“Qarabağ məsələsində sülhün əldə edilməsinin iki şərti var” Siyasət

“Qarabağ məsələsində sülhün əldə edilməsinin iki şərti var”

Vəfa Quluzadə: "Əgər tərəflər bu şərtlərlə razılaşsalar, işğal edilmiş bölgələrdə sülhə nail olmaq olar"

Elxan Mehdiyev: ""Qarşı tərəf üçün bu görüş sadəcə danışıqları, işğalı uzatmaq, vaxt qazanmaq, məsələni 2015-ci ilə keçirmək üçün yeni mərhələdir"

Fransanın Emənistandakı səfiri Anri Reno Azərbaycan və Ermənistan prezidentlərinin Paris görüşündən gözləntiləri şərh edib. O deyib ki, vacib olan odur ki, hər iki tərəf etimad atmosferi yarada bilsin.
"Diplomatik təfərrüatlara varmadan qeyd edim ki, görüş nizamlama prosesinə konfliktin həllinə yönəlik yeni impuls verəcək", deyə diplomat əlavə edib. Onun sözlərinə görə, Paris zirvəsi həmçinin problemin dinc yolla həllinə alternativ olmadığının təsdiqi olacaq. Ardınca diplomat maraqlı bir cümlə işlədib. Əlavə edib ki, müzakirələrin əsasında üç prinsip duracaq: "Ərazi bütövlüyü, millətlərin öz müqəddəratını təyinetmə haqqı və güc tətbiqindən imtina".
Maraqlıdır ki, məhz bu görüş ərəfəsində Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov rəsmi Bakının "Böyük Sülh Sazişi" üzərində işi bərpa eləməyə hazır olduğunu bəyan edib. Yerli və xarici təhlilçilər bu xüsusda prezidentlərin Paris görüşünü həm situativ, həm təşəbbüskarlıq, həm də produktivlik baxımından əvvəlkilərdən kifayət qədər fərqləndiyi qənaətindədir.
Politoloq Vəfa Quluzadə deyib ki, Qarabağ məsələsində sülhün əldə edilməsinin iki şərti var: "Əgər tərəflər bu şərtlərlə razılaşsalar, işğal edilmiş bölgələrdə sülhə nail olmaq olar".
O, bu iki şərtin hələ doxsanıncı illərin ortalarından irəli sürüldüyünü vurğulayıb: "Ermənilər sülh istəyirsə, ilk növbədə Dağlıq Qarabağın Azərbaycan daxilində ən yüksək muxtariyyətə razı olmalıdırlar. Bu birinci şərtdir. İkinci yol isə İrəvanın işğal olunmuş 7 rayonu qaytarmasından sonra Dağlıq Qarabağın statusunun həllidir. Buna ətraf rayonların azad edilməsindən sonra baxıla bilər".
Ekspertin sözlərinə görə, ermənilərlə belə bir razılıq 17 il əvvəl əldə olunub: "Doxsanıncı illərin ortalarında Azərbaycanla Ermənistan belə bir razılığa gəlib. Ancaq Rusiya buna imkan vermədi. Hətta Ermənistanda hakimiyyəti çevriliş yolu ilə dəyişdi".
Vəfa Quluzadə həmçinin deyib ki, Qarabağda sülhün əldə edilməsi ermənilər üçün həyati məsələdir: "Çünki onlar bu saat sözün həqiqi mənasında acından batırlar. Qarabağı qaytarmaqla onlar regionda həyata keçirilən bir çox layihələrin həllində iştirak edə bilərlər. Aclıq və səfalətdən canları qurtarar".
Politoloqun sözlərinə görə, həmsədrlərin son nikbin bəyanatına o qədər də inanmır: "İndiyə qədər onlarla görüş olub. Hamısı da nəticəsiz bitib. İnanmıram ki, oktyabrın 27-dəki görüşdə yeni nəsə olsun. Amma qeyd olunan sülh üçün razılaşdırılmamış məsələlərdə ortaq razılığa hər zaman ümid etmişəm. Elə bunun üçün də Paris görüşünü maraqla gözləyirəm".
Keçmiş dövlət müşaviri prezidentlərin Paris görüşündə, Qərbin mövqeyinə də toxunub: "Qərb deyəcək ki, gedin ikiniz öz aranızda razılaşın. Çünki indiki halda ortaq nəticənin əldə edilməsinə Kreml mane olur".
