“Suallara cavab vermək lazımdır” Siyasət

“Suallara cavab vermək lazımdır”

Elçin Mirzəbəyli: "Cəmil Həsənli millət vəkili olanda iştirak etdiyi tədbirlər zamanı indi böyük canfəşanlıqla tənqid və ittiham etdiyi iqtidarın lideri Heydər Əliyevin məzarı önünə dəfələrlə gül-çiçək dəstəsi qoyub və baş əyib. Bu belədir, ya yox?!"

Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası (BAXCP) sədrinin müavini Elçin Mirzəbəyli "Milli Şura" adlanan qurumun martın 15-də keçirdiyi aksiya ilə bağlı partiyanın mətbuat xidmətinin suallarını cavablandırıb.
Elçin Mirzəbəyli bildirib ki, BAXCP sədri Qüdrət Həsənquliyevin "Milli Şura"nın aksiyası ilə ilgili daha öncə mətbuata açıqladığı gözləntilər özünü doğruldub: "BAXCP sədri aksiyadan öncə bildirmişdi ki, "Milli Şura" adlı qurumun mitinqinə geniş xalq kütlələrinin dəstəyi mümkünsüzdür və bu gözlənti də öz təsdiqini tapdı".
Elçin Mirzəbəyli BAXCP mətbuat xidmətinin "Milli Şura"nın uğursuzluğa düçar olan aksiyasından sonra qurumun himayəsində olan mətbuar orqanlarında Qüdrət Həsənquliyevin ünvanına səsləndirilən böhtan xarakterli mülahizələrlə bağlı sualını da cavablandırıb.
BAXCP funksioneri qeyd edib ki, arqumentsizlikdən doğan böhtançılıq "Milli Şura" sözünün arxasında gizlənib millətin mənafeyinə zidd siyasət yürüdən bu insanların xroniki xüsusiyyətidir: "BAXCP sədri hər zaman olduğu kimi, son açıqlamalarında da fikirlərini konkret faktlara söykənərək ifadə edib. Məsələn, deyib ki, Cəmil Həsənli millət vəkili olanda iştirak etdiyi tədbirlər zamanı indi böyük canfəşanlıqla tənqid və ittiham etdiyi iqtidarın lideri Heydər Əliyevin məzarı önünə dəfələrlə gül-çiçək dəstəsi qoyub və baş əyib. Bu belədir, ya yox?! Məntiqsiz mülahizələrin əvəzinə hər kəsin gözü qarşısında baş vermiş hadisələrlə bağlı ortalıqda olan konkret suallara konkret cavablar vermək lazımdır.
Cavabını tapmamış başqa bir sual: Mövcud iqtidarın və Əliyevlər ailəsinin üzvlərinin verdiyi pulla tarix yazan bu "araşdırmaçı-alim" öz kitabında açıq və qabarıq şəkildə qeyd edib ki, "İlham Əliyevin liderliyi ilə Azərbaycan regionun lider dövlətinə çevrilib". Bu belədir, ya yox?!
BAXCP sədri deyib ki, bu insan, yəni Cəmil Həsənli vaxtilə mandata görə Əli Kərimlidən və AXCP-dən imtina edib. Bu belədir, ya yox?!
Göründüyü kimi, Qüdrət Həsənquliyev konkret faktları sadalayıb və indi tamamilə əks mövqe nümayiş etdirən Cəmil Həsənlidən yaxın tarixdə sərgilədiyi mövqe ilə bağlı cavab istəyib. Əvəzində isə böhtanla qarşılaşıb. Çünki bu faktlara söykənən suallara yalnız təsdiqləyici cavab vermək olar ki, buna da Cəmil Həsənlinin cəsarəti çatmaz. BAXCP sədri "Milli Şura"nın aksiyasının əhali tərəfindən dəstəklənməyəcəyini deyəndə də məhz bu məqamları nəzərə almışdı. Yalnız öz maraqlarını və karyerasını güdən bir adamın çağırışına insanların hər hansı bir formada dəstək verməsi mümkün deyil. O ki, qaldı bu gün ölkədə mövcud olan sosial və digər problemlərlə bağlı səsləndirilən fikirlərə, qeyd edim ki, Qüdrət Həsənquliyev bu məsələlərlə bağlı parlamentdə və ölkə mətbuatında mütəmadi olaraq səviyyəli və qərəzsiz çıxışlar edən azsaylı siyasətçilərdən biridir. İndi kimlərsə həqiqəti görmək istəmirlərsə, bu onların nə qədər qərəzli olmalarından xəbər verir. Bu adamlar suallara cavab vermək əvəzinə böhtan və iftira atmaqla məşğul olurlar. Böhtan, iftira isə acizlərin və zəiflərin nəsibidir".