Hikmət Babaoğlu: "Azərbaycan SSRİ-nin dağılmasında etnik separatçılıqla müşahidə edilən müharibələr tarixində dönüş yaratdı" Siyasət

Hikmət Babaoğlu: "Azərbaycan SSRİ-nin dağılmasında etnik separatçılıqla müşahidə edilən müharibələr tarixində dönüş yaratdı"

"Laçın rayonunun işğaldan azad edilməsi ilə Azərbaycanın ən yeni siyasi tarixinin daha bir mərhələsi arxada qaldı. Müqayisəli təhlil aparmaq istəsək görəcəyik ki, 2020-ci il sentyabr ayının 27-dən başlayaraq dekabr ayının 1-nə qədər davam edən bu mərhələ cəmi 64 gün çəksə də, əslində, nəinki Azərbaycanda, bütövlükdə Cənubi Qafqazda tamamilə fərqli və yeni bir eranın başlanğıcını yaratdı”.

Bunu açıqlamasında Milli Məclisin deputatı Hikmət Babaoğlu deyib.

O bildirib ki, 44 günlük aktiv müharibə fazası və sonrakı 20 gündə 3 rayonumuzun bir güllə atılmadan azad edilməsi mühüm hadisədir: “Bu, xalqımızın tarixinə qızıl hərflərlə yazıldı. Yəni təqribən 100 il davam edən və “Dağlıq Qarabağ” problemi adlandırılan məsələ birdəfəlik və həmişəlik heç bir status olmadan həll edildi, Azərbaycanın ərazi bütövlüyü təmin olundu. Azərbaycan xalqı məğlub edilmiş xalq statusundan qurtularaq qalib xalq statusu əldə etdi. Milli birliyin və bərabərliyin simvoluna çevrildi. Hərb və diplomatiya tarixində bütün dünyada heyrətlə qarşılanan yeniliklərə imza atdı. Ancaq bunlar da məsələnin hamısı deyil”.

Deputat qeyd edib ki, 44 günlük müharibə Sovet İttifaqının dağılması prosesində etnik separatçılıqla müşahidə edilən müharibələr tarixində dönüş yaratmaqla yeni nümunə ortaya qoydu: “Vaxtilə dünya siyasətinin fərqli qütblərində yer alan qonşu dövlətlərin maraqlarını qarşılıqlı şəkildə bir araya gətirərək və milli maraqlarımızla uzlaşdıraraq regionda Türkiyə-Rusiya əməkdaşlığının fundamental əsaslarını formalaşdırdı. Beləliklə, böyük bir strateji rayonda yeni güc balansı yaratmaqla bu yeni geosiyasi tarazlıqda özünün mühüm yerini və rolunu müəyyən etdi və s. Bütün bunlar isə o qədər sürətlə baş verdi ki, dünya siyasətini müəyyən edən güc mərkəzlərinin bir çoxu əslində sadəcə hadisələri kənardan izləməklə ona əsla müdaxilə edə bilmədi. Halbuki, biz çox radikal və aktiv müdaxilə cəhdlərinin də şahidi olduq. Beləliklə, hazırda Azərbaycan yeni reallıq yaratmaqla özünə mühüm strateji perspektiv təmin edib”.

H. Babaoğlu diqqətə çatdırıb ki, bu reallığı yaradan Azərbaycan Prezidenti İlham Əliyev Laçın rayonun işğaldan azad edilməsi münasibətilə xalqımıza müraciət edərkən bir sıra mühüm məsələlərə toxundu: “O cümlədən milli iradəmizə qarşı addım atmaq niyyətində olanlara yenə sərt ismarıclar göndərdi. Bu fikirlər bir daha Azərbaycanın qətiyyətini, milli iradəsini göstərməklə, eyni zamanda, hələ də yaranmış yeni reallığı həzm etməyən, onu pozmaq istəyənlərin olduğunu göstərir. Ancaq bütün bunlar şübhəsiz ki, yeni reallığı dəyişə bilməz və hazırda Azərbaycan regionun lider və qalib ölkəsi kimi öz yeni gələcəyini inşa edir. Prezident İlham Əliyev yeni mərhələdən danışarkən bildirdi ki, bizim ölkəmiz üçün yeni dövr başlayır - Yeni quruculuq dövrü, inkişaf dövrü, azad edilmiş ərazilərimizin bərpası dövrü. Mən tam əminəm ki, Azərbaycan xalqı bu dövrdə də birlik, həmrəylik, güclü iradə göstərəcək. Doğurdan da ölkəmizdə hamı müşahidə etdiyi təcrübədən bilir ki, erməni vəhşi quldurları tərəfindən dağıdılan, viran edilən kəndlərimiz, şəhərlərimiz ən qısa zamanda bərpa edilərək məskunlaşdırılacaq, insanlarımız öz doğma yurdlarına qayıdacaqlar”.