Sülh və Münaqişələrin Həlli Mərkəzinin rəhbəri Elxan Mehdiyev isə bildirib ki, Paris görüşü haqda daha çox erməni tərəfə baxaraq fikir söyləmək mümkündür: "Qarşı tərəf üçün bu görüş sadəcə danışıqları, işğalı uzatmaq, vaxt qazanmaq, məsələni 2015-ci ilə keçirmək üçün yeni mərhələdir. Gələn il qondarma erməni genosidinin 100 illiyidir. Niyyət dünyanın bütün liderlərini İrəvana yığmaq və ermənilərin tarixdə genosidə məruz qaldıqlarını göstərmək, rəğbət qazanmaqdır. Növbəti ildə də onlar danışıqlar mərhələsini daha asan aşmağa çalışacaq və prosesi 2016-cı ilə keçirəcəklər. Ermənistanın strategiyası məsələni uzatmaqdır. Düzdür, Fransa tərəflər arasında inam yaratmağa çalışacağını deyir. İşğal kənarda qalıb, vasitəçilərin, Fransanın təşəbbüsü ona yönəlib ki, işğalı uzatmaq üçün təmas xəttində inam yaradan tədbirlər görülsün. Bu kimə lazımdır? Bizə torpaqları işğaldan azad etmək vacibdir, yoxsa təmas xəttində ermənilərə sakitlik yaratmaq?"
Politoloq vurğulayır ki, hazırda Dağlıq Qarabağ danışıqları Madrid prinsipləri üzrə aparılır: "Madrid sənədinə görə, Ermənistan qoşunları ilk mərhələdə Ağdam, Füzuli, Cəbrayıl, Qubadlı və Zəngilandan çıxmalı, Laçın və Kəlbəcər ikinci mərhələdə boşaldılmalıdır. Prinsiplər Ermənistanla Dağlıq Qarabağı birləşdirən dəhlizin yaradılmasını, Dağlıq Qarabağın yekun statusunu həmin bölgədə keçiriləcək referendumda müəyyən etməyi də nəzərdə tutur".
Politoloq Elman Nəsirli isə danışıqlara bəri başdan kölgə salan hadisələrin olduğunu deyib: "Ermənistan öz ampluasındadır. Danışıqlar prosesini pozmaq üçün İrəvan hər zaman ya atəşkəs rejimini kəskin şəkildə pozur, ya da işğalçı ölkənin prezidenti, xarici işlər və ya müdafiə naziri hərbi ritorikaya söykənən bəyanatlar verir. Bu baxımdan görüşlər mənasız olur. İndi də görüş ərəfəsində təxribat yaratmaq üçün girov götürülmüş azərbaycanlılara qondarma məhkəmə prosesi qurmaq istəyirlər. Oktyabrın 27-ə prezidentlərin görüşü təşkil olunur və elə həmin gün Xankəndidə girov azərbaycanlılara qeyri-qanuni məhkəmə qurmağa hazırlaşırlar. Deməli, Ermənistan gərginlik üçün yeni əsaslar yaradır. Ermənistanın bütün gedişləri danışıqların nəticəsizliyinə və status-kvonu qoruyub saxlamağa hesablanıb. Ona görə bu hadisələr fonunda danışıqların pozitiv nəticələrinə xüsusi ümid yoxdur. Dünya, o cümlədən Rusiya mətbuatı bir fikri önə çəkir ki, Vladimir Putin avqustda prezidentlərin görüşünü təşkil edərkən prosesin payızda davam edəcəyini bəyan edib. Bu baxımdan daha çox maraq doğuran Rusiya prezidentinin yeni görüş təşkil edəcəyi, hansısa nəticələrin əldə olunacağıdır".
Onu da qeyd edək ki, Avropa Birliyinin Azərbaycan üzrə təmsilçisi Malena Mardın prezidentlərin gözlənən Paris görüşü barədə bəyanatı Ermənistanda həyəcan doğurub. Görüşü müsbət addım sayan AB rəsmisi deyib: "Yüksək səviyyədə bu cür görüşlərin keçirilməsi çox vacibdir. Biz gözləyirik ki, atılan addımlar mövcud status-kvonun dəyişdirilməsinə imkan yaradacaq".
Malena Mardın məhz bu sözləri erməniləri qorxuya salıb. İndiyə kimi bütün erməni politoloqlar mövcud status-kvonun Ermənistan üçün həddindən əlverişli olduğunu bildiriblər. Buna görə də onlar dərhal Almaniya hökumətinin bu günlərdə Azərbaycan-Ermənistan münaqişəsi barədə hesabatını xatırladıblar: Rəsmi Berlin hesab edir ki, "Qarabağda erməni ordusu dayanır, danışıqlarda irəliləyiş üçün əsas şərt Ermənistanın işğal etdiyi Azərbaycan torpaqlarını qaytarmalı olmasıdır".
"Avropa Birliyinin bu aparıcı dövlətinin mövqeyi dəhşətə gətirir",- deyə erməni jurnalist Hraçya Qalustyan bildirir.

Əli