Siyasi partiyalar hansı təkliflərlə çıxış edəcəklər? Siyasət

Siyasi partiyalar hansı təkliflərlə çıxış edəcəklər?

Niyaməddin Orduxanlı: "Bundan sonrakı görüşlərdə də ölkədə konkret istiqamətlər üzrə siyasi, hüquqi, iqtisadi islahatların aparılması təşəbbüsü ilə çıxış edəcəyik"

Əli Orucov: "Çeşidli problemlərin müzakirəsi masa üzərinə qoyula bilər"

Taliyət Əliyev: "Bu tipli görüşləri dialoq prosesinə çevirmək lazımdır"

Xəzər Teyyublu: "Dağlıq Qarabağ problemi, dövlətimizin təhlükəsizliyi məsələləri birlikdə müzakirə edilməlidir"

Müxalif siyasi partiyalarla Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin rəhbəri Əli Həsənov arasında keçirilən görüş müsbət dəyərləndirildi. Burada həm də növbəti görüşün olacağı qeyd olundu. Siyasi partiyalar növbəti görüşdə hansı məsələlərin müzakirəyə çıxarılmasını arzulayırlar?
Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası (BAXCP) sədrinin ictimai-siyasi əlaqələr üzrə müavini Niyaməddin Orduxanlı iqtidar təmsilçisi və müxalifət partiyalarının nümayəndələri arasında keçirilən görüşün ölkənin siyasi siteminin inkişafı üçün mühüm əhəmiyyət kəsb etdiyini vurğulayıb: "BAXCP iqtidar-müxalifət dialoqu, konstruktiv əməkdaşlıq barədə cəmiyyətə ilk mesajlar verən bir partiyadır. Biz ölkənin rifahı və inkişafı üçün sivil siyasi münasibətlər sisteminin formalaşması barədə açıq və şəffaf təşəbbüslərlə çıxış edən və buna görə çoxsaylı böhtan kampaniyalarla qarşı-qarşıya qalan bir siyasi partiya kimi baş verənlərin mahiyyətini çox yaxşı anlayırıq. Sevinirik ki, vaxtilə bizim təşəbbüslərə qarşı çıxış edənlərin böyük əksəriyyəti gec də olsa siyasi prosesləri düzgün dəyərləndirməyə başlayıblar. BAXCP 2007-ci ildə hazırladığı və 2008-ci ildə geniş ictimaiyyətə təqdim etdiyi siyasi-hüquqi islahatlar paketi ilə çıxış edir. Prosesləri düzgün təhlil etdiyimiz üçün bu müddət ərzində bizim baxışlarımızda hər hansı bir dəyişiklik baş verməyib. Bundan sonrakı görüşlərdə də ölkədə konkret istiqamətlər üzrə siyasi, hüquqi, iqtisadi islahatların aparılması təşəbbüsü ilə çıxış edəcəyik".
Azərbaycan Milli İstiqlal Partiyasının (AMİP) funksioneri Əli Orucov "əvvəla, baxaq görək bu görüşlərin davamı gələcək, ya yox?",- deyə bildirdi: "Hesab edirəm ki, növbəti görüş olacaqsa bu, görüş formatından çıxarılaraq dialoq müstəvisinə keçirilsin. O ki qaldı hansı məslələrin müzakirəsi məsləsinə, mövzu kifayət qədərdir, sosial məsələrdən, demokratik dəyərlərin və təsisatların inkişafından tutmuş ərazi bütövlüyümüzün bərpasınadək çeşidli problemlərin müzakirəsi masa üzərinə qoyula bilər. Əsas odur ki, başlanılan yol yarıda qalmasın və bu öz pozitiv nəticələrini versin".
Azərbaycan Demokrat Partiyasının (ADP) Taliyət Əliyev bildirdi ki, bu tipli görüşləri iqtidarla müxalifət arasında bir dialoq prosesinə çevirmək lazımdır: "Əgər bu baş verərsə cəmiyyəti narahat edən ən ümdə problemlər dialoqun predmeti ola bilər...".
Klassik Xalq Cəbhəsi Partiyasının (KXCP) sədri müavini Xəzər Təyyubi hesab edir ki, müxalifət partiyaları ilə hakimiyyət nümayələri arasında keçirilən görüş çox önəmlidir: "Burada qoyulan əsas məsələ Azərbaycan üçün geostrateji vəziyyətdə iqtidarlı, müxalifətli bir çox problemlərin həllini birlikdə çözməkdir. İnsan haqları, Dağlıq Qarabağ problemi, dövlətimizin təhlükəsizliyi məsələləri birlikdə müzakirə edilməlidir. Bu baxımdan hesab edirəm ki, keçirilən görüş davamlı olmalıdır. İnşallah bunun necə olacağını isə zaman göstərəcək". KXCP funksioneri görüşə gəlməyən partiyalar barəsində də fikrini söyləyib: "Kim yuxarıda sadaladığım məsələlərin həllində yardımçı olmaq istəyəcəksə, mövqeyi bizim qrupa aid olacaq. Kim ki, istəməyəcəksə iştirak etməyəcək. Ancaq bütünlükdə bu məsələlərə kölgə salmağın, yaxud da buna əndişə göstərməyin də yeri yoxdur. Azərbaycanın problemlərini həll etmək hər birimizin arzusu olmalıdır".
