Hakimiyyət-Xalq vəhdətinin bariz nümunəsi Siyasət

Hakimiyyət-Xalq vəhdətinin bariz nümunəsi

İyulun 12-də Ermənistanın atəşkəs rejimini kobud şəkildə pozub Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz rayonu istiqamətində hərbi təxribata əl atması düşmənin işğalçılıq siyasətindən əl çəkmədiyini bir daha göstərdi. Azərbaycan Ordusu sarsıdıcı atəş zərbələri endirərək Ermənistanın xeyli sayda hərbi canlı qüvvəsini, döyüş və nəqliyyat texnikasını, mühüm obyektlərini məhv etməklə, onun mənfur niyyətinin qarşısını qətiyyətlə aldı. Döyüşlərdə düşmənlə böyük fədakarlıqla vuruşan hərbiçilərimizdən qəhrəmancasına şəhid olanlar da oldu, lakin Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Ali baş komandanı İlham Əliyevin göstərişi ilə Milli Ordumuz onların intiqamını aldı.

Azərbaycanın Ordusu döyüş əməliyyatları zamanı düşmənin üzərində növbəti şanlı qələbə qazanaraq, öz peşəkarlığını və üstünlüyünü, dövlətimizin hərbi gücünü bütün dünyaya nümayiş etdirdi. Ermənistan bir daha gördü ki, onun Azərbaycanla açıq döyüşdə qələbə qazanması qeyri-mümkündür. Həmçinin indiki Azərbaycan dövləti 1990-cı ilin əvvəllərində hakimiyyətdə olan qüvvələrin, xüsusilə AXC-Müsavat iqtidarının səriştəsiz siyasəti ucbatından hərc-mərclik, sosial-iqtisadi, siyasi böhran dövrünü yaşayan, ərazilərini ermənilərin hücümlarından qoruya bilməyən respublika deyil. Həmin dövrdən fərqli olaraq, hazırda Azərbaycan qüdrətli dövlət kimi özünün təhlükəsizliyini və müdafiəsini təmin etmək qabiliyyətinə malik olan güclü Silahlı Qüvvələrə malikdir.

Möhkəm nizam-intizamı, yüksək döyüş ruhu ilə seçilən Azərbaycan Ordusunun qələbələri xalqımızda böyük qurur hissi doğurur. Ölkəmizin müstəqilliyi və suverenliyinin möhkəmlənməsi, ərazi bütövlüyünün bərpa olunması istiqamətində Prezident İlham Əliyevin apardığı siyasətlə xalqımızın həmrəy olması real həyatda dəfələrlə öz təsdiqini tapmışdır. 2016-cı ilin aprel döyüşlərində də hər birimiz bunun bir daha şahidi olduq. Azərbaycanın düşmənlə təmas xəttində yerləşən mövqeləri və yaşayış məntəqələri Ermənistan silahlı qüvvələrinin intensiv atəşinə məruz qalanda Azərbaycan Ordusu əks-hücum əməliyyatı ilə düşmənin təxribatlarının qarşısını aldı. 2018-ci ilin may ayında Naxçıvan Muxtar Respublikasının 11 min hektardan artıq ərazisi, o cümlədən Şərur rayonunun Günnüt kəndi düşməndən azad olundu, dövlət sərhədi boyunca əlverişli strateji yüksəkliklər ələ keçirildi, Yerevan-Gorus-Laçın yolu nəzarətə götürüldü. 2020-ci ilin iyul döyüşləri bir daha Milli Ordumuzun gücünü, Azərbaycanda xalqla dövlət arasındakı birliyin möhkəmliyini və sağlam əsaslara söykəndiyini sübut etdi.

