İtaliyada Azərbaycan təcrübəsi müzakirə olunacaq Siyasət

İtaliyada Azərbaycan təcrübəsi müzakirə olunacaq

BAXCP sədri, millət vəkili Qüdrət Həsənquliyev Romada keçiriləcək konfransda iştirak edəcək

Dekabrın 10-da Romada "İslam ənənəli dövlətlərdə dini birgəyaşayış. Müsəlman ölkəsində müxtəlif dinlərin yanaşı mövcudluğu: Azərbaycan təcrübəsi" mövzusunda konfrans keçiriləcək.
Milli Məclisdən verilən məlumata görə, tədbirdə deputatlar Əli Hüseynli, Azər Kərimli, Qüdrət Həsənquliyev, Mixail Zabelin və Yevda Abramov iştirak edəcəklər.
Azərbaycan-İtaliya parlamentlərarası işçi qrupunun və Azərbaycan-İtaliya Assosiasiyasının təşəbbüsü və İtaliya Senatının dəstəyi ilə Azərbaycan Milli Məclisi tərəfindən təşkil edilmiş bu konfransda islam ənənələri mövcud olan dövlətlərdə müsəlmanların, xristianların və yəhudilərin birgə yaşayışı ilə bağlı hazırkı vəziyyət barədə məruzələr dinləniləcək, müzakirələr aparılacaq.
Tədbirdə Azərbaycan, İtaliya, Vatikan Dövləti və digər ölkələrin siyasi və dini qurumlarının, eləcə də elmi-tədqiqat müəssisələrinin və mərkəzlərinin nümayəndələri iştirak edəcəklər.
Qeyd edək ki, "Xalq Cəbhəsi" qəzetinin baş redaktoru Elçin Mirzəbəyli də sözügedən konfransa qatılmaq üçün İtaliyaya gedib.