusilə də gənclərimiz müstəqilliyimiz bərpa olunduğu yaxın keçmişin həqiqətlərini əyani şəkildə görsünlər. Unutmayaq ki, Azərbaycanın BMT-yə üzvlüyü, başqa ölkələrin parlamentləri ilə əlaqələrinin qurulması və sair ciddi məsələlər məhz o parlamentin səlahiyyət dönəmində öz həllini tapıb.
- Etiraf olunmalıdır ki, ölkənin üzləşdiyi çoxsaylı problemlər cəmiyyətin müəyyən kəsimində müstəqilliyə münasibəti dəyişdirib və sovet dövrünün nostalgiyasını gücləndirib. Bu tendensiyanın müşahidəsi sizdə hansı təsəvvürlər doğurur?
- O cür yanaşmalara daha çox müstəqilliyin ilk illərində rast gəlinirdi. Yəni o dövrdə ölkənin iqtisadiyyatı ciddi çətinliklərlə üzləşmişdi, keçid dövrünə aid problemlər xeyli dərinləşmişdi, büdcə vəsaitləri azalmışdı və üstəlik də Azərbaycanın müharibə şəraitində olması əhalinin bir hissəsində siz deyən ovqatın yaranması ilə nəticələnmişdi. Amma ötən illər ərzində görülən işlər nəticəsində ölkənin müəyyən inkişaf mərhələsinə keçməsi sovet dövrünə aid nostalgiyanı xeyli azaldıb. Yəni iqtisadiyyat davamlı surətdə inkişaf etdikcə, əhalinin sosial vəziyyəti də yaxşılaşır. Belə olduğu halda isə o tendensiyanın aradan qalxması labüddür və bu da müşahidə olunur.
- Müstəqillik Aktına səs vermiş keçmiş millət vəkillərinin bir çoxu özlərinə qarşı münasibətdən, eyni zamanda, müstəqilliyin bərpası tarixinə qarşı laqeydlikdən gileylənirlər...
- Təbii ki, mən də qeyd etdiyiniz o münasibətdən çox narazıyam. 1991-ci ildə Müstəqillik Aktına səs vermiş insanlara və bu tarixin özünə göstərilən münasibət bizi razı sala bilməz. Azərbaycanın dövlət müstəqilliyinin bərpası xalqımızın tarixində xüsusi yer tutan çox şərəfli hadisədir və mərhum prezident Heydər Əliyevin də dediyi kimi, müstəqilliyimiz dönməzdir, əbədidir. Bilirsiniz ki, 18 oktyabr dövlət bayramı kimi təsdiqlənmişdi və uzun müddət iş günü sayılmırdı. Lakin sonralar həm 18 oktyabr, həm də Konstitusiyanın qəbul olunduğu 12 noyabr tarixləri bayram kimi saxlanılsa da, qeyri-iş günlərinin siyahısından çıxarıldılar. Yəni bu günlər sadəcə, peşə bayramları səviyyəsində qeyd olunur. Amma dediyiniz münasibətdən asılı olmayaraq, xatırlatdığım hər iki gün mənim üçün ən əziz, ən əlamətdar günlərdir. Yəni həm millət vəkili kimi Müstəqillik Aktının qəbuluna səs vermişəm, həm də Konstitusiya Komissiyasının üzvü olmuşam. Amma 18 oktyabr və 12 noyabra belə münasibətin göstərilməsi məntiqə sığmır və anlaşılmır. Çox təəssüf ki, o Milli Məclisi və onun üzvlərini inkar etməyə çalışırlar. İş o yerə çatıb ki, bizim vaxtilə millət vəkili olmağımız faktı da arxa plana keçirilir. Lakin müstəqilliyimizin bərpa olunması və Azərbaycanın müstəqil dövlət kimi möhkəmlənməsi bu ağrını azaldan bir amildir - əsas təskinliyimiz budur. Amma bizim də qədrimizin bilinəcəyinə inanmaq istəyirəm.
- Müstəqilliyinin bərpasına səs verdiyiniz Azərbaycanın perspektivi haqda düşüncələriniz də maraqlıdır. Bəzən həddən artıq pessimist fikirlərlə də rastlaşırıq...
- Dəfələrlə deyilib, amma təkrar etməyi lazım bilirəm ki, xalqımız müdrik və işgüzardır. Milli Azadlıq Hərəkatının gedişatı xalqımızın müsbət keyfiyyətlərini bir daha üzə çıxardı. Yəni bu qədər qurbanlar verməsinə, faciələrlə üzləşməsinə baxmayaraq, millət öz gələcəyinə nikbin baxır və bu inamının realaşması üçün hər cür fədakarlığa da hazırdır. Öz azadlığı uğrunda bütün maneələri dəf etməkdən çəkinməyən millətin-dövlətin gələcəyi istədiyimiz səviyyədə olmalıdır. Gələcəyimizlə bağlı nikbinəm. Şübhəm yoxdur ki, Azərbaycan bu gün onu gərginlikdə saxlayan problemlərini uğurla həll edəcək, qarşılaşdığı bütün maneələri aşacaq. Azərbaycanın öz ərazi bütövlüyünü tamamilə bərpa edəcəyinə heç bir şübhəm yoxdur. Eyni zamanda, qəti əminliyim var ki, müəyyən dövrdən sonra bütöv Azərbaycan məsələsi də reallığa çevriləcək. Sadəcə, bu məqsədlərə doğru ardıcıl surətdə və qətiyyətlə irəliləmək lazımdır. Bir fərd olaraq məqsədim və arzum Azərbaycanın azadlığının əbədi olduğunu, bütövlüyünü görməkdir. Ona görə də bu yolu seçən Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasındayam.