“Heydər Əliyevin bəyanatı xalq üçün də bir mayak rolunu oynamışdı” Siyasət

“Heydər Əliyevin bəyanatı xalq üçün də bir mayak rolunu oynamışdı”

Elnur Allahverdiyev: “O, faktiki olaraq xalqa bildirirdi ki, bu sistemin sonudur və quruluş çöküb”

“20 Yanvar”ın xalqımız üçün həm tarixi, həm siyasi, həm də mənəvi baxımından önəmi misilsizdir. Birincisi, bu, bir xalq olaraq həm əsarətə, həm də həmin əsarətin təzahürü olan erməni separatizm meyllərinin cəzasız qalmasına bir etiraz idi”. Bu fikirləri “Xalq Cəbhəsi”nə açıqlamasında millət vəkili Elnur Allahverdiyev səsləndirib. Millət vəkili əlavə edib ki, 70 illik sovet rejiminə qarşı ilk dəfə idi ki, bu miqyasda kütləvi dirəniş nümayiş etdirilirdi: “İkincisi, siyasi yöndən xalq erməni separatizmi və özbaşınalığına gözyummanın çürük siyasi idarəetmə mexanizmi olduğunu və problemin həlli üçün fərqli siyasi yanaşma tələb etdiyini ortaya qoymuşdu. Mənəvi baxımdan isə, təbii ki, xalq müdhiş birlik və həmrəylik nümayiş etdirirdi. Yəni düşmənə qarşı insanlarımız tankdan, zirehli maşından, silahlı təzyiqdən belə çəkinmədiyini göstərdi. Fikrimcə, 44 günlük Vətən müharibəsi ərzində, habelə iyul hadisələri zamanı xalqımızın birlik hərəkatının genetik kodunda məhz 20 yanvardakı həmrəylik hissləri dururdu”.
Onun fikrincə, ümumilli lider Heydər Əliyevin faciədən dərhal sonra – 1990-cı il yanvarın 21-də ailə üzvləri ilə birlikdə Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gələrək SSRİ rəhbərliyinin törətdiyi bu qanlı əməliyyata kəskin etirazını bildirməsinin tarixi mahiyyəti əlbəttə ki, çox dərindir: “Əvvəla, xalq Heydər Əliyevi sevir və ona ümid bəsləyirdi. Bir təcrübəli siyasətçi, dövlət adamı olaraq, onu öz lideri, ağsaqqalı bilirdi. Ağsaqqal hər zaman düz yol göstərər, ailəsini, xalqını çətinliklərdən çıxarıb təhlükəsiz yola yönəldər. Bu baxımdan, Heydər Əliyevin məlum bəyanatı xalq üçün də bir mayak rolunu oynamışdı. Kremldəki proseslərə yaxından bələd olan dövlət adamı kimi, o, faktiki olaraq xalqa bildirirdi ki, bu sistemin sonudur və quruluş çöküb.
Eyni zamanda, Heydər Əliyevin bu cəsur addımı dünya üçün də mesaj idi. Dünyada gördülər ki, illərdir sovet sisteminin ən nüfuzlu nümayəndələrindən biri bu rejimə heç bir inam bəsləmir.
Millət vəkili həmçinin diqqətə çatdırıb ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə işğal altındakı torpaqların azad edilməsinin şəhidlərin qisasının alınması anlamına gəlməsi şübhəsizdir: “Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qəhrəman ordumuzun zərbələrindən qaçan erməni hərbi birləşmələri, separatçı, qanunsuz elementləri əslində, 30 ildir şişirdilmiş Ermənistanın hərb maşını idi. O maşın ki, ünsürləri xalqımıza qarşı soyqırımı törətmişdilər, Xocalı qətliamında əlləri qanımıza batmışdı. Ordumuz qisasımızı almaqla yanaşı, sinəsinə döyən əyalət çaplı erməni liderlərini, onları dəstəkləyən bəzi xarici siyasi dairələri rüsvay etdi. Erməni ordusunun yenilməzliyi mifini darmadağın etdi”.

Əli Zülfüqaroğlu