Bələdiyyə seçkilərinin tarixi gələn həftə elan ediləcək Siyasət

Bələdiyyə seçkilərinin tarixi gələn həftə elan ediləcək

Hökumət seçkilərlə bağlı sərbəst toplaşma üçün 2800-dən artıq açıq və qapalı yerlər müəyyən edilib

Gələn həftə Azərbaycanda növbəti bələdiyyə seçkilərinin keçiriləcəyi tarix elan ediləcək. Bunu Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov dünən Dairə Seçki komissiyalarının (DSK) sədrləri üçün MSK-da keçirilən müşavirənin açılışındakı çıxışı zamanı bildirib.
Onun sözlərinə görə, qarşıdan gələn bələdiyyə seçkiləri ilə bağlı artıq tədbirlər planı da hazırlanıb.
M.Pənahov qeyd edib ki, bütün addımları atmağa başlayanda onların qanunverciliyin tələblərinə uyğun olması üçün MSK tədbirlər görməyə, maarifləndirici işlər aparmağa başlayıb.
MSK sədri bildirib ki, Azərbaycan artıq həm iqtisadi, həm də insanların potensialı baxımından inkişaf etmiş ölkədir. Azərbaycan müstəqilliyini qazanandan, dövlət strukturları formalaşandan sonra dünyanın demokratik dövlətlər ailəsinin üzvü olduğunu ortaya qoya bilib: "Azərbaycanın xoşbəxt gələcəyini təmin etmək üçün, o cümlədən ölkədə demokratik seçkilərin keçirilməsinin təmin edilməsi üçün mühüm addımlar atılıb. Bütün dünyada dövlətlərə, xalqlara qiymət o ölkədə keçirilən seçkilərə verilən qiymət əsasında formalaşır. Məhz ona görə də Azərbaycanda seçkilərin demokratik, ədalətli, şəffaf şəkildə keçirilməsinə ciddi diqqət var. Azərbaycan Prezidenti bu məsələni həmişə diqqətdə saxlayır".
Onun fikrincə, Azərbaycan Seçki Məcəlləsi tamlığı və hərtərəfliliyinə görə nəinki Avropada, bütün dünyada seçilən hüquqi sənəddir və bunu beynəlxalq ekspertlər də təsdiq edirlər.
M.Pənahov əlavə edib ki, harada ədalətli seçkilərin keçirilməsi üçün ölkə rəhbərliyinin siyasi iradəsi yoxdursa, dünya təcrübəsi göstərir ki, bu, orada ciddi problemlərə gətirib çıxarır. Amma bu vaxta kimi Azərbaycan Prezidentinin ölkədə seçkilərin demokratik, şəffaf keçirilməsi üçün iradəsinin olmamasına heç işarə belə yoxdur: "Qısqanc ölkələr, qısqanc qurumlar insan hüquqlarının ölkələrin daxili işləri olmadığını əsas gətirərək seçkilər yolu ilə Azərbaycana müdaxilə etmək imkanları əldə edə bilərlər. Biz də çalışmalıyıq ki, onlara bu imkanları verməyək".
O, əlavə edib ki, MSK seçkilərin yüksək səviyyədə, demokratik, şəffaf və ədalətli qaydada keçirilməsi üçün hazırda bütün dövlət orqanları ilə sıx əməkdaşlıq edir.
Prezidenti Administrasiyası Regional idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdir müavini Hüseyn Mövsümov isə deyib ki, qarşıdakı seçkinin xüsusiyyətini nəzərə alaraq icra hakimiyyəti orqanları tərəfindən sərbəst toplaşma üçün 2800-dən artıq açıq və qapalı yerlər müəyyən edilib.
Onun sözlərinə görə, Azərbaycanda son illər seçkilərin keçirilməsi istiqamətində böyük təcrübə qazanılıb.
PA rəsmisi Azərbaycan Prezidentinin seçkilərin qanun çərçivəsində keçirilməsində israrlı olduğunu, seçkilərə kənar müdaxilə hallarının qarşısının alınması və belə hallara yol verən şəxslərin cəzalandırılması haqqında tapşırıqlarını xatırladıb: "Azərbaycanda 1607 bələdiyyəyə keçiriləcək bələdiyyəyə seçkilərinin yüksək səviyyədə təşkil olunması üçün hər cür şərait yaradılıb. Seçkilərin keçirilməsi ilə bağlı bütün maddi-texniki problemlər aradan qaldırılıb".

H.Mövsümov qeyd edib ki, bu gün DSK-ların müasir tələblərə cavab verən şəraitlə təmin olunması seçkilərin beynəlxalq standartlarına uyğun keçirilməsinə imkan verir: "Seçki komissiyalarına yüksək şəraitin yaradılması baxımından Azərbaycan dünyada aparıcı yerlərdən birini tutur".
O, həmçinin bildirib ki, Azərbaycanda seçici siyahılarının dəqiqləşdirilməsi xüsusi diqqət mərkəzindədir və son illərdə bütün müvafiq qurumlar bu işə cəlb olunub. Nəticədə seçici siyahıları ilə bağlı nöqsanlar o qədər azalıb ki, onlar fövqəladə hal kimi qəbul olunur və dərhal da aradan qaldırılır.
H.Mövsümov əlavə edib ki, Azərbaycanın uğurlarına sevinməyən qüvvələr vaxtilə məntəqələrdə veb-kameraların quraşdırılması və seçkilərin canlı yayılmasını seçkilərə müdaxilə kimi qiymətləndirdilər. Lakin sonda bunun seçkilərin demokratikliyini təmin etdiyini görüb susdular.
Onun fikrincə, növbəti seçki prosesində məntəqələrdə veb-kameraları quraşdıracaq şəxslərin məsuliyyəti artırılmalı, onlara xüsusi təlimlər keçirilməli, aşağı seçki komissiyalarının üzvlərinin peşəkarlığının artırılması, onların maarifləndirilməsinə daha çox diqqət yetirilməlidir.
Qeyd edək ki, bu ilin dekabrında Azərbaycanda bələdiyyə seçkilərinin keçirilməsi nəzərdə tutulur.
Daxili işlər nazirinin müavini Oruc Zalov isə bildirib ki, Azərbaycanda bələdiyyə seçkiləri zamanı seçki komissiyalarının işini pozacaq hər hansı güc yoxdur və belə hal olarsa, bunun qarşısı polis orqanları tərəfindən qətiyyətlə alınacaq. Onun sözlərinə görə, Azərbaycanda qarşıdan gələn bələdiyyə seçkiləri ilə əlaqədar DİN tərəfindən bir sıra müvafiq tədbirlərin görülməsi nəzərdə tutulub. Bundan əlavə, polis orqanlarının sayıqlığının artırılması, onların təlimatlandırılması üçün müvafiq icra hakimiyyəti orqanları ilə qarşılıqlı əlaqələrin genişləndirilməsi, müxtəlif tədbirlərin keçirilməsi nəzərdə tutulur.
Nazir müavini qeyd edib ki, Azərbaycanda qarşıdan gələn bələdiyyə seçkiləri ilə əlaqədar daxili işlər orqanları gücləndirilmiş iş rejiminə keçəcək.