Parlamentdə bələdiyyələrlə bağlı müzakirə Siyasət

Parlamentdə bələdiyyələrlə bağlı müzakirə

Qüdrət Həsənquliyev: "Mərkəzi Seçki Komissiyasının bələdiyyələrin fəaliyyətinə xitam verməsi düzgün deyil"

Qalib Salahzadə: "Kimin bələdiyyə sədri olacağı indidən bəllidir"

Syavuş Novruzov: "Kimsə deyir ki, guya bələdiyyə sədri olacaq adamlar bəllidir, bu, kökündən yanlışdır"

Milli Məclisin dünənki iclasında "Bələdiyyələrin statusu haqqında" qanun layihəsi müzakirə olunub. Qanun layihəsinin müzakirəsi zamanı Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri, millət vəkili Qüdrət Həsənquliyev çıxış edərək deyib ki, ölkə ərazisində fəaliyyət göstərən 1700 bələdiyyənin hamısı Milli Məclisdə hesabat verə bilməz.
Millət vəkili fikrini onunla əsaslandırıb ki, bu dəyişikliyin tətbiqi praktiki baxımdan mümkün deyil. Qüdrət Həsənquliyev qeyd edib ki, Mərkəzi Seçki Komissiyasının bələdiyyələrin fəaliyyətinə xitam verməsi düzgün deyil: "Mərkəzi Seçki Komissiyasına elə bir səlahiyyət verilməyib ki, bələdiyyələrin fəaliyyətinə xitam versin. Bu qurumun statusunda da belə bir şey göstərilməyib. Mərkəzi Seçki Komissiyası Milli Məclisin qərarını ləğv edə bilməz".
Deputat Qalib Salahzadə isə çıxışında Bakı bələdiyyələrinin xəritəsinin olmadığını xüsusi qeyd edib. O, qarşıdan gələn bələdiyyə seçkisi barədə tənqidi fikir səsləndirib: "Onsuz da bilirik ki, kimlər bələdiyyəyə seçiləcək. Burda təəccüblü bir şey yoxdur. Bütün deputatlar da bilir ki, kim bələdiyyə sədri olacaq. Bir az cürətli danışdım, amma düz danışdım".
Onun söylədiklərini deputatlar gülüşlə qarşılayıblar. Milli Məclisin Regional məsələlər komitəsinin sədri Arif Rəhimzadə isə Qalib Salahzadənin cavabını verib. O bildirib ki, bələdiyyələrə qarşı bu cür ifadələri işlətmək olmaz: "Biz onlara hüquqi qiymət verə bilmərik. Seçki keçirilsin və sonra kimin necə seçiləcəyinə hüquqi qiymət veriləcək".
Deputat Fazil Mustafa düşünür ki, bu dəyişiklik bələdiyyələrin fəaliyyətini məhdudlaşdıracaq: "Əksinə, imkan vermək lazımdır ki, bələdiyyələrin statusu genişlənsin".
Milli Məclis sədrinin birinci müavini Ziyafət Əsgərov isə Fazil Mustafanın bu mövqeyinə etiraz edib. "Yaxşı olar ki, qanunun mahiyyətini başa düşəsiniz. Siz hüquqşünas kimi danışmırsınız. Bu dəyişiklik bələdiyyələrin fəaliyyətini genişləndirəcək".
YAP icra katibinin müavini, deputat Siyavuş Novruzov isə deyilənlərə belə münasibət bildirib: "Azərbaycanda bələdiyyələrin inkişafına şərait yaradılıb. Elələri var ki, heç bələdiyyələrdən xəbəri yoxdur, amma ondan danışır. YAP bələdiyyə seçkilərinə yaxşı hazırlaşır. YAP-da bələdiyyə sədrliyinə namizədlik uğrunda qırğın gedir. Biz məcbur olub həmin şəxslərin bəzilərini partiyadan çıxarılacaqları ilə hədələyirik. Bu, ölkədə bələdiyyə seçkisinə olan marağın göstəricisidir. Kimsə deyir ki, guya bələdiyyə sədri olacaq adamlar bəllidir. Bu, kökündən yanlışdır. Bunu o adamlar deyir ki, adamlarını bələdiyyə seçkisində namizəd kimi qeydiyyata aldıra bilmirlər".
Siyavuş Novruzov bu fikirləri ilə həm də Qalib Salahzadəyə cavab verib.
Sonda qanuna dəyişiklik qəbul edilib.