“Müharibə riski arta bilər” Siyasət

“Müharibə riski arta bilər”

Anar Turan: "Rusiya hər zaman Cənubi Qafqazda öz forpostunu bu və ya başqa bir şəkildə təmin edib"

Qabil Hüseynli: "KTMT-nin mərkəzinin Ermənistanda açılması xoşagələn bir addım deyil"

Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) üzvü olan dövlətlər Dağlıq Qarabağ münaqişəsinin istisna olaraq sülh yolu ilə həllinin vacibliyini vurğulayıblar. KTMT ölkələri dövlət başçılarının KTMT Kollektiv Təhlükəsizlik Şurasının bu gün keçirilmiş iclasının yekununda qəbul edilmiş bəyanatda belə deyilir. Onu da əlavə eədk ki, iclasda iştirak edən Rusiya prezidenti Vladimir Putin bildirib ki, hərbi təyinatlı KTMT-nın ilk humanitar mərkəzi 2015-ci ildə Ermənistanda açılacaq.
Bu Azərbaycan Rusiya münasibətlərinin gələcək perspekrivi və Qarabağla bağlı danıçıqlar prosesinə necə təsir edə bilər?
Politoloq Anar Turan bildirdi ki, ümumiyyətlə bu hal ilk dəfə deyil baş verir: "Rusiya hər zaman Cənubi Qafqazda öz forpostunu bu və ya başqa bir şəkildə təmin edib. Ermənistan yaxşı anlayır ki, bu gün Rusiyanın yardımı olmasa onlar daha dəhşətli sosial, siyasi vəziyyətlə üz-üzə qalarlar. Rusiya da həmçinin dünyada baş verən geostrateji proseslərdə təklənməməmək üçün müxtəlif regionlarda özünə dayaq saxlamağı hər zaman düşünüb. Xüsusilə son vaxtlar Rusiya-Ukrayna arasında yaşanan böhran Qərbin bu ölkəyə təzyiqlərini dəfələrlə artırıb. Belə olan təqdirdə Ermənistan kimi heç kimə lazım olmayan ölkə belə Rusiya üçün müəyyən mənada gərəklidir. Bu günə qədər Rusiyanın Ermənistana göstərdiyi hərbi yardımlara baxmayaraq Azərbaycan həmişə təmkinli davranıb, şimal qonşusu ilə münasibətlərini korlamamağa üstünlük verib. Azərbaycan Qərblə Rusiya arasında balanslaşdırılmış siyasət aparır və əməkdaşlığı qoruyub saxlayır. Düşünmürəm ki, Putinin bu jesti Azərbaycanla münsaibətlərə mənfi təsir göstərəcək. Bəlkə də bu ermənilərə gələcəkdə daha çox təsir etmək üçündür. Hər halda Putin ermənilərin "ipə-sapa yatmayan" xüsusiyyətlərini bildiyi üçün onları əlində bu cür üsulla möhkəm tutmağı düşünür".
Politoloq Qabil Hüseynli deyib ki, mərkəzin Ermənistanda açılması xoşagələn bir addım deyil: "Çünki Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının ilk akademiyasının da İrəvanda açılması nəzərdə tutulur. Bu birliyin hava hücumundan müdafiə sistemlərinin qurulması da Ermənistandan başlayıb. Bir sözlə, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı yaradılarkən sırf müdafiə xarakterli, əslində isə lazım gələndə tez hücum xarakteri daşıya bilən hərbi sistemlərə malik bir qurumdur. Bu, əlbəttə, təhlükəli tendensiyadır. Moskva bunun nə qədər xoş niyyətli olduğunu çatdırmağa cəhd etsə də, faktlar göz önündədir. Biz artıq ciddi hərbi qurumlarla əhatə olunmağa başlayırıq". "Mərkəzin Ermənistanda açılması Dağlıq Qarabağ münaqişəsinin həlli üçün təhdid yarada bilərmi" sualına isə Qabil Hüseynli belə cavab verib: "Bu mərkəzin Ermənistanda açılmasının Cənubi Qafqaz üçün təhdid yaradacağı sözsüzdür. Gürcüstan üçün də yaradacaq, amma ən çox Azərbaycana təsir edəcək. Danışıqlar prosesində Ermənistan özünü daha rahat aparacaq. Ermənistan indiyə qədər qeyri-konstruktiv mövqe tutub. Bu vaxta qədər 7 rayonun azad edilməsi məsələsi gündəmdə idi. İndi o məsələnin həlli üçün də təhlükə yarana bilər. Həmçinin, müharibə riski arta bilər. Çünki Azərbaycan öz torpaqlarının istilası ilə həmişə oturub barışmayacaq. Bölgənin militaristləşdirilməsi, silahlandırılması mənə görə, bölgədə təhlükəli atmosfer yaradır".
