Siyasi istefa mədəniyyətinin olmaması... Siyasət

Siyasi istefa mədəniyyətinin olmaması...

Radikal müxalifət daxilində avtoritarizmə və diktatura tipli idarəetməyə gətirib çıxarır

AXCP sədrinin sabiq müavini, politoloq Razi Nurullayevin AXCP sıralarından istefa verməsindən sonra Azərbaycanın radikal müxalifəti daha aydın çalarlarla görünməyə başlayıb. Bu barədə "Ağ Yol" müzakirə aparıb. Hər kəsin bir neçə avropa dillərini mükəmməl bilən şəxs kimi tanıdığı Razi Nurullayev susmadı və AXCP sədri Əli Kərimlinin timsalında radikal müxalifətin bütün paxırını açıb tökdü. Buradan belə nəticə hasil oldu ki, müxalifət içərisində də qaranlıqla işığın, keçmişlə gələcəyin və xeyirlə şərin mübarizəsi gedir.
Aydın oldu ki, müxalifət liderləri üçün elə oturduqları müxalifət kürsüsü daha önəmlidir. Beynəlxalq aləmdə az qala bütün Azərbaycan müxalifətinin "sözçüsünə" çevrilən Razi Nurullayevlə yolunu ayırmaqla Əli Kərimli hələ bundan sonra da hansı yolla olursa olsun, AXCP sədri kimi qalacağını bəyan etmiş oldu.
İndiyə kimi müxalifətlə yolunu ayıranların analizini aparan zaman məlum olur ki, onların ləkələnməsi bir mərkəzdən baş verib. Əli Kərimli ilə yolunu ayıranlara "satqın" damğası vurulub. Ancaq artıq siyasi səhnədə də kifayət qədər durulaşma olub. Xalq doğurdan da köhnə simalardan bezib və yenilik axtarışındadır. Yeniliyə uyuşmayan köhnələr isə özlərini siyasi səhnədə saxlamaq üçün yenilik tərəfdarlarını sıradan çıxarmaq yolunu tuturlar. Amma unutmaq olmaz ki, zəka sahiblərini susdurmaq çox çətindir. İntelektlə nadanlığın savaşında hər zaman zəka qalib olub.
Məsələ burasındadır ki, radikal müxalifət apardığı siyasi mübarizədə heç bir yenilik etmir. Danışmağa və tənqidə üstünlük verən radikal müxalifət xalq tərəfindən qınanır. Çünki, onlar nə yeni proqram təqdim edirlər, nə də yeni yanaşma. Bütün sivil ölkələrdə müxalifət xalqa proqramını açıqlayır və görəcəyi işlərə xalqdan dəstək istəyir. Azərbaycan müxalifətinin böyük bir hissəsi isə ümumi sözçülüklə məşğul olur. Bunun da nəticəsində, xalqın etimadını qazana bilmir.
Vacib olan məsələlərdən biri də siyasi mədəniyyətin olmamasıdır. Siyasi istefa mədəniyyətinin olmaması, radikal müxalifət daxilində avtoritarizmə və diktatura tipli idarəetməyə gətirib çıxarır. Elə Razi Nurullayevin istefasından sonra yaydığı bəyənatda da bu, bariz şəkildə ifadə olunub. Əgər siyasi partiyada üzvlərin karyera inkişafı mümkün görünmürsə, demək ki, o siyasi təşkilat inkişaf edə bilməz. Üzvlərin maraqları təmin olunmayan təşkilat sonunda ya məhvə, ya da radikal dəyişikliyə məhkumdur. Bu zaman isə ağrılı proseslər baş verir.
Son zamanlar baş verən siyasi hadisələri analiz edərək belə nəticəyə gəlmək olar ki, doğurdan da Azərbaycan müxalifətində keyfiyyət dəyişikliyi baş verməlidir. Köhnə təfəkkür, yeni təfəkkürlə əvəzlənməlidir. Əks halda, xalqla siyasət arasında olan uçurum daha da dərinləşəcək.

Əli