Böyük Quruluş Partiyasının (BQP) sədri, millət vəkili Fazil Mustafanın fikrincə, görüş özlüyündə müsbət hadisədir: "Təşəbbüslə çıxış edən partiyaları təbrik etmək lazımdır. Çünki dəfələrlə belə təşəbbüslər olsa da, iqtidar tərəfindən əhəmiyyət verilməmişdi. Biz sadəcə xoş niyyətli hadisə olduğuna görə iştirak etməyə qərar verdik. Partiyaları maraqlandıran seçki, qərargah, məhbuslar, siyasi münasibətlər, Azərbaycanın dövlət maraqlarının təminatı məsələsində əməkdaşlıq və başqa mövzularda müzakirələr oldu. Ümid edirəm ki, bu görüş dialoq üçün zəmin hazırlayacaq və səmimi müzakirə mühiti formalaşacaq". Millət vəkili onu da bildirib ki, görüş zamanı daha geniş tərkibdə müzakirələrin keçiriləməsi ilə bağlı razılığa gəlinib: "Növbəti görüşün vaxtı tərəflərin razılaşmasından və iqtidarın nə dərəcədə buna zərurət duymasından asılıdır. Hər halda belə bir razılaşma oldu ki, daha geniş tərkibdə görüş keçirilsin".
Azərbaycan Liberal Demokrat Partiyasının (ALP) sədri Fuad Əliyev bildirdi ki, növbəti görüşə dəvət olunsa, seçki islahatları və sair məsələləri qaldıracağam. Sözsüz ki, bununla yanaşı bir çox problemləri də görüşdə müzakirəyə çıxarmağı düşünürük". O, həmçinin baş tutan görüşü yüksək qiymətləndirdiyini deyib: "Müxalifət bu görüşü çoxdan gözləyirdi. Elə iqtidar komandası üzvlərinin çıxışlarından da hiss olunurdu ki, belə bir görüşün keçirilməsini onlar da normal qarşılayırlar. Nəhayət ki, ötən şənbə günü bu görüş baş tutdu. Düzdür, görüş mediaya qapalı oldu, amma bu heç də o demək deyil ki, biz fəaliyyətimizi ictimaiyyətdən gizlədirik. Biz həmin görüşdə tam sərbəst şəkildə fikirlərimizi çatdıra bildik, üzləşdiyimiz problemləri qaldıra bildik. Fikrimcə, olduqca səmimi bir görüş keçdi. Ümid edirəm ki, bundan sonra baş tutacaq görüşlər bütövlükdə iqtidar-müxalifət danışıqlarına, demokratik cəmiyyətin formalaşmasına gətirib çıxaracaq".
Vətəndaş və İnkişaf Partiyasının sədri Əli Əliyev isə bildirib ki, bir neçə partiya, eləcə də bir neçə siyasi təşkilat prosesə qatılmayıb: "Başqa cür desək görüş təşəbbüskarlardan kənar qüvvələr də bu prosesdə iştirak edirdi. Ancaq bir daha vurğulamaq istərdim ki, format əsas deyil. Orada aparılan müzakirələr, atmosfer, müzakirə sistemi daha önəmli idi. Mən bu atmosferdən xeyli razıyam və hesab edirəm ki, hər hansı bir şərt daxilində görüşün baş tutmasından asılı olmayaraq, əgər bu davamlı olacaqsa, ölkənin siyasi sisteminin inkişafına və cəmiyyətdəki açılıma nail olmaq mümkün olacaq".
O, həmçinin əlavə edib ki, baş tutan tədbirin statusu iqtidar-müxalifət görüşü idi: "Mən bu görüşü yüksək qiymətləndirirəm. Ehtiyat etdiyim bir sıra məsələlərə görüş zamanı rast gəlmədim. İqtidar təmsilçisi bizi narahat edən bir sıra məsələləri özü söhbət mövzusuna çevirdi. Əgər Prezident Administrasiyasının rəsmisinin səsləndirdiyi fikirlər iqtidarın məsləhətləşib ortaya çıxardığı mövqeyidirsə və sistemli xarakter daşıyacaqsa, bu, ölkənin ümumi siyasi sisteminə müsbət təsir göstərəcək. Əli Həsənov öncədən ifadə etdi ki, bu görüşlər sistemli xarakter daşıyacaq. Bu, ilk görüş idi və baş tutdu. Əli Həsənov bunu heç kəsin təklifi olmadan ifadə etdi. Görüşün mətbuatsız hissəsində növbəti görüşün mövzu anonsunu da verdi, təklif etdi ki, partiyaların maliyyələşməsi məsələsinə baxılsın, tərəfləri qane edən layihə hazırlansın. Eləcə də, digər məsələlərə də aydınlıq gətirildi. Bu, müsbət qiymətləndirilməlidir. Bu mövqe davam edərsə, bundan bütövlükdə Azərbaycan dövləti qazanc əldə edər... Nəzərə almaq lazımdır ki, son on ildə belə bir görüş keçirilməyib. Son on ildə ilk dəfədir ki, hakim partiyanın kifayət qədər yüksək çinli nümayəndəsi və Azərbaycan dövlət strukturunun rəsmi məmuru olaraq çalışan bir şəxslə müxalifət partiyaları arasında müzakirələrə start verildi. Açıq hiss edilirdi ki, həmin şəxs danışıq aparmaq üçün yüksək mandata sahib idi. Əlbəttə, müxtəlif yanaşmalar mövcuddur...".
Vətəndaş Həmrəyliyi Partiyasının (VHP) sədr müavini Samir Əsədli dedi ki, növbəti görüşdə seçki islahatlarının aparılması, Seçki Məcəlləsinin təkmilləşdirilməsi və digər addımların atılmasının müzakirə olunmasını arzu edir...

Əli