Türkiyənin ərköyünləşdirdiyi ermənilər və “həpimiz erməniyiz” deyənlər... Siyasət

Türkiyənin ərköyünləşdirdiyi ermənilər və “həpimiz erməniyiz” deyənlər...

AKP-nin ermənilərlə "isti münasibət" siyasəti qardaş ölkədəki bəzi ünsürləri işğal altındakı torpaqlarımıza ayaq açmağa həvəsləndirib

Cavid

Dağlıq Qarabağın işğalı ilə bağlı olaraq Türkiyə ilk gündən Ermənistanla sərhədlərini bağlayıb. Lakin iki dövlət arasında iqtisadi, siyasi, mədəni əlaqələrin olması faktı da danılmazdır. Türkiyəli iş adamlarından tutmuş, vətəndaş cəmiyyəti institutları və media mənsubları arasında əməkdaşlığın mövcudluğu danılmaz fatlardandır. Düzdür, rəsmi Ankara Ermənistanla iqtisadi və siyasi münasibətlərdə olmadığını bəyanlayır. Amma reallıq başqadır. Türkiyə-Ermənistan ticarət əlaqələri mövcuddur, erməni malları Türkiyədə, türk malları Ermənistanda satılır, hava uçuşları reallaşdırılır. Rəsmi səviyyədə də ermənilərə "isti münasibət" siyasəti yürüdülür, Davudoğlu "ermənilər Türkiyəyə xoş gəlir" deyir, Ərdoğan erməni uşaqlarına maddi yardım edir və s ....
Türkiyənin bəzi ekspertləri Ermənistanla türk iş adamlarının əlaqələruini əhəmiyyətsiz hesab edirlər. Məsələn, Çağatay Balıcı bildirib ki, bunlar əhəmiyyətsiz və simvolik fəaliyyətdir. Onun fikrincə, Türkiyənin Ermənistan ilə ciddi bir ticarət əlaqəsi olması üçün əvvəlcə sərhədlərin açılması lazım gəlir.
Maraqlıdır, əhəmiyyətsiz və simvolik olsa da bu kimi əlaqələr mövcuddur. Türkiyədə hər kəs 7-də 77-yə bilir ki, ermənilər azərbaycanlılara qarşı soyqırım törədib, minlərlə soydaşımız vəhşicəsinə öldürülüb və s. Demək, Türkiyədən hər hansı şirkət Ermənistanla iş qurarkən erməni terrorçuları ilə əlaqə qurduğunu da bilməmiş deyil. Amma Ankarada hesab edirlər ki, bu dövlət səviyyəsində deyil. Sual olunur, Allah eləməsin, Azərbaycanda hər hansı iş adamı və yaxud şirkət PKK ilə belə əlaqə qurarsa, bu, Türkiyə tərəfindən necə qarşılana bilər?
Xatırladaq ki, Ermənistanla açıq işbirliyində olan Türkiyə şirkətlərin başında BEKO, UNIT, "Türkel Fair Organization", "Dəmirçi" Makina Sənaye Limited, "Nurol Makina və Sənaye" kimi adlar gəlir. Bunlardan "Dəmirçi" Makina Sənaye Limited şirkətinin hətta Xankəndi hava limanını müxtəlif avadanlıqlarla təchiz etdiyi barədə də məlumatlar yayılıb. Amma bu vaxtadək onların heç biri rəsmi Ankara tərəfindən cəzalandırılmayıb…
Yeri gəlmişkən, Türkiyədə "Türk-Erməni İş Şurası" da fəaliyyət göstərir. Bu şura 1997-ci ildə iki ölkənin keçmiş prezidentlərinin (Süleyman Dəmirəl və Levon-Ter Petrosyan) Qara Dəniz İqtisadi əməkdaşlıq çərçivəsində əldə etdikləri razılaşma ilə qurulub. Şuranın Türkiyə tərəfindən həmsədri erməni əslli Türkiyə vətəndaşı Kaan Soyak, Ermənistan tərəfindən isə Arsen Yegizaryandır. Bunlar faktdır. Ola bilməz ki, Ankaranın bu şuranın fəaliyyətindən xəbəri olmasın.
Maraqlıdır ki, Ermənistanla Türkiyə arasında protokolların imzalanmasına paralel olaraq iki cəmiyyət arasında yaxınlaşmaya nail olmaq üçün mətbuat da işə salınıb. Son aylar bir-birinin ardınca Türkiyənin aparıcı KİV-nin əməkdaşları Ermənistana və Dağlıq Qarabağa ezam olunur, əksər hallarda bu ezamiyyətlərin nəticəsi olaraq ermənilərin "məzlum durumda" yaşadıqları, Türkiyə ilə sərhədlərin açılmasını çox istədikləri və barışığa guya hazır olduqları haqda yazılar dərc edilir. Erməni mənbələrinin məlumatlarına görə, bir neçə il öncə də Türkiyədən "Akşam" qəzeti öz əməkdaşını Dağlıq Qarabağa ezam edib.
Dağlıq Qarabağa Ermənistan ərazisindən keçərək gedən Nagehan Alçı isə həyasızcasına bu ərazilərin sırf erməni torpaqları olduğunu iddia edib. Ermənistan İctimai Televiziyasına açıqlama verən jurnalist bildirib: "Biz Türkiyədə yaşayanlar səhv etmişik, Qarabağ yüz faiz erməni ərazisidir və biz anladıq ki, siz bu torpaqları güzəştə getməməkdə kifayət qədər israrlısınız".
Jurnalist Dağlıq Qarabağı öz gözü ilə görmək və "Qarabağ xalqı"nın həyatından reportaj hazırlamaq niyyətində olduğunu deyib.
Yazdıqları tipik erməni həyasızlığınin dəyişməyən nümunəsidir. Alcı yazır: "Qarabağa getməklə bağlı baş redaktorum qarşısında təklif irəli sürdüm və müsbət cavab aldım. Dağlıq Qarabağ ətrafında ərazi mübahisəsi Türkiyəni də maraqlandırır. Burada gördüklərim Qarabağın keçmişi və gələcəyi ilə bağlı bütün şübhələrimi aradan qaldırdı. Stepanakert bizdə böyük təəssürat doğurdu və biz yenə bura gəlmək niyyətindəyik".

