Ermənistanın “Caucasus Online” əndişəsi Siyasət

Ermənistanın “Caucasus Online” əndişəsi

Gürcüstanda və Ermənistanda Gürcüstanın Milli Rabitə Komissiyası ilə Gürcüstanın ən böyük internet provayderi olan “Caucasus Online” arasındakı mübahisə fərqli şəkildə şərh olunur.
“Sputnik Armeniya” nəşri yazır ki, Gürcüstan Milli Rabitə Komissiyası gürcü internet-provayderi “Caucasus Online” şirkətini azərbaycanlı iş adamına satılmış səhmlərin 49% -ni geri qaytarmağa məcbur edə bilər. Bu barədə Gürcüstan Milli Rabitə Komissiyasından bildirilib.
“Sputnik Armenia”ya verdiyi müsahibədə, adının çəkilməsini istəməyən, informasiya təhlükəsizliyi və texnologiyaları sahəsində mütəxəssis olan şəxs belə bir fikir söyləyib.
Avqustun 23-də məlum olub ki, Milli Rabitə Komissiyası “Caucasus Online” şirkətini 6 dəfə cəzalandırıb və hətta sanksiyalarla hədələyib.
“Məsələ burasındadır ki, şirkət “Elektron rabitə haqqında” qanunu pozub, bu qanuna görə səhmlərin 5% -dən çoxu satıldığı təqdirdə tənzimləyici orqana məlumat verməli və həmin qurumdan həyata keçiriləcək fəaliyyət barədə razılıq əldə edilməli idi.
Komissiyanın saytında verilən məlumata görə, şirkətə ilk xəbərdarlıq 2019-cu ilin oktyabrında olub. “Caucasus Online” şirkəti pozuntuları həmin ilin 3 dekabr tarixinədək aradan qaldırmalı idi. Şirkət tənzimləyicinin tələbini yerinə yetirməyib. Bu dəfə şirkət 270 min lari (təxminən 90 min dollar) cərimə olunub. Milli Komissiya, səhmləri qaytarmaq üçün şirkətə sentyabrın 20-dək vaxt verib.
Bu şərtlərə əməl edilmədiyi təqdirdə, tənzimləyici tərəfindən komissiyanın bütün tələblərinin yerinə yetirilməsini təmin etmək üçün müvəqqəti inzibatçı təyin edilməsi kimi sanksiyalar tətbiq olunacaq. Tənzimləyicinin nümayəndəsinə məhdudiyyətsiz hüquqlar veriləcəkdir. Eyni zamanda, nəşrin əsas yazılı sorğusuna cavab olaraq komissiya bildirir ki, şirkət Gürcüstanın mövcud qanunvericiliyini pozaraq, səhmlərin bir hissəsini komissiyanın xəbəri olmadan satdığına görə cərimələnib”, - deyə nəşr yazıb.
Bundan sonrakı addımlara gəlincə, komissiyanın kollektiv bir qurum olduğunu, gələcəkdə müvafiq qərar veriləcəyini qeyd edir. Komissiya buna baxmayaraq səlahiyyətli bir şəxs təyin etsə, bu komissiyanın qərarında əksini tapacaq.
“Erməni ekspertin fikrincə, hətta bu qədər sərt açıqlamalar fonunda “Caucasus Online” şirkəti tənzimləyici ilə razılığa gələ bilər. İş məhkəməyə çatmayacaq, bütün məsələləri formal şəkildə həll edəcək müvəqqəti idarəedici şəxs təyin ediləcək. Əslində isə heç nə dəyişə bilməz.
“Hər şeyin normala dönəcəyini düşünmürəm. Çox güman ki, tənzimləyici müvəqqəti idarəedici şəxs təyin edəcək, onun nəzarəti altında səhmlər (49% səhmdən söhbət gedir) geri qaytarılacaq”, - deyə ekspert bildirib.
Bununla yanaşı, “Caucasus Online” şirkəti tənzimləyici ilə qanunun tələbinə uyğun olaraq bir gündə və ya bir həftə ərzində səhmlərini eyni şəxsə yenidən satmaq barədə razılığa gələ bilər.
