Türkiyə və Almaniyanın həmsdərlik perspektivi Siyasət

Türkiyə və Almaniyanın həmsdərlik perspektivi

Türkiyə XİN: "Problemin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həllinə inandığımızı bir daha vurğulayırıq"

Yevgeni Baxrevski: "Münaqişənin həlli üçün yeganə təsirli format İran-Rusiya-Türkiyə üçlüyü ola bilər"

Tofiq Abbasov: "Dağlıq Qarabağ problemi ilə bağlı gedən danışıqlara qatılmaqda hər iki dövlət maraqlıdır"

Millət vəkili Prezident yanında QHT-lər Dəstək Şurasının sədri Azay Quliyev Türkiyə və Almaniyanı ATƏT-in Minsk Qrupu həmsədr ölkələri sırasına daxil etməyi təklif edib. Onun sözlərinə görə, 20 ildən artıqdır ki, ATƏT MQ həmsədrləri Qarabağ münaqişəsinin tənzimlənməsi ilə məşğul olur və onların fəaliyyəti ilə bağlı öz narazıçılığımız ifadə etsək də, ortada real nəticə yoxdur: "Ona görədə mən bu tərkibin genişləndirilməsi təklifi ilə çıxış edirəm və bunu zəruru hesab edirəm. ATƏT MQ həmsədr ölkələri sırasına Türkiyə və Almaniya salınmalıdır və biz də fəaliyyətimizi bu istiqamətdə qurmalıyıq".
Türkiyə Xarici İşlər Nazirliyi isə Minsk qrupunun həmsədrlik institutunun dəyişdirilərək "Beşlik Sədrlər Şurası" olması məsələsinə mövqeyini açıqlayıb.
Türkiyənin Xarici İşlər Nazirliyindən verilən açıqlamada bildirilib ki, ATƏT-in Minsk qrupunun bir üzvü olaraq Türkiyə Cənubi Qafqazda sülh, sabitlik, rifah və geniş əməkdaşlığa ciddi maneə olan Dağlıq Qarabağ münaqişəsinin həlli üçün atılan bütün addımları yaxından izləyir: "Türkiyə problemin həlli məqsədilə Minsk qrupu çərçivəsində davam edən səylərə töhfə vermək üçün çalışır. Minsk qrupunun mövcud formatı daxilində bütövlükdə problemin həlli istiqamətində atılan addımları da dəstəkləyir və bu istiqamətdə cəhd göstərir".
Türkiyə XİN-dən qeyd olunub ki, bütün bunlarla yanaşı, istər Minsk qrupu formatında, istərsə də digər formatlarda üçüncü ölkələrlə münasibətlərdə Türkiyə milli məsələsi olan Dağlıq Qarabağ problemini hər zaman gündəmə gətirir: "Qardaş Azərbaycanın bu önəmli probleminin beynəlxalq ictimaiyyətdə öz aktuallığını qoruması və problemin ən tez bir zamanda həlli üçün çalışmalarımızı davam etdirəcəyik. Azərbaycanın qaldırdığı Minsk qrupu həmsədrlərinin sayının üçdən beşə çatdırılması (ABŞ, Rusiya, Fransa, Türkiyə və Almaniya) məsələsinə gəlincə isə, bu barədə hələki əlimizdə hər hansı bir məlumat yoxdur. Türkiyənin Dağlıq Qarabağ məsələsində siyasətinin qəti olduğunu, Cənubi Qafqazda sülhün, əmin-amanlığın bərqərar olması üçün bu problemin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həllinə inandığımızı bir daha vurğulayırıq".
Rusiyalı politoloq, şərqşünas Yevgeni Baxrevski bildirib ki, Minsk qrupunun xüsusi bir mənasını görmür: "Əlbəttə ki, o, müharibənin davam etməməsi üçün müəyyən təsir göstərib, xüsusilə də ilk illərdə, lakin sonralar isə onun fəaliyyətinin heç bir mənası qalmayıb". O, əlavə edib ki, Dağlıq Qarabağ münaqişəsinin həlli üçün başqa mexanizm tələb olunur.
Politoloq münaqişənin həllində Türkiyənin mümkün vasitəçilik missiyasına pozitiv yanaşıb: "Türkiyə bu məsələdə müsbət rol oynaya bilər".
Almaniyadan danışan politoloq, vurğulayıb ki, onun Qafqaza heç bir aidiyyatı yoxdur: "Almaniyanın burada işi yoxdur".
Baxrevskinin sözlərinə görə, ATƏT Minsk qrupu "sakitcə monitorinq" aparmaq üçün yaxın gələcəkdə də əvvəlki illərdəki fəaliyyəti ilə məşğul olacaq: "Sərhəddə isə ölümlərin sonu olmayacaq".
Sankt-Peterburq Dövlət Universitetinin dosenti, politoloq Aleksandr Sotniçenko isə bildirib ki, Azərbaycan tərəfi ATƏT-in Minsk qrupunun dəstəklədiyi Dağlıq Qarabağ münaqişəsinin "dondurulmuş formatından" çox narazıdır: "Həmsədrlər tərkibinə Azərbaycanın müttəfiqi kimi Türkiyənin daxil edilməsi bəzi azərbaycanlı politoloqların fikrincə, Ermənistanın müttəfiqi olan Rusiyanın və ermənipərəst mövqe tutan Fransanın iştirakını tarazlaşdıra bilər, Minsk qrupu vasitəçilər formatını daha dinamik edə bilərdi. Bu Aİ-də Fransa ilə müqayisədə daha neytral mövqe tutan Almaniyaya da aiddir".
Lakin o, Türkiyə və Almaniyanın vasitəçi kimi çıxış etməyə razılıq vermələrinə şübhə ilə yanaşıb və bunu dünya iqtisadi böhranının olması ilə izah edib: "Minsk qrupunun hazırkı üzvlərini mövcud ləng format qane edir, buna görə də vəziyyəti heç kim dəyişdirməyəcək".
Sotniçenko qeyd edib ki, Azərbaycan adından belə təkliflərin irəli sürülməsi göstərir ki, problem əvvəlki kimi aktualdır, lakin bu formatda həll oluna bilməz: "Münaqişə dondurulub, və onu həll etmək üçün dəyişikliklər etmək lazımdır".
Politoloq Tofiq Abbasovun fikrincə isə, Türkiyə ilə Almaniyadan danışarkən mütləq nəzərə almaq lazımdır ki, Dağlıq Qarabağ problemi ilə bağlı gedən danışıqlara qatılmaqda hər iki dövlət maraqlıdır: "Yəni münaqişənin tezliklə çözülməsində bu dövlətlər daha səmimi mövqedədirlər. Çünki aydın məsələdir ki, bu proses süni şəkildə uzadılır və vasitəci tərəflər problemin həllində maraqlı gorunmürlər. Hazırda meydanda olan vasitəçilər, beynəlxalq təşkilatlar, ilk növbədə, BMT və ATƏT-i təmsil edən Minsk qrupu,sadəcə bu prosesdə Ermənistana təzyiq göstərə bilmir. Yəni daha dəqiq desək, bunu istəmirlər. Halbuki Ermənistan artıq bu çərçivədə olan həll variantlarına birmənalı olaraq "yox" deyib. Digər tərəfdən onlar faktiki olaraq, bu prosesin özünü siyasi və hüquqi müstəvidə üfüqi vəziyyətə ona görə salırlar ki, ortada hamının gördüyü işğal amili var.
Biz bu məsələdə beynəlxalq təşkilatların ikili yanaşmalarını görürük. Baxın, Krımı ilhaq edən Rusiyaya nə boyda təzyiqlər edilir ki, Ukraynanın ərazi bütövlüyünü bərpa edərək yarımadadan çəkilsin. Yəni Rusiya bu gün belə güclü təzyiqlərə işğal faktına görə məruz qoyulur, bu səbəbə görə yeni sanksiyalarla hədələnir.
Halbuki bu vəziiyyət Azərbaycan, Ermənistan arasında da baş verir. Biz görürük ki, Qərb, fövqəlgüclər Ermənistanın işğalçılıq siyasətinə göz yumurlar. Tarixən ermənilər həmişə Qərbin əlində alət olub. Onun vasitəsilə İslam birliyində özlərinə dayaq nöqtəsi yaratmaq istəyiblər və bunu ediblər. Təsadüfi deyildir ki, 1-ci dünya müharibəsində də ermənilərin hərbi siyasi elitası Avropanın diqtəsi ilə Osmanlı dövlətinə qarşı satqınlıq edərək, deportasiyaya məruz qalıb. İşğalçı ölkə hər zaman Qərbin tələb və əmrlərini yerinə yetirərək "alət" rolunu çox yaxşı yerinə yetirdiyinə görə onlar bunu nəzərə alaraq ermənilərə güzəstə gedirlər. Vasitəçilər məhz bu amilə görə ermənilərə heç