Rusiyalı politoloqdan iddia Siyasət

Rusiyalı politoloqdan iddia

"ABŞ Dağlıq Qarabağ münaqişənin həllinin qarşısını alır"
Son dövrlər Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli üçün aparılan danışıqlar dalana dirənib. Ermənistanın danışıqlarda tutduğu qeyri-konstruktiv mövqe beynəlxalq ictimaiyyəti də narahat edir. Lakin danışıqlara mane olan qüvvələrin təkcə Ermənistan olmadığı iddiaları da var.
Rusiyalı politoloq Sergey Markov Minsk formatında danışıqların davam etdirilməsinin effektiv olmayacağını deyib. S. Markov iddia edib ki, ABŞ münaqişənin həllinin qarşısını alır:"Vaşinqton Dağlıq Qarabağ münaqişəsinin həllinə imkan vermir. Fransa kifayət qədər güclü deyil və nüfuza malik deyil. Parisin real vasitəçiliyə gücü çatmaz. Yerdə yalnız Rusiya qalır və Moskva, göründüyü kimi, məsələdə maraqlıdır. Avropa Birliyinin prosesdə iştirakı yaxşı olardı, lakin ABŞ qeyri-konstruktiv mövqe tutur. Azərbaycan indi problemin həlli variantlarını axtarır. Lakin hesab edirəm ki, əsas proses Minsk qrupundan kənarda gedəcək".
Andrey Petrov isə Minsk qrupu formatının dəyişikliyi haqda təklifi siqnal hesab edir.
Qeyd edək ki, ATƏT PA-nın Vyanada keçirilən sessiyasında Azərbaycan nümayəndə heyətinin üzvü Azay Quliyev Minsk qrupunun "5-lər Sədrlər Şurası" olaraq dəyişdirilməsi, Almaniya və Türkiyənin vasitəçiliyə gətirilməsi təklifi ilə çıxış etmişdi.
Rusiyalı politoloqun fikrincə, Bakı münaqişənin həllində Minsk qrupunun fəaliyyətinin artmasında maraqlıdır və nəticə əldə etməyə çalışır:"Son dövrlər danışıqlar prosesinin dalana dirənməsi Azərbaycan tərəfini narahat edir. Bakı yenidən danışıqlar masasına oturmağı təklif edir".
Milli Məclisin üzvü, politoloq Rasim Musabəyov da hazırkı şəraitdə prosesin aktivləşməsi imkanlarının axtarılmasının vacibliyini vurğulayıb: "Bir neçə ilin təcrübəsi göstərir ki, danışıqlar prosesinin inhisara alınması irəliləyişə səbəb olmur. Bütün həmsədrlərin birgə fəaliyyəti faydalı olar. Lakin bu qrupun Dağlıq Qarabağın statusunun müəyyən edilməsinə xidmət etməli olan Minsk konfransının hazırlanması üçün köməkçi vasitə olduğunu da unutmaq lazım deyil. İndiyə qədər status məsələsində razılaşmaya nail olunmayıb. Buna rəğmən, vasitəçilərin danışıqları sürətləndirməsində fayda olduğunu düşünürəm".