“Azad olunmuş ərazilərdə ehtiyat istilik elektirik stansiyaları tikilməlidir” Siyasət

“Azad olunmuş ərazilərdə ehtiyat istilik elektirik stansiyaları tikilməlidir”

Qüdrət Həsənquliyev: “Bunu qanunvericilik qaydasında dövlətin üzərinə bir vəzifə olaraq qoymalıyıq”

“Həqiqətən də qanun layihəsi çox vacibdir. Cənab Prezident tərəfindən də elan olunub ki, biz, işğaldan azad olunmuş ərazilərimizdə bərpa olunan enerji mənbələrindən istifadə edəcəyik”.
Bu fikirləri Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədri, Milli Məclisin hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədr müavini Qüdrət Həsənquliyev parlamentin plenar iclasında, “Elektirik enerjisi istehsalında bərpa olunan enerji mənbələrindən istifadə haqqında” qanun layihəsinin ikinci oxunuşda müzakirəsi zamanı səsləndirib. Millət vəkili qanun layihəsi ilə bağlı təkliflə çıxış edib: “Mənim təklifim əslində 3-cü maddə - elektirik enerjisi istehsalında bərpa olunan enerji mənbələrindən istifadə sahəsində dövlət tənzimlənməsinin prinsipləri ilə bağlıdır. Biz bu qış müşahidə elədik ki, Amerika Birləşmiş Ştatlarının Texas ştatında iqlim dəyişikliyinin nəticəsində gözlənilmədən kəskin şaxtalar oldu və bərpa olunan enerji mənbələrinin hamısı çökdü. Həm külək tribunları, həm də günəş batareyaları. Su elektirik stansiyaları ilə bağlı onsuz da orada vəziyyət aşağı səviyyədə idi. Nəticədə insanlar çox böyük əziyyətlə üzləşdilər. Belə kəskin şaxtaların Qarabağın dağlıq hissəsində olması da istisna deyil. Araz çayı da dona bilər. Biz, Xəzərin donmasını da görmüşük. Dağlıq Qarabağda olan kiçik çaylar üzərində qurulan su elektirik stansiyaları da dona bilər. Ona görə də dövlətin vəzifələri sırasında, mütləq ehtiyat istilik elektirik stansiyalarının tikilməli olduğu müəyyən olunmalıdır. Ehtiyac olamayacaqsa, istifadə olunmasın. Amma insanlar əmin olsunlar ki, sabah problem yarandığı təqdirdə, onlar alternativ enerji mənbələri ilə təmin olunacaqlar. Yəni bunu biz qanunvericilik qaydasında dövlətin üzərinə bir vəzifə olaraq qoysaq, insanlar bərpa olunan enerjidən çəkinmədən istifadə edəcəklər. Dövlət də onları stimillaşdırmış olacaq. Ümumiyyətlə isə qanun layihəsinə səs verəcəyəm”.

Əli Zülüfqaroğlu