bir təzyiq göstərə bilmirlər. Onun nazı ilə oynayırlar və bu səbəbdən də proses illərdir bir nöqtədə ilişib qalıb". Onun fikrincə, Almaniyaya gəlincə isə bu dövlətin geo-siyasi çəkisi artıb, eyni zamanda, həm də Avropanın ən böyük iqtisadi qüdrətli ölkəsidir: "O cümlədən, beynəlxalq proseslərdə özünün xüsusi mövqeyi olan dövlətdir. Digər tərəfdən də görürük ki, İranın nüvə proqramı ilə bağlı Almaniya BMT-nin üzvü olmaya-olmaya tam hüquqlu tərəf kimi bu prosesdə iştirak edir. Qarabağ münaqişəsi ilə bağlı onu demək olar ki, Almaniyanın prinsip etibarı ilə çox böyük marağı var ki, münaqişə tezliklə həllini tapsın. Çünki bu dövlətin Azərbaycanla bağlı böyük planları var. Bakıda və bölgələrdə Almaniyanın iri şirkətləri fəaliyyət göstərir. Yəni ölkələrimiz arasında ikitərəfli münasibətlər çərçivəsində çox böyük perspektivlər var. Ona görə də Almaniya bu işdə öz konstruktiv payını artıra bilsə bu məsələ öz həllini tapacaq. Almaniya Azərbaycanın ərazi bütövlüyünü tanıyır. Bu yaxınlarda ölkə prezidentinin Almaniya kansleri ilə danışıqları göstərdi ki, bu problemin prizmasında heç bir qaranlıq məqamlar yoxdur və Almaniya Azərbaycanın mövqeyini dəstəkləyir. O ki, qaldı Türkiyənin prosesə qatlmasına bu, münaqişənin ədalətli həllinə çox yardımçı olardı. Türkiyə Azərbaycanın xahişi ilə həm sərhədlərini qapatdı, həm də Ermənistanla diplomatik əlaqələri dayandırdı. Bu baxımdan düşünürəm ki, Almaniyanın və Türkiyənin proseslərə qatılması realdır. Amma bunun yaxınlarda baş tutacağına da inanmıram. Ən azından aprel ayında "erməni soyqrımı"nın 100 illiyi ilə bağlı məsələlər qurtaranadək bu prosesin reallaşmasını gözləmirəm. Sonradan ola bilsin ki, beynəlxalq təşkilatlar Almaniya və Türkiyənin xüsusi mövqeyini nəzərə alaraq, onları bu prosesə qatsınlar. O ki qaldı Minsk qrupu formatında dəyişikliklərə, BMT-nin razılığı olmadan bu proses baş verə bilməz. Dəyişiklik və formatın genişlənməsi üçün bu, əsas şərtdir".
O, həmçinin əlavə edib ki, həm Azərbaycan daxilində, həm beynəlxalq aləmdə Rusiyanın Qafqaz dövlətlərinə, xüsusilə Azərbaycana qarşı təhlükəli münasibətini bir amil kimi şişirdən mənbələr xeyli saydadır: "Bu, faktdır ki, Rusiyanın hazırda açıq, bilinən, tanınan rəqibi,düşməni Azərbaycan deyil. Söhbət iri dövlətlərdən gedir ki, onlar Qafqaz bölgəsində öz mövqelərini bərkitmək istəyirlər. Eyni zamanda, iqtisadi, geo-siyasi maraqlarını bu bölgədə yerləşdirmək üçün planlar cızırlar. Bunun nəticəsidir ki, Rusiya Yaxın Şərqdən tutmuş Qafqaza qədər mövqelərinin çoxunu itirib. Hazırda bütün ümidlərini Ermənistanın Gümrü şəhərində yerləşən hərbi bazasına bağlayıb. Azərbaycanın da rəqibi Rusiya deyil. Biz görürük ki, Azərbaycanla Rusiya arasında çox konstruktiv münasibətlər formalaşıb. Siyasi dialoq baxımından Bakı-Moskva bir-birini anlayır. Nə Azərbaycandan Rusiyaya, nə də Rusiyadan Azərbaycana heç bir təhdid yoxdur. Hətta 2008-ci ildə Gürcüstanla müharibədən də sonra Kremldə belə nəticəyə gəlinib ki, Qafqaz Şərqə doğru dəhlizdə duran bölgədir. Ona görə Rusiya komunikasiyalar layihəsinə investisiya ayırır və əgər o dəhliz hətta fəaliyyətə düşərsə belə onun Azərbaycana yalnış hipotetik təsiri ola bilər".

Əli