Azərbaycanın dünya birliyində nüfuzunun artmasını, onun iştirakı ilə nəhəng enerji-nəqliyyat layihələrinin həyata keçirilməsini, koronavirus pandemiyası ilə bağlı irəli sürdüyü qlobal təşəbbüsün BMT və dünya dövlətləri tərəfindən dəstəklənməsini Ermənistan həzm edə bilmir. Soros Fondu kimi təşkilatların maliyyə dəstəyi ilə “demokratiya” pərdəsi altında hakimiyyəti ələ keçirən Ermənistanın faşist siyasi rəhbərliyinin yaratdığı diktatura rejimi sosial-iqtisadi və siyasi böhranı daha da dərinləşdirir. Aydın olur ki, Nikol Paşinyan hakimiyyəti Ermənistanda əhalinin diqqətini üzləşdiyi böhrandan, qarşıdurmalardan və anarxiyadan yayındırmaq üçün çıxış yolunu Azərbaycan-Ermənistan sərhədində təxribatlar törətməkdə görür. Ermənistan məqsədli şəkildə bölgədə gərginlik yaratmağa, Dağlıq Qarabağ münaqişəsinin həllini uzatmağa çalışır, Azərbaycan-Ermənistan sərhədində təxribata əl atmaqla üzvü olduğu hərbi-siyasi təşkilatları özünün avantürist əməllərinə cəlb etmək xülyası ilə yaşayır. Sözsüz ki, Ermənistanın təxribatçı əməllərə əl atmaqla Dağlıq Qarabağ münaqişəsi ilə bağlı beynəlxalq ictimai rəyi yanlış istiqamətdə formalaşdırmaq cəhdləri qeyri-mümkündür. Çünki onun tutduğu mövqe beynəlxalq hüquqi norma və prinsiplərə ziddir ki, bunu da dünya dövlətləri yaxşı bilir. Ona görə də iyulun 12-də Ermənistanın Azərbaycanla sərhəddə təxribatlar törətməyə başlaması Türkiyə, Pakistan, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Ukrayna kimi dövlətlər, bəzi ölkələrin qanunvericilik orqanları, rəsmi nümayəndələri tərəfindən pislənildi, eləcə də Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası, İslam Əməkdaşlıq Təşkilatı, GUAM və s. qurumlar Azərbaycana beynəlxalq dəstək verdilər və Ermənistanın təxribatı bu ölkə üçün bumeranq effekti yaratdı.

Azərbaycanın Ermənistan üzərində qazandığı qələbə əhalidə böyük ruh yüksəkliyi yaratdı və bundan irəli gələrək, iyulun 14-də xalqımızın öz dövlətinə, ordusuna və Ali Baş Komandanına dəstək məqsədilə yürüş keçirdi. Bu aksiya öz məzmununa və missiyasına görə xalq-dövlət birliyini təcəssüm etdirirdi. Təəssüf ki, təxribatçı qruplar bu yürüşün məramına kölgə salmaq məqsədilə dağıdıcı əməllərə əl atdılar. Məlum oldu ki, radikal müxalifətin nümayəndələri və marginal elementlər Ermənistanın hərbi birləşmələri üzərində Azərbaycan Ordusunun əldə etdiyi qələbə münasibəti ilə keçirilən aksiyadan özlərinin cılız siyasi məqsədləri üçün yararlanmağı fürsət bilmiş, bu niyyətlə yürüşə qoşularaq orada iştirak edən insanları qanunsuz əməllər törətməyə sövq etmişlər. Bütün bunlar bir daha sübut edir ki, Azərbaycan Ordusunun Ermənistanın təxribatlarının qarşısını alması və düşmən üzərində qələbə qazanması AXCP və “milli şura” kimi dərnək tipli təşkilatların maraqlarına uyğun deyil. Lakin onlar birdəfəlik bilməlidir ki, məhz 1990-cı illərin əvvəllərində etdikləri xəyanətlərin nəticəsində Azərbaycanın əraziləri Ermənistan tərəfindən işğal edildi. Hazırda “beşinci kolon”un və onun başında duranların fəaliyyəti Azərbaycanın milli mənafeyinə qarşı yönəlmişdir ki, bu da xalqımızda böyük ikrah və qəzəb hissi yaradır. Ona görə də ictimaiyyətin, vətəndaş cəmiyyəti institutlarının (siyasi partiyalar, qeyri-hökumət təşkilatları, kütləvi informasiya vasitələri) nümayəndələri iyulun 14-də keçirilmiş yürüş zamanı baş vermiş təxribatların səbəbkarlarının qanun qarşısında cəzalandırılasını tələb edir və daxili qarşıdurmaların yaranmasının yolverilməz olduğunu bildirirlər.

Azərbaycanın müxtəlif yaş həddində olan vətəndaşları torpaqlarımızı müdafiəni özlərinin şərəfli borcu bilərək, Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Ali baş komandanı İlham Əliyevin çağırışına dəstək məqsədilə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə qeydiyyat üçün çoxsaylı müraciət edirlər. Bundan əlavə, Qarabağ müharibəsində iştirak etmiş, ehtiyatda olan keçmiş zabitlər, gizirlər və əsgərlər də Azərbaycan Prezidentinə müraciət edərək, müharibə başladığı təqdirdə torpaqlarımızın azadlığı və bütövlüyü naminə ön cəbhədə döyüşməyə hazır olduqlarını bildirirlər. Bütün bunlar milli birliyin, xalq-dövlət-ordu vəhdətinin parlaq ifadəsidir.

Mübariz Qurbanlı
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri