Avropa Parlamentində Azərbaycana qarşı riyakarlıq davam edir... Siyasət

Avropa Parlamentində Azərbaycana qarşı riyakarlıq davam edir...

Avropa Parlamenti üçün 2021-ci ilin 20 mayı qurumun növbəti antiazərbaycan isteriyasının və riyakarlığının nümayişi günü kimi tarixə düşdü. Belə ki, həmin gün Avropa Parlamenti “Ermənistan və Azərbaycan arasında sonuncu münaqişədən sonra hərbi əsirlər” adlı qətnamə qəbul etdi. Qətnamə bölgədə mövcud olan reallıqları hədsiz dərəcədə təhrif edilmiş şəkildə təsvir edir. Qətnamə ilə tanışlıqdan aydın olur ki, onun hazırlanmasında istisnasız olaraq Ermənistan kütləvi informasiya vasitələrindən və digər erməni mənbələrindən istifadə edilib. Bundan əlavə, sənədin ruhu və stili, orada “faktların” təqdim edilmə tərzi belə bir nəticəyə gəlməyə əsas verir ki, bu sənədin birbaşa müəllifləri ermənilər olmasa da, onun erməni lobbi təşkilatlarının təsiri altında olan insanlar tərəfindən hazırlanması açıq-aşkar özünü biruzə verir. Belə ki, qətnamə əvvəldən sona qədər Azərbaycan qarşı düşmənçilik ruhunda yazılıb.

Adı çəkilən qətnamədə diqqəti çəkən əsas məsələlərdən biri ondan ibarətdir ki, 607 Avropa deputatının səs verdiyi sənəddə 10 noyabr 2020-ci ildə Azərbaycan Prezidenti, Rusiya Prezidenti və Ermənistanın Baş nazirinin imzaladığı üçtərəfli razılaşma atəşkəs sənədi kimi təqdim edilir. Məlumdur ki, üçtərəfli razılaşma sənədi 44 gün davam edən Qarabağ müharibəsinin başa çatmasını, Azərbaycanın qələbəsini və Ermənistanın məğlubiyyətini rəsmiləşdirən sənəddir. Həm Azərbaycan Prezidenti İlham Əliyev, həm də Rusiya Prezidenti Vladimir Putin dəfələrlə Qarabağ münaqişəsinin başa çatdığını və postmüharibə siyasi-diplomatik müstəvidə quruculuq işlərinin başladığını dəfələrlə bəyan etmələrinə baxmayaraq, Avropa Parlamenti bu faktı həzm edə bilmir və həmin sənədi atəşkəş sənədi kimi təqdim etməklə Qarabağ müharibəsinin başa çatmadığı təsəvvürü formalaşdırmağa çalışır.

Digər bir diqqəti çəkən məqam ondan ibarətdir ki, Avropa Parlamenti hərbi əməliyyatlar başa çatdıqdan sonra Ermənistandan Azərbaycan ərazilərinə keçərək Azərbaycan hərbçilərinin və dinc sakinin öldürülməsi ilə nəticələnmiş cinayətlər törətmiş diversantları və terrorçuların hərbi əsirlər olduğunu inadkarlıqla təkrar edirlər. Sual olunur: görəsən nəyə görə Avropa deputatları erməni diversant və terrorçulara xüsusi inadkarlıqla hərbi əsir donu geyindirərək onların azadlığa buraxılmasını tələb etdiyi halda, 2014-cü ildə öz evlərini ziyarət edərkən həbs edilmiş azərbaycanlı mülki insanlar Dilqəm Əsgərov və Şahbaz Quliyevin ədalətli mühakimə hüqunun təmin edilməsi və azadlığa buraxılması istiqamətində nəinki heç bir addım atmadılar, heç müzakirə belə etmək istəmədilər?

