
“Naxçıvanın Azərbaycanın digər bölgələri ilə sıx inteqrasiyası həm milli təhlükəsizlik, həm də iqtisadi tərəqqi baxımından strateji əhəmiyyət kəsb edir. Muxtar respublikanın spesifik coğrafiyası və əsas hissədən ayrı düşməsi bu diyarın təhlükəsizliyinə və hərtərəfli inkişafına xüsusi diqqət yetirilməsini zəruri edir. Hazırda Naxçıvan, azad edilmiş ərazilər (Qarabağ və Şərqi Zəngəzur) ilə birlikdə vahid inkişaf konsepsiyası əsasında inkişaf etdirilir. Bu istiqamətdə inzibati islahatlar həyata keçirilərək Prezidentin xüsusi nümayəndəliyi institutu yaradılıb və struktur islahatları idarəetməni təkmilləşdirib”.
Bu sözləri xalqcebhesi.az-a açıqlamasında Milli Məclisin deputatı Pərvanə Vəliyeva bildirib.
P.Vəliyevanın sözlərinə görə, Sumqayıtdan sonra ölkədə ikinci ən böyük sənaye parkı olacaq Naxçıvan Sənaye Parkının təməlinin qoyulması yeni iş yerləri və iqtisadi canlanma deməkdir: “Sosial infrastruktur üzrə “ASAN xidmət" və "DOST" mərkəzlərinin fəaliyyəti, o cümlədən, kənd təsərrüfatı və suvarma layihələri əhalinin rifahına birbaşa xidmət edəcək. Enerji təhlükəsizliyi və şaxələndirmə isə burada xüsusi əhəmiyyətlidir. Regiondakı mövcud risklər və enerji böhranları fonunda Naxçıvanın dayanıqlı enerji təminatı hər zaman prioritet olub. Muxtar respublika artıq 100% qazlaşdırılıb və mövcud 200 meqavatlıq generasiya gücü daxili tələbatı tam ödəyir. 300 meqavatlıq yeni istilik elektrik stansiyasının inşası isə generasiya gücünü iki dəfədən çox artıracaq”.
Deputat qeyd edib ki, Naxçıvan, həm də Azərbaycanın yaşıl enerji zonalarından biridir: “Elektrik avtobuslarından və günəş enerjisindən istifadənin genişləndirilməsi ilə Naxçıvanın 2050-ci ilədək xalis sıfır karbonlu əraziyə çevrilmək potensialı var və bu istiqamətdə artıq öhdəliklər götürülüb. Burada 500-1000 meqavatlıq günəş potensialı mövcuddur. Naxçıvan artıq yalnız Azərbaycanın ayrılmaz hissəsi olan strateji bir ərazi kimi deyil, regionun yeni nəqliyyat və iqtisadi arxitekturasının mühüm qovşaqlarından birinə çevrilir. 8 avqust Vaşinqton razılaşmalarından sonra 35 ildən artıq bir müddət ərzində (hava əlaqəsi istisna olmaqla) Azərbaycanın əsas hissəsindən təcrid olunmuş strateji əhəmiyyətli Naxçıvan nəhayət ki, Zəngəzur dəhlizinin tam fəaliyyətə başlaması ilə avtomobil yolu, dəmir yolu və digər bağlantılarla Azərbaycanın digər ərazilərinə birləşəcək”.
O əlavə edib ki, bu, yalnız Azərbaycanla Naxçıvan arasında maneəsiz və çoxmodallı bağlantının təmin edilməsi demək deyil: “Naxçıvan, eyni zamanda, Avropanı Asiya ilə birləşdirən Orta Dəhlizin əsas həlqələrindən birinə çevriləcək. Çoxmodallı dəhliz dedikdə, bu marşrut təkcə dəmir və avtomobil yollarını deyil, həm də elektrik xətlərini, fiber-optik kabelləri və gələcəkdə bəlkə də neft-qaz kəmərlərini birləşdirəcək. Bu yolların ətrafında iqtisadi fəallıq, yeni iş yerləri, turizm, ticarət, mədəni mübadilə və insanların rifahı artacaq. Naxçıvanın strateji mövqeyi onu regionun əvəzolunmaz nəqliyyat və enerji qovşağına çevirir. Zəngəzur dəhlizi (TRİPP layihəsi) qlobal əhəmiyyətli layihədir”.
Deputat həmçinin bildirib ki, iqtisadi dividendlərə gəldikdə isə, əhliz vasitəsilə ilkin mərhələdə 1,5 milyon, gələcəkdə isə 15 milyon tondan çox yükün daşınması planlaşdırılır ki, bu da Naxçıvanda böyük iqtisadi canlanmaya və yeni iş yerlərinə səbəb olacaq: “Marşrutun Türkiyə ilə birləşdirilməsi regional və qlobal miqyasda böyük əhəmiyyətə malikdir. Mərkəzi Asiyadan Transxəzər marşrutu vasitəsilə Türkiyəyə və oradan Avropaya uzanan bu xətt ticarətdə fasiləsiz nəqliyyat bağlantısının yaradacaq və Şərq-Qərb, eləcə də Şimal-Cənub nəqliyyat dəhlizləri boyunca yerləşən tranzit ölkələr üçün əhəmiyyətli faydalar yaradacaq. Təsadüfi deyil ki, Avropa İttifaqı (Aİ) da layihəyə öz marağını ifadə etmiş, Avropa Yenidən Qurma və İnkişaf Bankı Naxçıvan dəmiryollarının texniki-iqtisadi qiymətləndirməsini aparır. Aİ dəmiryolunun inşasında investisiyaya maraqlıdır”.
Röya İsrafilova