Siyasi ekspert Arzu Nağıyev deyib ki, "Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına daxil olan dövlət başçılarının Moskvada keçirilən iclasında Dağlıq Qarabağla bağlı bəyanatın qəbul edilməsi Ermənistanın bu quruma üzv olduğu üçün verilən sıravi bir bəyanatdır: "KTMT üçün İŞİD, Əfqanıstan məsələsi ilə müqayisədə Dağlıq Qarabağ problemi elə də təhdidli məsələ deyil. Həm də bu quruma hüquqi baxımdan dəxli olmayan məsələdir. Çünki ərazi bütövlüyü ilə bağlı Ermənistanın buna dəxli yoxdur. Sadəcə olaraq bu məsələnin Azərbaycan tərəfindən hərbi yolla həll edilməsi perspektivi olduğu üçün KTMT bəyanatla özünü sığortalayır və münaqişənin "donunun açılması"-ndan çəkinir. Sanki bizə bir messaj göndərir".
Politoloq Vüqar Zifəroğlu isə deyib ki, istər Qərb, istər Rusiya, istərsə də başqa bir dövlət olsun, siyasətdə hər bir ölkənin özünün maraq və mənafeləri var: "Bunun çərçivəsində həmin dövlət situasiya və konkret məsələlərə münasibətdə, strateji hədəflərdə ya özünə uyğun müttəfiq seçir, ya da rəqibini bəlli edir". Analitik bu anlamda indi bütün məsələlərdə Qərbin və yaxud Rusiyanın yanında olmalıyıq kimi birmənalı yanaşmaların çox absurd olduğunu bildirib: "Müstəqil dövlət olduğumuz üçün müstəqil xarici siyasi kursumuz və strateji hədəflərimiz var. Strateji hədəflərə yönəlik məsələlərdə əgər fikirlər üst-üstə düşmürsə, bu, o demək deyil ki, biz hədəflərimizdən və dövlət maraqlarımızdan vaz keçməliyik. Azərbaycan öz milli maraqlarını nə Qərb, nə ABŞ, nə də Rusiyaya görə müəyyənləşdirir. Hazırda Azərbaycanın balanslı və çoxvektorlu xarici siyasət kursu özünü doğruldur. Yaxın Şərqdə, Ukraynanın timsalında postsovet məkanında baş verən hadisələrdə, Qərb, Rusiya və İranla bağlı proseslərdə Azərbaycan balansı qoruya bilir. Bu gün əgər Azərbaycanın milli maraqları hansı tərəflərin fikirləri ilə uzlaşmırsa, nədən biz öz milli maraqlarımızı qurban verməliyik? Məsələnin ikinci tərəfi isə Dağlıq Qarabağ problemi ilə bağlıdır. Bu gün "Qarabağa görə Rusiyaya yaxın olmalıyıq" kimi fikirlərlə qətiyyən razı deyiləm. Çünki nə Rusiya, nə də Qərb bu gün Dağlıq Qarabağ məsələsinin həllində nəinki maraqlı, heç səmimi belə deyillər. Bunun bariz sübutu ATƏT-in Minsk Qrupunun üzvü Fransanın Qarabağla bağlı mövqeyidir". Analitik bu gün adı çəkilən tərəflərdən səmimilik gözləməyin mənasız olduğunu qeyd edib: "Elə götürək, ABŞ-ı: Qondarma soyqırımı tanıyan ştatların sayı elə də az deyil. Rusiyaya gəldikdə isə Ermənistan Qafqazda Rusiyanın forpostudur. Bu anlamda bu gün hansısa bir məsələdə bu tərəflərdən səmimilik gözləmək boş söhbətdir. Azərbaycan strateji, geosiyasi əhəmiyyətə malik bir dövlət olduğu üçün onu yanlarında saxlamaq istəyirlər və Qarabağ kartından istifadə edirlər. İkili standartlar Qarabağ məsələsi və söz azadlığında özünü hər zaman göstərir. Bu gün ABŞ-ın özündə qaradərilinin ölümü ilə bağlı aksiyaların hələ də davam etməsi, Avropada son iki il ərzində seçkilərdə milliyyətçi partiyaların böyük səslə üstünlük qazanması bir daha sübut edir ki, heç kəsin bizə dərs vermək haqqı yoxdur və ola da bilməz. Buna görə siyasətimizi nə Qərbə tərəf əyməyə ehtiyac var, nə də Rusiyaya".

Əli