Mənin AŞPA-da və Avropa Parlamentinin təsisatı olan AvroNest PA-da bu məsələ ilə bağlı irəli sürdüyüm qətnamə lahiyələrini Avropa deputatları müzakirəyə çıxarmaqdan imtina etdilər. Avropa Parlamentində acınacaqlı vəziyyətin baş alıb getməsinin göstəricisi həm də qətnamədə hərbi əsir donu geyindirilən erməni diversant və terrorçuların sayı ilə bağlıdır. Belə ki, özünü demokratik dəyərlərin keşikçisi kimi təqdim etmiş Avropa Parlamentinin rəsmi sənədində erməni KİV-lərində göstərilmiş bütün rəqəmlər sadalanır və əsası da ondan ibarətdir ki, o rəqəmlərin heç biri həbs edilmiş diversantların sayını əks etdirmir.

Prezident İlham Əliyevin dəfələrlə münaqişənin həllindən sonra Azərbaycan və Ermənistan arasında sülh müqaviləsinin bağlanması və gələcək əməkdşalıq üçün tarixi şans yarandığını vurğulamasına baxmayaraq Avropa Parlamenti artıq əhəmiyyətini itirmiş sənədlərə istinad edir. Qətnamədən aydın görünür ki. Avropa deputatları bir tərəfdən üçtərəfli bəyanata riayət edilməsinə, digər tərəfdən Mİnsk qrupu həmsədrlərinin 2009-cu ildə təklif etdikləri Madrid prinsiplərinin yerinə yetirilməsinə çağırmaqla bu beynəlxalq qurumun indiki reallıqla keçmiş arasında formalaşdırmaq istədikləri bataqlığa yuvarlandığı görünür.

Azərbaycan Prezidenti açıq şəkildə Azərbaycan tərəfinin Ermənistanın beynəlxalq səviyyədə tanınmış sərhədləri çərçivəsində ərazi bütövlüyünü tanımağa, Ermənistanla sülh müqaviləsi imzalamağa hazır olduğunu və bunun üçün Ermənistandan da Azərbaycanın beynəlxalq səviyyədə tanınmış sərhədləri çərçivəsində ərazi bütövlüyünü tanımasının zəruri olduğunu bəyan edir. Avropa Parlamenti Ermənistanı bu addımı atmağa təşviq etmək əvəzinə bölgədə vəziyyəti gərginləşdirə biləcək sənəd qəbul edir. Bunu necə başa düşmək olar?

Məsələ burasındadır ki, Avropa Parlamenti bu qurumun üzvü olan və eyni zamanda ATƏT-in Minsk Qrupunun həmsədri olan Fransanın iştirakı olmadan Qarabağ münaqişəsinin həll edilməsini həzm edə bilmir. Bu açıq şəkildə qətnamədə vurğulanır. Lakin qətnamədə 2-ci Qarabağ müharibəsi dövründə və postmüharibə dövründə Fransa hakimiyyətinin Azərbaycana qarşı tutduğu mövqeni, açıq-aşkar işğalçı Ermənistanı dəstəkləməsi, beynəlxalq hüquq normalarına hörmətsizlik nümayiş etdirməsi, beynəlxalq vasitəçiliklə bağlı tələb edilən qaydaları pozması nədənsə diqqətdən kənarda qalır..

Maraqlıdır ki, Avropa Parlamenti 2-ci Qarabağ müharibəsi dövründə Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycanın döyüş bölgəsindən kənarda olan Gəncə, Tərtər, Bərdə kimi şəhərlərinin mülki əhalisini ballistik raketlərdən atəşə tutması zamanı susdu, heç bir reaksiya vermədi. Müharibədən sonra Ermənistanın 30 ilə yaxın işğal altında saxladığı ərazilərdə törətdiyi cinayətlər, vandallıq aktları ilə bağlı əldə edilmiş faktlarla bağlı susdu. Niyə Avropa Parlamenti 1-ci Qarabağ müharibəsi zamanı itkin düşmüş 4000 azərbaycanlının taleyinə aydınlıq gətirilməsi ilə bağlı susur? Nə üçün Avropa Parlamenti Ermənistandan minalanmış ərazilərin xəritəsini Azərbaycana verməsini tələb etmir? Suallar çoxdur, cavab isə aydındır.