Ekspert, ziddiyyətlərin bu kompromis həlli ilə də bitəcəyinə əmindir. Onun sözlərinə görə, Ermənistan da bu oyuna qoşulmalıdır. Erməni tərəfi komissiya, nazirlik və Gürcüstan hökuməti ilə işləməlidir ki, səhmlər yenidən satılmasın.
“Buna şirkətin fəaliyyətinə nəzarət edəcək Gürcüstan hakimiyyəti tərəfindən yaradılan konsorsium mane ola bilər. Ermənistan tərəfi də konsorsiuma qoşulmalıdır”, - deyə ekspert bildirib.
“NewTelco Georgia”nın direktoru Qeorqi Kotoşia bildirib ki, indi nəyisə təxmin etmək çətindir. O, tənzimləyici komissiyanın təyin etdiyi müddəti gözləməyi təklif edir.
Üstəlik Kotoşia, məsələnin məhkəmə yolu ilə həll edilə biləcəyini istisna etmir, çünki bütün tərəflər öz hüquqlarını müdafiə edəcəklər. Ermənistana gəlincə, Kotoşia inamla qeyd edib ki, bütün bu vəziyyət İnternetin keyfiyyətinə təsir etməyəcək, sektorun çökməsinə səbəb olmayacaq”, - deyə “Sputnik Armenia” dərin narahatlıq olduğunu gizlətmir.
Qeyd edək ki, bir neçə həftə əvvəl Gürcüstan mediası “Caucasus Online” şirkətinin internet səhmlərinin 49% -nin Azərbaycana satıldığını bildirmişdi. Üstəlik, ABŞ-ın Azərbaycandakı keçmiş səfiri Metyu Brayzanın sözlərinə görə, səhmlər 61 milyon dollara satılıb.
Həmin KİV-lərin verdiyi məlumatına görə, “Caucasus Online” şirkətinin səhmlərini Azərbaycan rəhbərliyinə yaxın bir iş adamı, neft biznesində ən böyük holdinq şirkəti olan “NEQSOL” sahibi Nəsim Həsənov əldə edib. Gürcüstan tərəfinin bildirdiyinə görə, keçmiş Gürcüstan hökumətinə yaxın bir iş adamı Xvişa Makatsari (Mixeil Saakaşvilinin hakimiyyəti dövründən söhbət gedir - red.) internet şirkətindəki payını satıb.
Nəşrin iddiasına görə, “Caucasus Online” şirkətinin satışı barədə tənzimləyici, Gürcüstan Milli Rabitə Komissiyası məlumatlandırılmayıb, bu, faktiki olaraq şirkət “Elektron rabitə haqqında” qanunu pozub, bu qanuna görə səhmlərin 5% -dən çoxu satıldığı təqdirdə tənzimləyici orqana məlumat verməli və həmin qurumdan həyata keçiriləcək fəaliyyət barədə razılıq əldə edilməli idi: “Bundan əvvəl, “Caucasus Online” şirkəti “Dəmir Yolu Telekom”dakı payının satılması zamanı yol verilmiş qanun pozuntularına görə cəzalandırılmışdı (“Caucasus Online” şirkəti 2010-cu ildə bu şirkəti satın almışdı. Həmin alqı-satqı şirkətə Cənubi Qafqaz bölgəsinə daxil olma, İran və İraqa çıxış əldə edilməsi imkanı vermişdi).
Müxtəlif hesablamalara görə, Ermənistanın xarici internet trafikinin təxminən 80% həcmi Gürcüstanın payına düşür. Bundan başqa, Ermənistan Rusiya istiqamətində daha iki kabel xəttindən istifadə edir. Bunlardan biri dəniz, digəri quru xəttidir. Trafikin 20% həcmi isə İrana gedən kabel xəttlərinin payına düşür”.
Üstəlik, burada erməni operatorların İran, Əfqanıstan və bu yaxınlarda Qətərə doğru tranzit şirkət kimi çıxış etməsini və bu fonda səhmlərin bizim nəzarətimizə keçməsini nəzərə alsaq İrəvanda nə cür təşvişin yaşandığını təxmin etmək elə də çətin olmaz.