Türkiyə-Ermənistan münasibətlərini şərh edən Nagehan Alçı sərhədlərin açılmasını arzuladıqlarını bildirib: "Lakin Dağlıq Qarabağ problemi bu prosesi əngəlləyən əsas maneələrdən biridir. Bizim hökumət bəyan edib ki, Qarabağ münaqişəsi həll olunmayınca, sərhədlər açılmayacaq. Yaşayarıq, görərik".
Qeyd edək ki, bundan əvvəl Türkiyənin NTV kanalı da Dağlıq Qarabağdan hazırladığı süjetlə Ankara ilə Bakı arasında diplomatik gərginliyin yaranmasına səbəb olmuşdu. Kanalın çəkiliş qrupu Azərbaycan tərəfi ilə razılaşdırılmadan Xankəndinə gedərək cinayətkar separatçı rejimin nümayəndələrilə görüşüb, Bako Saakyanı "prezident" kimi təqdim edib. Süjetdə Azərbaycanın ərazi bütövlüyünə və suverenliyinə zidd digər məqamlar da yer alıb. Bu süjetlə bağlı rəsmi Bakı Ankaraya nota verib, məsələ iki ölkənin xarici işlər nazirlərinin danışıqlarında qaldırılıb. Türkiyə Xarici İşlər Nazirliyi məsələ ilə bağlı şifahi bəyanatla çıxış edərək süjetin rəsmi Ankaranın mövqeyini əks etdirmədiyini bildirsə də Bakıdan verilən notaya rəsmi cavab göndərməyib. Türkiyədə ümumiyyətlə son vaxtlar AKP iqtidarına bağlı medianın Ermənistandan reportajlara geniş yer verməsi müşahidə edilir və orada bir qayda olaraq ermənilərin barış tərəfdarı olması haqda ictimai rəy formalaşdırılır.
Bu günlərdə isə Ermənistan mətbuatı Avrasiya Birliyi Əməkdaşlıq Fondunun maliyyələşdirdiyi "Türkiyə-Ermənistan münasibətlərinin normallaşması prosesinə kömək" proqramı çərçivəsində gerçəkləşdirilən səfər zamanı türkiyəli jurnalistlərin Ermənistanda qondarma "soyqırımı" muzeyinə baş çəkdiklərini yazıb.
Türkiyə Qəzetçilər Federasiyasının rəhbərliyi məsələdən xəbərsiz olduğunu bildirib: "Doğrusu, bundan xəbərimiz yoxdur. Məsələni araşdırdıqdan və səfərin təfsilatını öyrəndikdən sonra münasibət bildirəcəyik. Biz jurnalistlər bütün dünyada sülh, barış olmasının tərəfdarıyıq. Müharibə, qan, qada istəmirik. Jurnalist əslində sərhəd tanımamalıdır. Ancaq konkret olaraq, Ermənistana, onun baş kəndində qoyulan uydurma soyqırım abidəsini Türkiyənin hər hansı jurnalistinin ziyarət etməsinə inanmıram. Bu, mümkün deyil. Əgər belə bir məsələ olubsa, kəskin etirazımızı bildirəcəyik. Onları cəmiyyət tərəfindən qınağa çəkəcəyik".
Onu da bildirək ki, Türkiyənin hansı KİV-lərinin nümayəndələrinin belə bir addım atması hələlik açıqlanmır.
"Gündəlik Bakı" qəzetinin əməkdaşı Anar Rasimoğlunun fikrincə, Türkiyədən Dağlıq Qarabağa gedən jurnalistin öncə kimlikləri öyrənilməlidir: "Söhbət təkcə jurnalistlərdən yox, Ermənistanla əlaqəsi olan istənilən Türkiyə vətəndaşından gedir. Bilirik ki, Türkiyədə sonradan türkləşən ermənilər çoxdur və eyni zamanda ermənilərlə işvbirliyində olan türklər də az deyillər. Media sahəsində də bunlar var. Onların əsas məqsədi işğal olunan ərazilərimizə səfərlər edib ermənilərin maraqlarına xidmət edəcək materiallar dərc etməkdir. "Aqos" qəzetinin əməkdaşı Arzu Qeybullayeva kimi. Onun kimi jurnalistlər az deyil Türkiyədə. Amma onların milliyyəti ilk növbədə araşdırılmalıdır. Bundan başqa Türkiyə hökuməti bu prosesi nəzarətə götürməlidir. Necə ola bilər ki, Türkiyə vətəndaşları bütün Türk Dünyasına düşmən kəslilən bir ölkə ilə münasibətdə olsun, get-gəl etsin, oradakı tədbirlərdə iştirak etsin, amma dövlətin bunlardan xəbəri olmasın. Rəsmi Ankaranın müvafiq orqanlarının bu kimi məsələlərdən xəbəri var. Sadəcə göz yumurlar".