Qeyd edilməlidir ki, Avropa Parlamentinin bir çox üzvləri müxtəlif erməni lobbi təşkilatlarının təsiri altındadırlar və bu təşkilatlar tərəfindən maliyələşdirilirlər. Faktiki olaraq bu gün elə bir şərait yaranıb ki, Avropa Parlamentində siyasi korrupsiya özünün pik həddinə çatıb. Belə ki, müxtəlif ölkələrdə mövcud olan zəngin erməni diaspor təşkilatları Avropa Parlamentində formalaşmış korrupsiya mühitindən yararlanaraq bu qurumda təmsil olunan deputatları faktiki olaraq cinayət əməlləri törətməyə təhrik edirlər. Odur ki, biz 30 illik dövlət müstəqilliyimiz dövründə Avropa Parlamentində obyektivlik nümayiş etdirən deputaların getdikcə azaldığını, bu qurumun qəbul etdiyi sənədlərin əsasən reallıqlardan uzaq olduğunun şahidi olmuşuq. Bu isə o deməkdir ki, Avropa Parlamenti və onun üzvləri üçün Azərbaycanın Qarabağ bölgəsində baş verənlər maraqlandırmır. Onları maraqlandıran öz himayədarları olan erməni lobbi təşkilatlarından aldıqları tapşırıqların yerinə yetirilməsidir. Beləliklə, Avropa Parlamentinin rəsmi sənədlərdə əks etdirilmiş məqsədləri bu qurumun üzv deputatları tərəfindən öz himayədarları olan müxtəlif erməni lobbi təşkilatlarının tapşırıqlarını yerinə yetirmək ətrafında təmərküzləşir. Bu hüququn aliliyindən danışan müasir Avropa üçün çox acınacaqlıdır, amma reallıqdır.

Yaxın keçmişdə mən özüm də Avropa Parlamentində mövcud olan bu reallıqla üzləşmişəm. AvroNest PA-nın vitse-prezidenti və bu qurumda Azərbaycan nümayəndə heyətinin rəhbəri kimi 2012-ci ildə Avropa Parlamentinin prezidenti Martin Şultsa məktub ünvanlayaraq ona Azərbaycanın ərazilərinin Ermənistan tərəfindən işğalı nəticəsində bölgədə yaranmış mürəkkəb vəziyyətlə bağlı suallar ünvanlamışdım. Martin Şults mənim suallarımı cavablandırmaq və ya hər hansı bir müzakirə etməyin zəruri olaması təklifi əvəzinə o, xüsusi bir biganəlik və soyuqqanlıqla cavabında yazmışdı ki, Ermənistan və Azərbaycan Dağlıq Qarabağa dair mürəkkəb münaqişələrini aradan qaldıracaqlarına ümid edir. Cənab Şults o vaxtı məqsəqyönlü şəkildə öz cavabında Azərbaycan ərazilərinin Ermənistanın hərbi işğalından mövcud beynəlxalq hüquq normaları çərçivəsində azad edilməsinin vacibliyini “unutmuşdu”. O, öz cavabında işğalın aradan qaldırılmasından ümumiyyətlə danışmaq belə istəməmişdi, bu problemin həllinin məsuliyyətini təcavüzkar Ermənistan və təcavüzə məruz qalan Azərbaycan tərəflərinin üzərinə atmışdır.

Hazırda Azərbaycan öz torpaqlarını işğaldan azad edib, münaqişənin sona çatmasını təsdiqləyən üçtərəfli bəyanat imzalanıb, postmünaqişə dövründə Azərbaycan və Ermənistan arasında nəqliyyat kommunikasiya dəhlizlərinin açılması üzrə üçtərəfli komissiya yaradılıb, bu istiqamətdə müəyyən gecikmələr olsa da, işlər aparılır. Avropa Parlamenti bu işləri təşviq etmək əvəzinə revanşist mövqedən çıxış edən qüvvələrə dəstək nümayiş etdirdi və növbəti riyakarlığa imza atdı.

Elxan Süleymanov,

AVCİYA prezidenti